Prezident İlham Əliyev CNN-ə müsahibə verib

23 Yanvar 2013 12:50 (UTC+04:00)
İsveçrənin Davos şəhərində keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində prezident İlham Əliyev CNN telekanalının məşhur müxbiri Riçard Kvestə müsahibə verib. İlk öncə dövlət başçısı Azərbaycanın qapılarının hər kəsə açıq olduğunu vurğulayıb. Bu forumun isə ölkəni tanıtmaq üçün ən yaxşı imkan olduğunu söyləyib. Riçard Kvest hazırda Azərbaycanın Rusiyanın "Rosneft" şirkəti ilə müqavilə imzalayan bp şirkətinin ruslardan ölkəyə qarşı təzyiq vasitəsi kimi istifadə etməsindən nə dərəcədə narahatlıq keçirdiyi haqda sual ünvanlayıb.
Prezident İlham Əliyev isə əslində heç bir narahatlığın olmadığını deyib. Dövlət başçısı bildirib ki, bp Azərbaycanda 1994-cü ildən, yəni artıq 20 ildir fəaliyyət göstərir: "Dostluq və qarşılıqlı tərəfdaşlığa əsaslanan münasibətlərimiz var. Bundan başqa, əməkdaşlığımız bundan sonra ən azı 20 il də davam edəcək. Bizim bp ilə reallaşması gələcəyə hesablanmış layihələrimiz var. Buna görə də düşünmürəm ki, bp digər tərəfdaşları ilə qarşısına hansısa məqsədi qoyub".
Dövlət başçısı müsahibəsində qlobal iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsiri ilə bağlı sualı da cavablandırıb. O, Azərbaycan iqtisadiyyatının ümumilikdə çox stabil olduğunu və hətta böhran illərində də inkişaf etdiyini deyib: "Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir. Son 10 ildə ÜDM üç dəfə artıb. İndi iqtisadiyyatımız hərtərəfli inkişaf edib. Artıq tək enerji sektorunda deyil, qeyri-neft sektoruna da sərmayə cəlb etmək bu gün qarşıya qoyulmuş əsas vəzifədir. Əsasən informasiya texnologiyaları, yüksək texnologiya və xidmətləri nəzərdə tuturam".

Daha sonra prezident İlham Əliyev Avropa Birliyi ilə müqayisədə ABŞ iqtisadiyyatının daha stabil olduğunu qeyd edib.