İri ticarət obyektlərində pul kassaya vurulmur

23 Yanvar 2013 16:45 (UTC+04:00)

Son günlər iri ticarət obyektlərinə nəzarət kassa aparatlarının quraşdırılması işində canlanma müşahidə olunur. Əvvəlki illərlə müqayisədə indi məişət mallarının satış mərkəzlərinin əksəriyyətində nəzarət kassa aparatlarına rast gəlmək mümkündür. Amma onu da etiraf etmək lazımdır ki, ticarət obyektlərinin dövriyyələrinə şəffaf şəkildə nəzarət etmək imkanı yaradan bu kassa aparatları əksər obyektlərdə istifadəsiz əşya kimi bir küncdə qalıb.  

Apardığımız müşahidələr göstərdi ki, Neftçilər metrostansiyasının ətrafında, eləcə də, Xalqlar Dostluğu metrostansiyasının yaxınlığındakı Lotos, Diqlas, Laçın kimi ticarət obyektlərində nağd hesablaşmalar zamanı alıçıya kassa qəbzi verilmir. Səbəb isə təbii ki, satılan malların dəyərinin nəzarət kassa aparatlarına vurulmamasıdır. Sözügedən obyektlərdə satıcılar isə bunun əsl səbəbini gizlətsələr də, bəziləri hələki vergi əməkdaşlarının yolunu bu obyektlərdən salmadığını açıq etiraf etdilər. Bəs görəsən iri ticarət mərkəzlərində kassa aparatlarının işlədilməməsinin səbəbi nədədir?

Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov Movqe.az-a deyir ki, operativ nəzarət tədbirləri çərşivəsində kassa aparatlarından yayınmaların qarşısı alınır:" Belə ticarət obyektlərinin sahiblərinə ticarət dövriyyələrini gizlətdikləri üçün maliyyə sanksiyası tətbiq edilir. Birinci dəfə həmin sahibkar 400, ikinci dəfə 800, üçüncü dəfə 1200 manat məbləğində cərimələnir. Operativ nəzarət tədbirləri bu gün də vergi əməkdaşları tərəfindən aparılır. 2012-ci il ərzində vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı  39125 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib. Onlardan 19279-nun (49,3 %) nağd hesablaşmaların aparılması qaydalarını pozduğu, 4013-nün (10,6 %) tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul etdiyi və valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla alıb-satdığı və ya dəyişdirdiyi, 3536-nın (9,04 %) vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 5803-nün (14,4 %) xüsusi razılıq  (lisenziya) almadan sahibkarlıqla məşğul olduğu müəyyən edilib. Aşkar olunmuş qanun pozuntuları ilə bağlı qanunamüvafiq tədbirlər görülüb. Həmin ticarət obyektlərinin sahibləri də bilməlidirlər ki, kassa aparatlarından istifadə etmədikdə, müvafiq sanksiyalar onlara da tətbiq ediləcək".

İqtisadçı Nazim Məmmədov isə deyir ki, ticarət obyektlərinin qanunla işləməsi üçün əmtəələrin idxalından, parakəndə satış məntəqələri vasitəsi ilə istehlakçıya qədər keçdiyi yol tam izlənilə biləcək və şəffaf olmalıdır: "Əsas topdansatış məntəqələrinin və iri idxalçıların, parakəndə satışla məşğul olan ticarətçilərə əmtəəni sənədsiz satması hallarının qarşısı alınmalıdır. Zəncirin bu hissəsini bərpa etməyənə qədər köklü dəyişiklik baş verməyəcək. İkinci yol isə, bütün pərakəndə satış məntəqələrində postterminalların quraşdırılmasında, kassa aparatlarının mərkəzi informasiya bazaları vasitəsi ilə vergi orqanlarına məlumatın ötürülməsindədir. Bu təcrübə Gürcüstanda tətbiq olunub və effektif işləyir. Vətəndaş hər hansı bir iaşə obyektində yemək yeyibsə də belə , hansısa marketdə alış-veriş edibsə, belə məlumatların surəti mərkəzi informasiya bazasına göndərilir. Bunun üçün inhisarçılar sıradan çıxardılmalı və qanun hamı üçün eyni qüvvəyə malik olmalıdır".

İqtisadçı deyir ki, operativ nəzarət tədbirləri vasitəsilə kassa aparatlarının işləməsinə tam nəzarət etmək mümkün deyil: "Ölkədə 476000 vergi ödəyicisi var ki, onların da əksər hissəsi xırda ticarət, iaşə obyekləridirlər. Onların hamısının yanına nəzarətçi qoymaq mümkün deyil. İnsanlar maarifləndirilməli, vergilər nazirliyi daha dinamik və maraqlandırıcı üsullar tətbiq edilməli və digər təşviqedici addımlar atmalıdır. Hər gün eyni obyekti yoxlamaq mümkün olmur ki, görək aldığı pulu kassaya vurur, ya yox. Qanunvericilikdə bunun üçün sanksiya nəzərdə tutulub.  Amma, xırda ticarəti bu yolla nəzarətdə saxlamaq mümkün deyil. Mənim fikrimcə bu tipli obyektlərin illik patent (vergi) pulu müəyyən olunmalı və kassaların olması məcburi olmamamalıdır. Qeyri-neft sektorunda vergi bazasını genişləndirmək iri inhisarçı şirkətlərdən başlamalı və iqtisadiyyatın liberallaşması sürətlənməlidir. Vətəndaşın vergi ödənişlərinə ciddi yanaşması üçün stimullaşdırılmalıdır".