Kommunal xidmət sahələri özəlləşdirilir?!

13 Dekabr 2016 09:30 (UTC+04:00)

Azərbaycanda kommunal xidmətlər sahəsində səmərəliliyin və keyfiyyət səviyyəsinin təmin edilməsi məqsədilə özəl sektorun iştirakı nəzərdən keçirilə bilər. Bu barədə Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində deyilir. “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd edildiyi kimi, dəyər zənciri üzrə elektrik enerjisinin istehsalının, ötürülməsinin, paylanmasının və satışının bir-birindən ayrılması və liberallaşdırılması dünya təcrübəsində artıq sınaqdan keçirilib. Bu təcrübə göstərir ki, elektrik enerjisi sektorunun liberallaşdırılması müxtəlif yollarla, o cümlədən 1) “Tik–idarə et–təhvil ver” (TİT modeli); 2) tam özəlləşdirmə; 3) idarəetməyə verilmə; 4) açıq tipli səhmdar cəmiyyətinə çevrilmə və ya 5) konsessiya müqaviləsi əsasında reallaşır. Bu sektorda özəlləşdirmə, əsasən, istehsal (strateji obyektlər istisna olmaqla) və satış sferalarını əhatə edə bilər. 

Mütəxəssislərin firkincə, özəl sektorun kommunal xidmətlər sahəsinə cəlbi bu sahədə keyfiyyətin artımına səbəb ola bilər. İqtisadçı-ekspert Anar İbrahimov dünya təcrübəsində, kommunal xidmətlərin təmin edilməsi, magistral yolların tikintisi və istifadə edilməsinin özəl sektorlara verilməsi təcrübəsinin olduğunu vurğuladı:  “Ölkəmizdə də kommunal xidmətlərin təmin edilməsi işinin özəl sektora verilməsi ilk növbədə dövlətin idarəetmə yükünün azaldılmasına və xidmətin daha keyfiyyətli təşkilinə xidmət edəcək. Xidmətin daha səmərəli təşkili, onun təşkil edilməsində fasiləsizliyin təmin edilməsi, özəl sektorlar arasında bölünməsi daha effektiv olacaq. 
Bundan başqa, belə hal keyfiyyət artmına səbəb olacaq. Bütün bunlardan əlavə, kommunal xidmətlərin qiymətlərində differensial tarifin tətbiq edilməsi, məsələn pik saatlarda baha, qeyri-pik saatlarda nisbətən ucuz qiymətlərin tətbiqi bu sahənin daha da keyfiyyətli təşkil edilməsinə şərait yarada bilər. Bu, pik saatlarda istər elektrik naqillərində, istərsə də su ötürücü borularda yüklənmənin qarşısını alar və xidmətin fasiləsiz təşkil edilməsində əhəmiyytli irəliləyiş olmasına gətirib çıxarar. Bütün bunları özəl sektor vasitəsilə həyata keçirmək daha asan, daha qısa zamanda, daha keyfiyyətli və daha effektiv ola bilər”.
Digər iqtisadçı-ekspert Fuad İbrahimov da kommunal xidmət sahəsinə özəl sektorun cəlb edilməsinə dünya praktikasında rast gəlindiyini bildirdi: “Onun konkret hansısa modelini Azərbaycan mühitinə uyğunlaşdırmaq olar. Yəni, əgər hansısa modeli uyğunlaşdıra bilsək, kommunal xidmət sahəsinə özəl sektorun cəlbi mümkündür. Ancaq kommunal xidmət sahəsinə özəl sektorun cəlb edilməsinin qiymətlərə necə təsir edəcəyini proqnoz etmək çətindir. Buna rəğmən,  Azərbaycanda kommunal xərcləri stimullaşdırmaqla aşağı salmaq mümkündür. 
Kommunal xidmətləri hansısa özəl şirkətə həvalə etmək o demək deyil ki, həmin şirkət qiyməti istənilən kimi formalaşdıracaq. Hökumət onlara belə ixtiyar verməz. Ona görə də özəl şirkətlər yalnız idarəetmədə, keyfiyyətdə dəyişiklik edə bilər. Nəzərə alaq ki, Azərabaycanda yaxın keçmişdə “Barmek” praktikası olub. Yəni, kommunal xidmət sahəsinə özəl şirkətlərin daxil edilməsi mümkündür. Elə inkişaf etmiş ölkələrin əksəriyyətində də bu model tətbiq olunur və keyfiyyətdə də geri qalmır. Bundan başqa dövlət yükü azalır”. 
Mübariz BAYRAMOV