Aqrar sahədə İsrail təcrübəsindən istifadə olunacaq

17 Dekabr 2016 09:30 (UTC+04:00)

İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri  fonunda bu ölkə ilə hərbi, sənaye, aqrar sahədə əməkdaşlığın yeni mərhələsi başlanır. Azərbaycan  artıq aqrara sahədə İsrail təcrübəsindən istfiadəyə xüsusi maraq göstərir. 

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov qeyd edir ki, İsrail aqrar sahədə əsasən elmi inkişaf etdirməyə xüsusi diqqət verir: “Onlarda elm sahəsi yüksək səviyyədə inkişaf etdiyindən, aqrar sahədə məhsuldarlıq artıb, keyfiyyət yaxşılaşıb. Həmçinin daha ucuz mallar istehsal etməkdə İsrail aqrar sektor məhsullarının ixracını da artırmağa nail olub. 
İsraildə artıq hər baş mal-qaradan ildə orta hesabla 10-12 tondan artıq süd alınır. Bu da çox yüksək göstəricidir. Azərbaycanda isə bu rəqəm 1,4 tondur. İsrailin taxıl və tərəvəz sahəsində əldə etdiyi göstəricilər də Azərbaycanda olduğundan ən azı iki dəfə çoxdur. Təsəvvür edin, istixana şəraitində İsraildə hər hektardan min ton pomidor, 800  ton xiyar və 600 ton bibər istehsal olunur. Ümumiyətlə, İsraildə bütün istehsal göstəriciləri yüksək səviyyədədir. İsrail bu göstəricilərə nail olmaq üçün həm də daha müasir texnologiyalardan yararlanır. 
Bu ölkədə hava şəraiti çox isti olduğundan su çatışmamazlığı var. Buna baxmayaraq, onlar bu problemi çox asanlıqla həll edə biliblər. Birincisi, suya qənaət edir, ikincisi dənizin duzlu suyunu şirinləşdirib təsərrüfat və məişətdə istifadə edirlər. Onlarda kolxoz sisteminə uyğun bir sistem də mövcuddur. Bu təsərrüfatlar da vaxtilə sovet dövründən İsrailə köçən yəhudilər tərəfindən yaradılıb. Burada kollektiv şəkildə fəaliyyət göstərirlər. İsrail təcrübəsini götürüb olduğu kimi Azərbaycanda tətbiq etmək mümkün deyil.  Anlamaq lazımdır ki, Azərbaycan fərqli bir ölkədir. Biz mütləq ölkə əhalisinin bilik-bacarığını nəzərə alıb, ona uyğun özümüzə məxsus yol axtarmalıyıq ki, kənd təsərrüfatı sahəsini inkişaf etdirək. Bunun üçün də ilk növbədə elmə, təhsilə fikir vermək lazımdır ki, təhsilli gənclərimiz olsun, onlaırn da bir hissəsi elmlə məşğul olsun, digərləri aqrar sahə üzrə peşələrə yiyələnsin, bir hissəsi də yaxşı mütəxəssis kimi yetişsinlər. Yəni, sözügedən sahənin inkişafına nail olmaq üçün də təhsili inkişaf etdirməli, bu sahəyə xüsusi fikir verməliyik. Bunlar olmadan hansısa bir ölkənin təcrübəsini gətirib ölkəmizdə onu tətbiq etməklə nəticə əldə olunmayacaq. Azərbaycan üçün kənd təsərrfatının inkişaf etdirilməsinə nail olmağı qarşısına məqsəd qoyan özünəməxsus bir forma seçilməlidir, model hazırlanmalıdır. Ona uyğun da kənd təsərrüfatı inkişaf etdirilməlidir”.
Digər iqtisadçı-ekspert Yaşar Əsədov bildirdi ki, İsrail təcrübəsindən istifadə Azərbaycanda məhsul istehsalının artımına gətirib çıxaracaq: “6 milyon əhalisi olan İsrail səhralıq ölkədir. Azərbaycana gəldikdə onun həm təbii iqlimi, həm də resurslarını İsraillə müqayisə etmək mümkün deyil. İsraildən ancaq kənd təsərrüfatı texnologiyalarını mənimsəmək olar ki, bu addımın atılması ölkəmizdə kənd təsərrüfatı məhsullarının, o cümlədən keyfiyyətli məhsullaırn həcminin artmasına gətirib çıxaracaq. 
Dünyada mövcud olan 11 iqlim qurşağının 9-u Azərbayandadır. Burada təbii şəraitdə hər cür meyvə, bitki yetişdirmək mümkündür. İsraildə isə proses təbii şəraitdə baş vermir, istehsalat əsasən parniklər vasitəsilə əldə olunur. Düzdür, 28 min kvadrat km. sahəyə malik İsraildə kənd təsərrüfatı güclü inkişaf edib. Bu səhra ölkəsi Avropa Birliyi və digər ölkələrə kənd təsərrüfatı məhsulları ixrac edir. Bu mənada İsraildən çox şey öyrənə bilərik ki, bu yolla Azərbaycanda da aqrar sahənin ciddi inkişafına nail ola bilək. Amma gərək idi ki, bu istiqamətdə İsrail Azərbaycan öyrənəydi. Çünki təcrübə  baxımından potensialımız kifayət qədər böyükdür”.
Rüfət NADİROĞLU