İslama qənim kəsilən Ermənistana İran yenə hərtərəfli dəstək verir

17 Dekabr 2016 08:00 (UTC+04:00)

Azərbaycanla eyni dini paylaşan İran Ermənistanla əlaqələri genişləndirməkdə davam edir. İran prezidenti Həsən Ruhaninin Ermənistana olan növbəti səfəri də bunun təsdiqidir. 

İran hökuməti özünü həmişə İslam dəyərlərinin müdafiəçisi kimi göstərməyə çalışır. Öz siyasətini də məhz bu istiqamətdə qurduğunu dəfələrlə bəyan edib. Amma İran İslam Respublikası reallıqda heç də özünün doktrina olaraq irəli sürdüyü bu prinsiplərə demək olar ki, əməl etmir. Bunu Ermənistanın timsalında görmək mümkündür. 
Ermənistan müsəlman ölkəsi olan Azərbaycanın Dağlıq Qarabağ daxil, müəyyən ərazilərini işğal edib. Bunu bütün beynəlxalq ictimaiyyət kimi İranda da gözəl bilirlər. Lakin buna baxmayaraq, İslam dəyərlərinin müdafiəçisi qismində çıxış etdiyini bəyan edin bir ölkə işğal siyasəti yürüdən xristian Ermənistanı ilə sıx əlaqələr qurmaqda davam edir. İran bu işğalçı ölkənin xaricə çıxışında sanki bir körpü rolunu oynayır. Ermənistanla iqtisadi əlaqələrini genişləndirir. Bu ölkədə müxtəlif infrastruktur obyektlərinin tikintisinə sərmayə qoyur. Hazırda Ermənistan adlanan ərazidə qədim İslam sivilizasiyasına məxsus tarixi abidələr, məscidlər dağıdılaraq yerlə-yeksan edilib. Özünü İslam dünyasının mərkəzi sayan İran isə ermənilərin bu vandalizminə də göz yumaraq İrəvanla iqtisadi, siyasi sahələrdə olduğu kimi, təəssüf ki, mədəni əlaqələri də genişləndirir.  
Nədən İran üçün müsəlman düşməni olan, məscidləri, İslam dəfərlərini yox etməyə çalışan işğalçı Ermənistanla əlaqələr bu dərəcədə vacibdir? İran niyə belə bir məkirli siyasət yürüdür?


Siyasi şərhçi Sədrəddin Soltan bildirdi ki, əslində, müsəlman ölkəsi olan İranın işğalçı Ermənistanla isti münasibət qurması təkcə ermənilərə görə deyil: “Bu, həm də Rusiya-İran əlaqələrindən doğan bir münasibətdir. Rusiya ilə İran müttəfiqdir. Müttəfiq olduqlarına görə də hər ikisi Ermənistanı müdafiə edir. 
Bundan başqa fars rejimi həm də Ermənistan vasitəsilə Azərbaycana təzyiq etməyi düşünür. İran hakimiyyətinin dünyada ən ehtiyat etdiyi dövlət Azərbaycan Respublikası və onun varlığıdır. Ölkəmizin güclü və yaxud zəif olmasından asılı olmayaraq, Azərbaycan dövlətinin mövcudluğu Tehran hakimiyyətinin yuxusuna həmişə haram qatıb. Ümumiyyətlə, İran İslam Respublikası adlansa da, əslində, rejim fars imperiyası xəyalları ilə yaşayır. Məsələn, İranın qonşu müsəlman dövlətlərinin heç biri ilə xoş münasibətləri yoxdur. İraqda əvvəllər Səddam Hüseynlə münasibətlər yox dərəcəsində idi. Hətta 8 il ərzində bu iki ölkə bir-birilə müharibə də etmişdi. Tehranın zaman-zaman Ankara ilə də münasibətləri gərgin olub. Azərbaycanla üzrə xoşməramlı iqtisadi, siyasi, mədəni əlaqələrdən dəm vursalar da, reallıqda İranın şovinist siyasəti üzündən ziddiyyətlər qalmaqdadır. Həmçinin, İran cənubda yerləşən ərəb dünyası ölkələrilə də heç də yaxşı münasibətlərdə deyil. Bütün bunlar onu göstərir ki, İran İslam adı altında sadəcə olaraq özünü qoruyur. Onun əsasında isə bölgədəki iddialı hikkəsini həyata keçirmək durur. Başqa sözlə, İran bölgənin tək aparıcı gücü olmaq istəyir. 
Bu yaxınlarda İran Ali dini rəhbəri Ayətullah Seyid Xamneyi Fələstinin İslam cihad təşkilatı rəhbərilə görüşündə vurğuladı ki, müsəlman ölkələri bir olmalıdır. İslam dövlətləri hansı əsaslarla bir olsun ki, bu ideyanın daşıyıcısı olan İran İslam Respublikasınn özünün digər müsəlman dövlətlərilə normal münasibətləri yoxdur. İran hakimiyyəti xristian Rusiyası, Venesuela, Çinlə , ərazilərimizi işğal edən Ermmənistanla əlaqələri genişləndirməyə can atır. Amma müsəmlan ölkələrilə münasibətlərdə İranın xristian ölkələrinə bəslədiyi səmimi münasibəti təəssüf ki, görmürük. Ona görə də İran Ermənistan münasibətləri panfarsçılıq ideyasından çıxış etdiklərindən  davamlı surətdə belə olaraq qalmaqda davam edəcək. Hətta bir sıra fars dilçiləri iddia edir ki,  erməni dili ilə fars dili qohum dillərdir. Bu mənada bəzi fars alimləri ermnilərə özlərinin yoldaşı kimi baxırlar”.   
Təkamül Partiyasının sədri Teyyub Qənioğlunun fikrincə, Tehran rejimi  Azərbaycanın müstəqil dövlət olmasını həzm edə bilmədiyindən, bu mənada ölkəmizə təzyiq metodu olaraq  işğalçı xristian Ermənistanına dəstək olurlar: “İran Azərbaycan dövlətinin möhkəmlənməsi və çiçəklənməsində maraqlı deyil. İranın birbaşa olaraq ölkəmizi zəiflətməyə imkanı yoxdur. Ona görə də Ermənistan vasitəsilə Azərbaycana təsir göstərmək istəyir. Bu mənada da müsəlman qardaşlığı fars rejimi üçün sadəcə olaraq, boş təbliğat vasitəsidir. 
Vaxtilə Ermənistan prezidenti olan Levon Ter-Petrosyan deyirdi ki, İran olmasaydı, qələbələri də olmayacaqdı, Rusiya bizə silah, İran isə ərzaq, çörək verir. Yəni, İran müsəlman qardaşlığından danışsa da, həmişə Ermənistana dəstək olub. Onlar bəhanə gətirir ki, niyə Azərbaycan İsraillə dostluq edir. Amma unudurlar ki, İsrail Azərbaycan torpaqlarını işğal etməyib, Ermənistan işğal edib. Bu mənada Azərbaycanın İranı işğalçı Ermənistanı dəstəkləməkdə ittiham etməsinin əsası var. Hansı ki, bu işğalda İran amilinin rolu da vardır. Bu əsasda düşünürəm ki, fars rejimi işğalçı Ermənistana dəstək verməkdə davam edəcək”.
Rüfət NADİROĞLU