Su istehsalında xaos

23 Yanvar 2013 18:21 (UTC+04:00)

Paytaxtın su bazarı təhlükəli vəziyyətdədir. Hər gün ticarət obyektlərində satılan suların keyfiyyəti ilə bağlı aidiyyatı qurumlara, istehlakçı hüquqlarını müdafiə edən təşkilatlara şikayətlər olsa da, su bazarındakı acınacaqlı vəziyyəti düzəltmək mümkün olmayıb. Xüsusilə toy mövsümünün başlaması ilə, saxta, keyfiyyəti insan sağlamlığı üçün ciddi təhlükə doğuran mineral suların, və digər süfrə sularının istehsalı yenidən vüsət alıb. Movqe.az-a daxil olan məlumatlara görə, bu cür təhlükəli suların istehsal prosesi əsasən şadlıq evlərinin zirzəmilərində həyata keçirilir. Bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinindən də təsdiqlədilər. Komitənin mətbuat katibi Fazil Talıblı Movqe.az-a bildirdi ki, toyların başlanması ilə əlaqədar yenidən şadlıq evlərinin zirzəmilərində yoxlamalara başlanılacaq: "Bizə də daxil olan məlumatlara görə, saxta, keyfiyyətsiz sular əsasən şadlıq evlərinin zirzəmilərində hazırlanaraq oradan da birbaşa süfrəyə verilir. Ona görə də Komitənin əməkdaşları nəzarət tədbirlərini daha da gücləndiriblər".

F. Talıblı mineral sularla da bağlı bazarda vəziyyətin dəyişməsi üçün tezliklə standart hazırlanacağını bildirdi. Onun sözlərinə görə, yeni standartla mineral və bulaq suları su mənbəsinə yaxın yerdə istehsal ediləcək. Elə mütəxəssislər də ölkədə qablaşdırılmış su istehsalı və satışında ciddi nöqsanların olduğunu söyləyirlər. Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov bizimlə söhbətində bildirdi ki, bu gün ən ciddi problem mineral su satışındadır. D. Məmmədovun sözlərinə görə, satışda həm keyfiyyətsiz, həmçinin də saxta sular satılır. D. Məmmədov ölkədə satılan suların çoxunun üzərində mənbənin düzgün göstərilmədiyini də söyləyir. Bəzən isə mənbə barədə qeyd həqiqəti əks etdirmir: "Qablaşdırılmış suyun üzərində göstərilir ki, su Qafqaz sıra Dağlarından gətirilib. Amma suyun konkret hansı mənbədən götürüldüyü göstərilmir. Qaydaya görə, suyun götürüldüyü mənbə etiketin üzərində göstərilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilməlidir. Bilinmir ki, su Qafqaz sıra dağlarının hansı hissəsindən götürülüb. Bundan başqa bəzi suların üzərində bulaq suyu, yaxud meneral su olduğu qeyd olunur. Amma araşdırılsa bu suların çoxunun adi krant suyu olduğu üzə çıxacaq. Məlum olacaq ki, hətta meneral adı ilə əhaliyə satılan suların çoxunun tərkibinə meneral suyun dadını verməsi üçün xörək duzu, çay sodası və qaz vurulub. Bu gün satışda olan  mineral suların çoxu saxtalaşdırılıb. Əslində  meneral suyun 1 litrinin tərkibində, 10 mq duz olmalıdır. Həmin suların üzərində hansı xəstəliklər üçün müalicəvi olduğu qeyd olunmalıdır. Amma bizdə istehsal olunan suların üzərində belə qeydlərə rast gəlmək mümkün deyil.   Belə suları meneral və müalicəvi su adı altında istehlakçılara satırlar".

D. Məmmədov deyir ki, qaydaya görə, mineral su  

çıxarıldığı yerdə qablaşdırılmalıdır: "Mineral su mənbədə qablaşdırılırsa, etiketin üstündə yazılan yazı ilə suyun tərkibindəki mineral duzların bioloji tərkibi eyni olur. Suyun tərkibi itdikdə sonradan suya süni duzlar vurulur və beləliklə, yenidən "mineral suya" çevrilir. Belə suları çox içəndə orqanizmdə duz balansı pozula bilər".

D. Məmmədov belə qazlı suların orqanizm üçün, xüsusilə uşaqlar üçün təhlükəli olduğunu bildirir. Onun sözlərinə görə, tərkibində qaz olan sular uşaqlarda, eləcədə böyüklərdə mədə-bağıraq xəstəlikləri yarada bilir.

D. Məmmədov deyir ki, ümumiyyətlə ölkədə saxta su istehsal edən sexlərin  keyfiyyətli su istehsal etməsi üçün lazımi avadanlığı yoxdur. Hətta evlərə satılan 20 litrlik suların da çoxu gizli sexlərlərdə krantdan doldurularaq qablaşdırılır".

Birlik sədri bildirir ki, ərazi Sanitar epidemioloji stansiyaları da əksər hallarda suyun tərkibinin yoxlanılmasına başdansovdu nəzarət edirlər: " Əslində həmin stansiyaların həkimləri sudan nümunəni yerində, özləri götürüb analiz etməlidirlər. Amma təəssüf ki, onlar istehsalçı müəssisənin göndərdiyi nümunəni yoxlayıb təhlükəli olmadığı barədə rəy verirlər".

D. Məmmədov deyir ki, bu sahədə acınacaqlı vəziyyətin aradan qaldırılması üçün su istehsalı və satışı bazarına ictimai nəzarətin aparılması təmin edilməli, su istehsalı müəssisələrində yoxlamalar açıq, KİV və QHT-lərin iştirakı ilə keçirilməlidir.