Qərbin ikiüzlü terror siyasəti

14 Dekabr 2016 08:00 (UTC+04:00)

Məlumdur ki, dekabrın 10-da İstanbulun Beşiktaş rayonunda PKK növbəti terror aktı törətdi. Nəticədə 44 nəfər şəhid olub, 155-dən çox insan yaralandı. Terror aktının məsuliyyətini PKK üzərinə götürüb. Amma terrorla mübarizə apardıqlarını iddai edən Avropa ölkələrində, o cümlədən Avropa Parlamentində terrorçular sərbəst fəaliyyət göstərir. Eyni zamanda ABŞ PKK-nın Suriya və İraqdakı qollarına silah yardım edir. Hətta Türkiyənin "Haber7" saytının yaydığı məlumata görə, İstanbulda törədilən terrordan qısa müddət əvvəl ABŞ-ın vəzifəli şəxsləri Suriyada və İraqda terrorçu PKK-nın təmsilçiləri ilə görüşüblər. Saytın bildirdiyinə görə, terrordan əvvəl Suriyada “YPG” və “PYD”nin başçıları, Vaşinqtonun İraqın Ərbil şəhərindəki baş konsulu Ken Qross isə bu ölkənin şimalındakı Şengal dağında terrorçu PKK təmislçiləri ilə görüşüb. Bütün bunlar Qərbin həyata keçirdiyi ikili siyasətdən növbəti dəfə xəbər verir. Səbəb də Türkiyəyə qarşı olan münasibət və öz maraqlarıdır.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri,  politoloq Araz Aslanlı bildirdi ki, əsrlərdir, Qərbdə dəyərlər və maraqlar qarşıdurması yaşanır: “Hətta bunu ABŞ-da baş vermiş vətəndaş müharibəsinə qədər aparmaq olar. Müxtəlif dövrlərdə Avropanın özündə gedən mübahisələri də qeyd edə bilərik. Yəni, Qərbdə daim dəyərlər və maraqların qarşıdurması yaşanıb. Amma müasir beynəlxalq münasibətlərin qurulandan, 20-ci əsrin ortasından sonrakı dövrdə daha təzadlı vəziyyət yaranıb. 
Bir yandan sülh, insan hüquqları, birgə yaşama kimi dəyərlər təbliğ olunur, digər yandan isə dünyadakı müharibələrin tərəflərinə kimlərsə yardım edir. Münaqişələrlə bağlı atılan addımlar onun həllinə yox, davamına yönəlib. Terror fəaliyyətinin də tarixi qədimdir. Amma xüsusən ABŞ-da baş vermiş 11 sentyabr hadisəsindən sonra terror məsələləsi daha da aktuallaşdı. Ondan əvvəl də Türkiyə bu problemi yaşayırdı. Lakin 11 sentyabr hadisəsindən sonra Qərb guya terrora münasibəti dəyişdi. Görünən isə odur ki, Qərbin ondan sonra da terrora münasibət dəyişmədi. PKK terroruna Qərb dövlətlərindən 1980, 1990-cı illərdə də dəstək olub. Düzdür, 11 sentyabr hadisəsindən sonra Qərb, ABŞ terrora münasibətinin dəyişəcəyini demişdi. Lakin dəyişmədi. Öz ölkələrində terrorla bağlı təhlükə olan anda ən radikal qəraralar qəbul edirlər, ən sərt addımlar atırlar. İngiltərədə şübhəli adam polisin xəbərdarlığına fikir vermədiyinə görə birbaşa başından güllələndi və bu, heç müzakirə mövzusu da olmadı. Amma Türkiyədə terrorçu həbs olunarkən ona bəslənən münasibət Qərbdə müzakirə mövzusuna çevrilir ki, terrorçu həbs olunarkən ona tam hüququ münasibətdə davranılıb yoxsa, yox. Bu, hüquqi dəyərlərə xəyanətdir. Məsələnin ən pis tərəfi isə PKK terrorçularına müxtəlif dəstəyin verilməsidir. Bu da beynəlxalq münasibətlərin ruhunda ideal dəyərlərin olmamasından qaynaqlanır. Faktiki olaraq, beynəlxalq münasibətlər maraqlar üzərində qurulub. Lakin Qərb anlamalıdır ki, beynəlxalq münasibətləri ayaq altına alması növbəti mərhələdə özlərini də qurbana çevirə bilər”.
Milli Məclis Aparatının Analitik informasiya şöbəsinin müdiri, politoloq Aydın Ağayev bildirdi ki, Qərb dünyasının bu ikili siyasəti Türkiyəyə olan münasibət ilə bağlıdır: “Türkiyə onların görmək istədikləri kimi qalmır. Türkiyənin bu gün dünyaya demokratik, bəşəri dəyərlərə hömət edən dövlət kimi özünü göstərməyə haqqı var. 
Bu gün Türkiyə ətrafında “cəhənnəm zolağı” yaradılıb. Türkiyə regionun böyük dövləti kimi həmin dəhşətli hadisələrə öz münasibətini bildirməlidir. Görünən isə odur ki, böyük güclər Türkiyəni bu məsələdə tanımaq istəmirlər. Qurduqlar ssenari əsasında Türkiyə də daxil olmaqla hadisələrin istədkiləri şəkildə davam etməsinə çalışırlar. Hadisələrin indiki inkişafı  isə ancaq dağıdıcılıq gətirir. Bu dağıdıcı porseslərdə Türkiyənin vahid dövlət kimi mövcudluğuna şübhə yaradan elementlər də iştirak edir”.
Aydın Ağayev əlavə etdi ki, Türkiyə onlarla problemi həll etməyə çalışdı, amma alınmır: “Çünki, həmin qüvvələrin Avropadan, ABŞ-dan  dəstəyi var. Artıq neçənci dəfədir ki, dinc insanları hədəfləyən terror aktı həyata keçirirlər.   Amma elə ki, Türkiyə tədbir görən kimi hansısa Avropa ölkəsindən nəyəsə görə xəbərdarlıq gəlir. Bunlar ikili standartdan xəbər verən amildir. Səbəb isə Türkiyəyə olan pis münasibətdir. 
Türkiyə Avropa İttifaqına daxil olmaq üçün təşəbbüsləri dayandırmayıb. Onlar isə “Türkiyə bunu etməlidir, onu etməlidir” deyirlər. Lakin eyni zamanda Türkiyənin Aİ-yə üzv olması üçün bir əsr lazım olduğunu da bildirirlər. Yəni, ikili siyasət sərgilənir. Türkiyədəki qanlı hadisələrə Avropada baş vermiş terrora münasibətdəki rezonans qətiyyən hiss olunmur.  Böyük dövlət kimi inkişafını, regionda güc sahibi olmasını istəməyən dövlətlər Türkiyənin ətrafında “cəhənnəm zolağı” yaradıblar. Region faciəsinə səbəb olmaqla silah satılır. Bu hadisələri Türkiyənin daxilinə salmağa çox çalışdılar. Türkiyə bunlardan qaçmaq, dövlət suverenliyini möhkəmləndirmək, terroru məhv etmək üçün hansısa tədbir həyata keçirəndə isə Qərbdən deyirlər ki, insan hüquqlarını pozmayın, ifadə azadlığına riayət edin. Ölkə viran olur, bunlar insan azadlığından danışırlar”. 
Mübariz BAYRAMOV