Sənədsiz evlər probleminin həlli uzanır

23 Yanvar 2013 08:10 (UTC+04:00)

Azərbaycanda hələ də sənədsiz evlərlə bağlı məsələ tam həllini tapmamış olaraq qalır. Ölkədə ümumilikdə 450 minə yaxın sənədsiz ev və ya torpaq sahəsi mövcuddur. Onun da böyük əksəriyyəti paytaxtda və onun ətrafında cəmləşib. Sənədsiz evlərlə bağlı məsələnin həll olunmaması fonunda isə bundan həm əhali əziyyət çəkir, həm də vergi toplanışı məsələsində problemlər yaranır.

Lakin buna baxmayaraq, hələ də sözügedən məsələ tam çözülməmiş qalır. Görəsən, prosesin ölü nöqtədən tərpənməsinə əngəl olan nədir?

"MBA Konsaltinq" Şirkətinin rəhbəri Nüsrət İbrahimlinin fikrincə, sənədsiz evlərin qeydiyyatı məsələsinin həll olunmamasına obyektiv və subyektiv amillər əngəl olur: "Böyük ehtimalla sənədsiz evlərin qeydiyyatı məsələsinə də bir son qoyulacaq. Amma bu prosesin nə vaxt olacağını demək çətindir. Bir şey aydındır ki, sona qədər belə davam edə bilməz. Güman edirəm ki, hökumətdə sənədsiz evlərin qeydiyyatı məsələsi istiqamətində müəyyən müzakirələr aparılır. Belədə nə vaxtsa həmin istiqamətdə qərar olacaq. Prosesin tənzimlənməsinə bir çox məqamlar maneə olur. Bu maneələr arasında obyektiv və subyektiv məqamlar mövcuddur. Subyektiv amillər olaraq onu deyə bilərəm ki, sənədsiz evlərin qeydiyyatının ləngiməsi yəqin kiminsə maraqlarının tapdanması ilə əlaqədardır. Obyektiv amillər isə sənədsiz evlərin çoxluğundan qaynaqlanır. Ona görə də bu istiqamətdə işlər həddən artıq çoxdur. Bu məsələnin həllinin qulpundan yapışdıqda problemlərin hətta birə on artdığının da şahidi ola bilərik. Çünki bu halda hər bir evə yanaşmalar müxtəlif olmalıdır, insanların mülkiyyət hüququ, taleyi, yaşayış məskənləri kimi məsələlər də həll olunmalıdır. Ona görə də həll prosesi heç də asan məsələ deyil".

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev isə bu qənaətdədir ki, sənədsiz evlərin qeydiyyatı məsələsinin həlli əhali üçün gözəl bir addım olardı: "İndilikdə isə əhali problemin həll olunmaması səbəbindən çox əziyyət çəkir. "Asan xidmətin" işə salındığı zaman gözləmək olardı ki, sənədsiz evlərin qeydiyyatı məsələsi də bu yolla nəhayət öz həllini tapa bilər. Amma araşdırmalardan məlum olub ki, "asan xidmət"ə ancaq təkrar qeydiyyat məsələsini daxil ediblər. Yəni kiminsə evinin "kupça"sı varsa, alqı-satqı zamanı bu işi həmin xidmət vasitəsilə asanlıqla həyata keçirə bilər. Əsas iş olan sənədin alınması məsələsi isə hətta "asan xidmət" prosesində belə həllini tapa bilmədi. Fikrimcə, sənədsiz evlərin qeydiyyatı məsələsi həllini tapsa, təkcə insanların problemi həll olunmayacaq, prosesdən həm də bələdiyyələr qazanar. Fiziki şəxslərdən əmlak vergisi bələdiyyələr tərəfindən yığılır. Lakin evlərin sənədsiz olması nəticəsində bələdiyyələr həmin gəlirdən məhrum olublar. Məmur özbaşınalığı bu işdə başlıca əngəldir. Az qala hər evdən müəyyən qədər vəsait bəzi insanların cibinə çatır. Onlar da bunu itirmək istəmədiyindən prosesin həllinə maneəçilik yaradırlar. Hökumət məsələ barədə öz iradəsini ortaya qoysa, məsələ fikrimcə, yaxın zamanlarda həllini tapar".