Nikahsızlara dini kəbin kəsən mollalar cəzalandırılacaq
23 Yanvar 2013 15:10 (UTC+04:00)
"Təəssüflər olsun ki, Azərbaycanda hələ də rəsmi qeydə alınmamış
nikahların statistikası yoxdur. Bu da mövcud sahədə daha ciddi
işlərin görülməsi və problemlərin həllinə ciddi mane olur".
Bunu APA-ya açıqlamasında Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Aynur
Veysəlova deyib. O bildirib ki, komitə tərəfindən mövcud məsələ ilə
bağlı Ədliyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinə müraciət
edilib. Onun sözlərinə görə, bu statistikanın aparılması bir sıra
məqamların əvvəldən aşkarlanması və gələcəkdə yarana biləcək
problemlərin qarşısının alınmasına şərait yarada bilər: "Azərbaycan
rəsmi nikah yaşı 18-dən başlayır. Amma ölkədə 18 yaşa kimi
neçə-neçə qız ərə verilir və bu, rəsmi qeydiyyata alınmır. 14-18
yaş arası ərə verilən qızlar barədə rəsmi qeydiyyat aparılsa və
bunun statistikası olsa, onlarla bağlı vəziyyəti araşdırıb daha
ciddi işlər görə bilərik".
A. Veysəlova bildirib ki, erkən nikaha cəlb olunanlar üçün daha çox
dini kəbin kəsilir. Lakin son vaxtlar nikah yaşına çatmayan və
rəsmi nikah sənədi olmayanlara kəbin kəsilməsinin qadağan olunması
barədə din xadimlərinə göstərişin olduğunu deyən komitə rəsmisinin
sözlərinə görə, hansısa dini xadim bunu edərsə, ona qarşı müvafiq
cəza tədbirləri görüləcək: "Belə hallara yol verənlər artıq bu işlə
məşğul ola bilməyəcəklər. Düşünürük ki, artıq rəsmi nikah
şəhadətnaməsi olmadan kəbinin kəsilməməsi erkən nikahların və
bununla bağlı yaranacaq problemlərin qarşısını almağa şərait
yaradacaq".