İşsizlik probleminin həllində daha bir mühüm addım

13 Dekabr 2016 08:00 (UTC+04:00)

Azərbaycanda İşə Düzəltmə Mərkəzi təsis edilə bilər.  Bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli istisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə deyilir. 

Qeyd olunur ki, Azərbaycanda artıq icrasına başlanmış layihələr davam etdiriləcək, o cümlədən əmək məhsuldarlığı sahəsindəki fəaliyyətlərin nəticələrini izləmək üçün monitorinqlər keçiriləcək. Fəaliyyət prinsiplərini əsas tutaraq, ölkənin gələcək inkişafı yeni təkmilləşdirmə planları əsasında qurulacaq. Əmək məhsuldarlığının artırılması istiqamətində fəaliyyət planının hazırlanması və icrası prosesində effektiv beynəlxalq təcrübələrdən istifadə olunması zəruridir. Fəaliyyət göstərən istehsal müəssisələrində insan resursları üzrə bacarıqların təkmilləşdirilməsi və inkişaf etdirilməsi, klasterli inkişaf üçün işçi qüvvəsinin hazırlanması və təkrar hazırlanması prosesi davam etdiriləcək, işə qəbul və təlim mexanizmini təkmilləşdirmək üçün müxtəlif stimullaşdırıcı və təşviqedici tədbirlər həyata keçiriləcək.
Kommersiya təşkilatlarında işə qəbul prosesinin asanlaşdırılması və çevik mexanizmin qurulması üçün dövlət tərəfindən yerli işədüzəltmə mərkəzinin təsis edilməsi nəzərdən keçiriləcək. Müxtəlif sektorlarda əmək bazarının tələblərinə cavab verən perspektivli işçilərin hazırlanması məqsədilə mərkəz tərəfindən həyata keçirilən təlimlər tam olaraq dövlət tərəfindən maliyyələşdirilə bilər. 
Müstəqil iqtisadçı-ekspert Yaşar Əsədov bildirdi ki, işsizlik məsələsinin mərkəzləşmiş qaydada həlli prosesə əhəmiyyətli şəkildə təsir göstərəcək: “Aydın məsələdir ki, işsizliklə bağlı problemlərin əsaslı həllini ancaq mərkəzləşmiş qaydada, planlı şəkildə həll etmək daha effektlidir.  Prosesin səpələnmiş halda həyata keçirilməsi fonunda isə işsizlik probleminin ciddi şəkildə həllinə nail olmaq çətin məsələdir. Bu halda proses lokal xarakter kəsb edəcək. Belədə ancaq məsələ konkret bir ərazidə həllini tapacaq. Amma məsələnin İşə Düzəltmə Mərkəzinin yaradılması ilə mərkəzləşdirilmiş qaydada həlli işsizliklə bağlı problemlərin daha sürətli həllinə imkan verəcək. Yəni işsizlik məsələsini ancaq dövlət resurslarının cəlb edilməsilə həll etmək mümkündür. Bu mənada da ümid edirəm ki, İşə Düzəltmə Mərkəzinin yaradılması problemin əsaslı şəkildə çözülməsində mühüm rol oynayacaq. 
Problemə açıq gözlə baxaraq, düzgün qiymətləndirərək ona qiymət vermək gərəkdir. Bu istiqamətdə dəqiq işlənmiş proqram olmalıdır. Ona görə də işsizliklə mübarizə məsələsi həqiqətən də çoxmiqyaslı problemdir.  Məsələnin ciddi həlli üçün ardıcıl kompleks proqram olmalıdır”. 
Milli Məclisin iqtisadçı deputatı Vahid Əhmədov da o qənaətdədir ki, İşə Düzəltmə Mərkəzləri Azərbaycanda işsizlik probleminin kökündən həllində mühüm rol oynayacaq: “Hazırda ölkədə işsizlə bağlı bir sıra məşğulluq mərkəzləri fəaliyyət göstərir. Bu idarə və mərkəzlər də mütəmadi olaraq yarmarkalar keçirir, müəyyən yardımlar göstərirlər.  Yəqin ki, İşə Düzəltmə Mərkəzinin başqa tərkibi və strukturu olacaq. 
Belə bir qurumun yaradılması əlbəttə ki, mühüm hadisədir. Çünki hazırda işə düzəltmə məsələsində müəyyən problemlər mövcuddur. Ölkədə bir sıra kənd təsərrüfatı, sənaye obyektləri tikilir. İnsanları bu obyektlərə cəlb etmək üçün ixtisaslaşmaya uyğun olaraq belə bir mərkəz yaradılır. İşə Düzəltmə Mərkəzinin yaradılması birmənalı şəkildə işsizliklə bağlı problemin sürətli həllinə müsbət təsir göstərəcək”. 
Rüfət NADİROĞLU