Ermənistan üçün aprel dərsləri yenidən təkrarlana bilər

13 Dekabr 2016 09:40 (UTC+04:00)

Dekabrın 8-də Hamburqda Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə 3+2 formatında görüş keçirilib. Görüşdə Minsk qrupunun həmsədrləri, habelə Azərbaycan və Ermənistan respublikalarının xarici işlər nazirləri iştirak ediblər. Görüşdən sonra iştirakçılar adından həmsədrlər birgə bəyanat veriblər. “Qəribə”dir ki, Ermənistan XİN rəhbəri Edvard Nalbandyan mətbuata müsahibəsində görüş zamanı aparılan söhbətin məğzini təhrif olunmuş şəkildə ictimaiyyətə çatdıqmağa tərəddüd etməyib. Bu isə aparılan danışıqların mahiyyətini dəyişdirməyə sövq edir. Nalbandyanın müsahibəsi barədə danışan Azərbaycan XİN başçısı Elmar Məmmədyarov bu haqda deyib: “Ermənistan danışıqlar prosesini pozur”. 

Bu ilin aprelində erməni silahlı qüvvələrinin təxribatlarına cavab verən Azərbaycan Ordusu, sözün həqiqi mənasında” erməni qoşunlarının burnunu əməlli-başlı ovub. Bundan dərhal sonra Ermənistan rəhbərliyinin minnətçi düşməsi nəticəsində həmsədr ölkələrin rəhbərlərinin məsələyə qoşularaq cəbhədə davamlı atəşkəsə nail olmaları baş verib. Sülhə sadiqliyini qoruyub saxlayan Azərbaycan tərəfi humanist mövqedən çıxış edərək atəşkəsə əməl edib. Amma düşmən tərəf bu addımı fürsət hesab edərək qoşunlarını gücləndirmək qayğısına qalıb, Rusiyadan daha güclü silahlar tələb etməklə hegemon səviyyəyə çatmaq yolunu tutub. Düzdür, Azərbaycan öz ordusunu kifayət qədər müasir hücum və müdafiə silahları ilə təmin edib, Ermənistan səviyyəsində hər hansı bir dövlətin silahlı qüvvələrimiz üçün qorxusu yoxdur. Amma məsələ gücdə deyil. Əgər kimliyindən asılı olmayaraq, iki nəfər üzbəsurət hansısa məsələni danışıb müəyyən fikirlər söyləyir, şərt kəsirsə, şərtin müddəaları ictimaiyyətə olduğu kimi çatdırılmalıdır. Əks halda bu işin axırı olmaz. Demək, Hamburq danışıqlarının məzmununu təhrif etmək, təsadüfi deyil, erməni xarici siyasət idarəsinin, ümumiyyətlə İrəvandakı siyasi hakimiyyətin məqsədyönlü apardığı pozuculuq fəaliyyətidir. Bəli, ermənilər Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizama salınmasını bilərəkdən pozurlar. 100 il əvvəl Cənubi Qafqazda Azərbaycan torpaqları hesabına tarixdə heç vaxt olmamış erməni dövlətinin yaradılması dövründə olduğu kimi yenə də onlar sülh siyasəti yox, aranı qarışdırıb yeni ərazilər ələ keçirmək oyunbazlığı ilə məşğuldurlar.
Edvard Nalbandyanın KİV-ə açıqlamasında yol verdiyi saxtakarlıqla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev¬ bildirib: “Er¬mənistan ictimaiyyətini aldatmaq üçün ¬yalnız daxili istehlaka ünvanl¬anmış bəyanatlarla çıxış edi¬r. Ermənistan xarici işlər nazirinin özünün¬ dediyi kimi, məhz ATƏT-in Mi¬nsk Qrupunun həmsədrlərinin bəyanatı əsasında məsələləri qiymətləndi¬rmək lazımdır”.
Həqiqətən, 2016-cı ildə ərazilərini işğaldan azad etməkdə qətiyyətli olan Azərbaycan tərəfi düşmən cəbhəsini həm ön cəbhədə, həm də siyasi debatlarda küncə sıxışdırıb. Hərbi-siyasi, diplomatik və informatik məğlubiyyət qarşısında ermənilər duruş gətirə bilmirlər. Onlar ya azərbaycanlıların arqumentləşdirilmiş çıxışlarını oğurlayaraq  tərsinə çevirib öz adlarından bildirir, ya da sadəcə lazımi məqamda aradan çıxmağa üstünlük verirlər. Ancaq daha Azərbaycanın güzəşt limitləri bitib. Ermənilər ya danışıqlar stolu arxasında sülhə doğru istiqamət götürməli, ya da döyüşdə azərbaycanlılarla üzə gəlməlidirlər. Bu isə onlara baha başa gələr. Bu səbəbdən hər addımda yalan və böhtandan, saxtakarlıqdan istifadə edərək məsuliyyətdən qaçmağa çalışırlar. Bu minvalla Ermənistan rəhbərliyi hara qədər gedəcək məlum deyil, amma Azərbaycan torpaqlarının erməni işğalından azad olunması mütləqdir. Çünki, Azərbaycan təhriflər və verdiyi sözdən qaçmaqla yox, işlənib hasırlanmış siyasi konsepsiya və mətin silahlı qüvvələrilə münaqişəni nizamlamağa hazırdır.

N.NOVRUZ