İslami dəyərlərə kölgə salanlar

13 Dekabr 2016 09:40 (UTC+04:00)

Bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti tərəfindən müvafiq razılığı olmayan, dini nifrət və ayrı-seçkilik ehtiva edən dini təyinatlı ədəbiyyatın mövcudluğu haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Qaradağ rayonu ərazisində yerləşən iki ünvana baxış keçirilib. Komitənin mətbuat xidmətindən verilən xəbərə görə, baxış zamanı “Qobu yolu” adlanan ərazidə ferma köşkündən 40 adda, digər ünvandan isə 13 adda dini təyinatlı ədəbiyyat və 13 ədəd DVD disk aşkar edilərək götürülüb. Din sahəsində qeyri-qanuni fəaliyyəti şərh edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib ki, bu gün bəzi qüvvələrin gözü Azərbaycanı götürmür. A.Paşazadə qeyd edib ki, həmin qüvvələr dindən istifadə edərək bizə, dövlətçiliyimizə zərər vurmaq istəyirlər: ”Din pərdəsi altında ölkəmizdə terror hadisələri törətmək istəyirlər. Ancaq biz heç zaman buna imkan verməməliyik, diqqətli olmalıyıq, təbliğat işlərini gücləndirməliyik”.

Şeyxülislamın sözlərində böyük həqiqət var. Türk dünyası hazırda böyük hadisələr ərəfəsindədir. Dünyada güdən siyasi proseslər nə qədər intensivləşsə də, böyük türk ölkələrinə bəzi dövlətlərin qısqanc münasibət bəsləməsi, onların dünyanın siyasi və iqtisadi orbitində yer almalarına dözümsüz yanaşmaları göz qabağındadır. Azərbaycan bu siyasətin mərkəzində yer tutur. Bunun bariz sübutu Dağlıq Qarabağda törədilmiş münaqişənin 25 il ərzində həll olunmadan davam etməsidir. 
Hüquq mühafizə orqanları, bəzi beynəlxalq təşkilatlar dəfələrlə Azərbaycanın haqlı olduğunu, Qarabağın işğal edilmiş ərazilərində narkotik ticarətin inkişaf etdiyini, orada beynəlxalq terrorçu təşkilatların bazalarının yaradılması haqda təkzibolunmaz sübutlar göstərilsə də, supergüc dövlətlərin dəstəyi və bilavasitə iştirakı ilə heç bir tədbir görülmür. Bu azmış kimi Azərbaycana da siyasi dəstək göstərilmir ki, öz ərazisinin təhlükəsizliyini təmin etsin. Bütün bunlar bir yana hələ dünyada dini tolerantlıq nümunəsi olan Azərbaycanda hadisələri dini zəmində qızışdırmaq, araya nifaq salmaq və bu yolla öz çirkin məqsədlərini həyata keçirmək istəyirlər. Məqsəd isə bəllidir: müxtəlif dinlərin və təriqətlərin təmsilçiləri olan insanların birgəyaşayış modelini yaratmış ölkədə iğtişaşlar törətmək, xalqda inamsızlıq yaratmaq və geostrateji məqsədlərə çatmaq. Bunun üçün terror və dini düşmənçilik “gözəl” vasitədir. Məsələ burasındadır ki, dini yaymaq pərdəsi altında əsasən Qafqazda maraqlar güdən xrtistian dövlətləri çıxış edir. Təbii ki, Azərbaycanın öncül rolunu görmək istəməyən yalançı müsəlman qrupları da mövcuddur. 
Dini qurumların təhlükəsizlik xidməti ilə keçirdiyi yoxlama bunu sübut edir. Əvvələn, dinin təbliği fəaliyyəti çərçivəsində İslam dininə yad olan təriqətlər təbliğ olunur, yəni insanları dini saxtakarlığa cəlb etməyə çalışırlar. İkincisi, əgər təbliğat həqiqətən dinlə bağlıdırsa, onda niyə əldə olan ədəbiyyatı aparıb mal-heyvan saxlanılan fermada mgizlədirsən? Düz adamsansa, gəl bu qədər abad məscidlər var, orada  təbliğatını apar. Yox, məqsəd açıq-aydın insanlar arasına etimadsızlıq toxumu səpməkdir.
Azərbaycan cəmiyyəti bu cür sınaqlardan çox çıxıb. İndiki ağır dövrdən də bacarıqla çıxacaq. Gərək unudulmasın ki, bütöv cəmiyyətin multikultural və multikonfessial dəyərlərə yiyələnməsi asan başa gələn proses deyil. Bunun üçün tarixin keçməkeşli dolaylarında sınaqlardan keçməlisən. Təsadüfi deyil ki, cəmiyyətimiz qazandığı müasir dəyərlərə görə dünyada yeganədir. Buna görə də təfriqatçı qruplar nə qədər səy göstərsələr də Azərbaycan xalqının dayaq nöqtəsini məhv edə bilməyəcəklər. Bu, xalqın birliyidir. Birlik olan yerdə həmişə dirilik olur. 

N.NOVRUZ