Azərbaycanı pula satanlar

23 Yanvar 2013 07:37 (UTC+04:00)

Məlumdur ki, Böyük Britaniyanın Azərbaycan və Ermənistandakı səfirliklərinin dəstəyi ilə Publicdialogues.info adında sayt yaradılıb. Layihə Ermənistandakı "Region" Araşdırma Mərkəzi və Azərbaycandakı Sülh və Demokratiya İnstitutu tərəfindən həyata keçirilib. Saytın azəri yaradıcılarından olan Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus bildirir ki, əsas məqsəd azərbaycanlılar və ermənilər arasında qarşılıqlı anlaşmanın və məlumatların ilk əldən təsdiqinə xidmət etməkdir.

Amma təbii ki, Azərbaycan - Ermənistan münasibətlərini, Dağlıq Qarabağ və ətraf rayonların işğalını nəzərə alaraq bu cür əməkdaşlığın qəbul olunması mümkün deyil.

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov da "Mövqe"yə açıqlamasında bildirir ki, bu fəaliyyət Leyla Yunus üçün yenilik deyil: "Bir azərbaycanlı ermənilərlə bir yerdə fəaliyyətə başlayıb, onunla birgə sayt yaradırsa, buna yalnız mənfi münasibət bəslənə bilər. Bu birgə fəaliyyətin də Azərbaycan - Ermənistan münaqişəsinə təsir ehtimalı inandırıcı deyil. Bu təsir demək olar ki, yox səviyyəsindədir. Saytın da fəaliyyətinin davam etdirib-etdirməməsini Leyla Yunusun özü bilər".

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirir ki, söhbət milli maraqlardan gedirsə, burada şəxsi münasibətlər rol oynamır: "Bu prosesə 2-3 ay əvvəl başlayıblar. O vaxtlar saytın mahiyyətinin nədən ibarət olması bilinmirdi. Leyla Yunus bunun Azərbaycan cəmiyyətində pis qarşılanacağını yəqin edirdi. Müəyyən hazırlıq işləri aparırdı. Saytın təqdimatında bizim də iştirakımız təklif edilmişdi. Leyla Yunus belə təqdim etmişdi ki, biz burada ermənilərə istənilən sualı verə, onları ifşa edə bilərik. Saytın təqdimatı yaxınlarda olsa da, sayt 3 aydır ki, fəaliyyətdədir. Həmin saytda ermənilərlə açıq - aşkar əməkdaşlıqdan söhbət gedir. İnformasiya mübadiləsi, müəyyən məsələlərin müzakirəsindən, sülhdən, dostluqdan söhbət gedir. Bu da qətiyyən Azərbaycanın maraqlarına cavab vermir. Burada əsas mahiyyət ondan ibarətdir ki, ermənilərlə Azərbaycan cəmiyyəti arasında bir dialoq yaratmağa çalışırlar. Biz bunun qəti əleyhinəyik. Həmin saytın təqdimatında bizim təşkilatdan olaq qadınlar getmişdi. Təşkilatın sədr müavini Gültəkin Quliyeva, üzvlərimiz Almaz Allahverdiyeva və digərləri iştirak edib, öz mövqelərini ortaya qoydular. İş o həddə çatıb ki, tədbir dağılmaq ərəfəsinə çatdı. Biz onları başa salırıq ki, siz düşmənlə əməkdaşlıq edirsiniz. Bu gün dialoq, danışıq yolu ilə məsələnin həlli yoxdur. Ermənilərlə nəyin dialoqunu aparacağıq ki?! Orada xarici ölkənin səfirləri də iştirak edirlərmiş. Onlar da məsələyə Leyla Yunusdan və bəzi müxalifət qəzetlərindən daha obyektiv yanaşıblar. Bəzi qəzetlərin səhərki buraxılışlarında bizim nümayəndəmizi təxribatçı adlandırmışdılar. Biz deyirik ki, ermənilərlə əməkdaşlıq etmək olmaz. Bu təxribatdır. Leyla Yunusun hərəkətləri isə xəyanətdir. Biz istəyirik ki, o saytın fəaliyyətini dayandırsınlar. Amma dayandırmasalar, biz başqa qabaqlayıcı formalar da fikirləşmişik. Saytın haker hücumu ilə dağıdılması və s. kimi formalar üzərində düşünürük. Leyla Yunus deyir ki, biz onlarla dialoq qurmalıyıq. Cəfər Cabbarlıdan misal gətirərək bildirir ki, vaxtı ilə biz ermənilərlə dost olmuşuq. Amma Leyla xanım unudur ki, bizə gülləni həmişə erməni atıb. Kiminsə onlardan istifadə etmələri isə başqa bir məsələdir. Odur ki, burada heç bir dialoqdan söhbət gedə bilməz. Məşhur "Xaç atası" filmində deyilir ki, sənə kimsə "gəl barışaq" desə, bil ki, o, sənə xəyanət edib. İndi biz də həmin vəziyyətdəyik. Kim bu gün uşaq qatili olan ermənilərlə dialoq deyirsə, o, Azərbaycan millətinin düşmənidir. Bu gün ermənilər dialoqa meyl edir. Serj Sarkisyan son sayıqlamasında deyir ki, biz dialoq tərəfdarıyıq. Bu gün də dialoq deyən erməni quldurlarının siyasətlərinə xidmət edir, deməkdir. Ona görə də bu sayt da bu xidməti göstərir".

Akif Nağı bildirir ki, saytı Böyük Britaniya səfirliyi maliyyələşdirir: "Britaniyanın özünə deyən yoxdu ki, 300 il dünyanın 10 faizini əsarətdə saxlamısınız. Bu gün Argentinanın torpaqlarını qaytarmaq istəmirsiniz. Bunlar başqasına ağıl verməkdə ustadırlar. Leyla Yunus kimi adamlar Ermənistanda və Azərbaycanda beynəlxalq dələduzlardır. Leyla Yunusun ofisini dağıdanda hökumətdən 600 min manat pul aldı. Ermənilər də bizlərin evini alıb. Sadəcə, bunlar insanların göz yaşları, şəhid qanına güzəştə getməklə pul qazanırlar".