ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı video
görüntülərdə vasitəçi qismində adı hallan Sevinc Babayevanın oğlu
Ayxan Məmmədov növbəti dəfə istintaqa çağırılıb. Bu barədə APA-ya A. Məmmədov özü məlumat verib. A.
Məmmədov qeyd edib ki, o, istintaq qrupunun dəvəti ilə bir neçə gün
əvvəl Bakı Şəhər Prokurorluğunda olub. Ona cinayət işinin hazırkı
mərhələsi, anasının ölümünün araşdırılması və digər məsələlər
barədə məlumat verilib: "Mənə dedilər ki, hazırda istintaq
tədbirləri davam etdirilir, müəyyən detallar üzərində iş aparılır.
Bundan başqa, mənə bildirdilər ki, hər şey obyektiv araşdırılacaq.
Anamın Türkiyəyə kimin təklifi ilə getməsi, orada kiminlə
görüşməsi, Gülər Əhmədovanın və onun ailə üzvlərinin bu prosesdə nə
kimi rolunun olması araşdırılacaq".
Qeyd edək ki, Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin
178.3.2-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə axtarışda
olan Sevinc Babayeva Türkiyənin "Medicana International İstanbul
Hospital" xəstəxanasında vəfat edib. Xəstəxanadan verilən ilkin
məlumata görə, S. Babayeva həmin tibb müəssisəsinə başqa ad və
soyadla (Məryəm Solmaz) daxil olub və ürək çatışmazlığından vəfat
edib. Azərbaycanın Baş prokuroru xüsusi tapşırıq qaydasında
Azərbaycan Ədliyyə Nazirliyi vasitəsi ilə Türkiyə Ədliyyə
Nazirliyinə müraciət edərək Azərbaycanın hüquq-mühafizə
orqanlarının əməkdaşlarının ekspertizanın aparılmasında iştirak
etməsi barədə məsələ qaldırıb və bu məqsədlə Azərbaycan
Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşları Türkiyə
Respublikasına ezam olunublar.