Rusiyadan Azərbaycana quş idxalına məhdudiyyət qoyuldu - Qripə görə

14 Dekabr 2016 18:30 (UTC+04:00)

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən (BEB) 24 noyabr və 9 dekabr 2016-cı il tarixlərində yaydığı rəsmi məlumatlarda Rusiyanın Kalmıkya Respublikasının Yaşaltinski rayonunda iki məntəqədə və Həştərxan vilayətinin Xarabalinski rayonunda bir məntəqədə ev quşları arasında yüksək patogenli quş qripi (H5) xəstəliyinin yayılması barədə məlumat daxil olub.

Bununla əlaqədar Azərbaycan ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən yüksək patogenli quş qripi xəstəliyi qeydə alındığı üçün Rusiyanın Kalmıkya Respublikasından, Həştərxan vilayətindən, habelə risk zonasına daxil olan Dağıstan Respublikasından, Volqoqrad, Rostov, Stavropol vilayətlərindən və Çerkessk bölgəsindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti olaraq məhdudiyyət qoyulması haqqında əmr imzalanıb.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Trend-ə verilən məlumata görə, Kalmıkya və Həştərxanda ev quşları arasında yayılmış yüksək patogenli quş qripi (H5) xəstəliyi ilə bağlı ölkəmizin bu xəstəlikdən qorunması üçün zəruri baytarlıq-sanitariya tədbirlərinin görülməsi barədə Dövlət Baytarlıq Nəzarət Xidmətinin müvafiq bölmələrinə tapşırıqlar verilib.

Əmrdə dövlət baytarlıq nəzarətində olan digər yüklərin idxalı məsələsinə Rusiya Dövlət Baytarlıq Xidmətinin yükün çıxarıldığı ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında rəsmi arayışı olduğu təqdirdə baxılması qeyd olunub.

Dövlət Baytarlıq Nəzarəti Xidməti quşculuq təsərrüfatlarının rəhbərlərinə və əhaliyə tövsiyə edir ki, quşları baytarlıq-sanitariya tələblərinə riayət etməklə qapalı şəraitdə saxlasınlar.