Manatın məzənnəsi gələn il daha çevik dəyişəcək

14 Dekabr 2016 09:30 (UTC+04:00)

Tam üzən məzənnə rejiminə keçid həyata keçirilməlidir və bu baxımdan, ilk növbədə yaxın və orta müddətli dövrdə məzənnə siyasətinin əsas strateji hədəfi kimi idxalın əvəzlənməsi siyasətinin dəstəklənməsi prioritet seçilə bilər.

Bu barədə Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində qeyd edilib. Bu fonda Tədbirlər Planına əsasən, tam “üzən məzənnə“ rejiminə keçid 2017-ci ildə təmin olunacaq. Burada əsas icraçı Mərkəzi Bank, digər icraçılar isə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasıdır. Tam üzən məzənnə rejiminə keçid manata nə vəd edir? 
İqtisadçı-ekspert Cümşüd Nuriyev düşünür ki, manatın tam üzən məzənnə rejiminə keçmək üçün ona lazım olan bütün hazırlıqlar həyata keçirilməlidir: “Tam üzən məzənnə o vaxtı olur ki, onu bazar  müəyyənləşdirir. Həm də onun koridoru, yəni aşağı, yuxarı həddi olur. Azərbaycanda isə bu həd ümumən gözlənilməyib. Kim necə istəyir, marjanı da o şəkildə müəyyən edirdi. 
Bütün hallarda Azərbaycan manatı üçün üzən məzənnənin uğur gətirəcəyi bir qədər qeyri-müəyyəndir. Manat öz həqiqi qiymətini o vaxtı alacaq ki, tələblə təklif üst-üstə düşsün. İndiki halda isə bu baş vermir. Adətən tam üzən məzənnədə öncə manatın məzənnəsi prosesini bazarın öhdəsinə buraxırlar, sonra da tədricən prosesə dövlət müdaxilə edir. Monetar siyasətlə pul-kredit siyasətini yürütmək ancaq ilkin vaxtlarda lazım idi. İndi isə Azərbaycan alman modelli sırf sosial yönümlü bazar iqtisadiyyatına keçib. Alman modelində isə üzən məzənnə siyasəti yoxdur. Hər halda qəti fikir söyləyə bilmirəm”. 
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev qeyd etdi ki, Azərbaycanda manatın məzənnəsini dünya bazarında neftin qiyməti müəyyən edir: “İndiki şəraitdə əmtəə birjalarında “qara qızıl” son günlər bir qədər bahalaşsa da, hələ də bizə lazım olan həddən ucuz satılır. Təsəvvür edin ki, “üzən məzənnə” siyasəti olsaydı, 2010-2013-cü illərdə 1 dollar 50-60 qəpiyə qədər ucuzlaşa bilərdi. Onda neft nəzərdə tutulandan xeyli baha satılırdı. Amma Mərkəzi Bank daxili bazardan valyuta almaqla dolların ucuzlaşmasına imkan vermədi. Son vaxtlar isə daxili bazara dollar buraxmaq məsələsi gündəmə gəldi. Əgər devalvasiyaya qədər Mərkəzi Bank müdaxilə etməsəydi, dollar azı 2-3 manata qədər bahalaşa bilərdi. Hər iki vəziyyətdə bazara müdaxilə manatı bəlli səviyyədə saxlamağa imkan verdi”.
Rüfət NADİROĞLU