İrəvanın Qarabağ siyasətindən narazı qalan ermənilərin sayı artır

20 Dekabr 2016 09:00 (UTC+04:00)

Başqalarının əlində girov olmaqdan təngə gəlmiş ermənilərin həqiqəti etiraf etməyə başlamaları elə onların öz sıralarından çıxıb əlaltı olmaqdan zövq alan digərlərinin hiddətinə səbəb olub. Erməni KİV-lərinin bəzilərində bu mövzuda hədyan və böhtan yazmağa başlayıblar. Razmik Akopcanyan adlı erməni də belələrindəndir. Azərbaycan jurnalistlərini “Bakı cızmaqaraçıları” adlandıran bu daşnakyosunlu müştəbeh yana-yana yazır ki, “onlar (yəni, azərbaycanlılar –müəl.) məqsədlərinə çatıblar”. Onun-bunun qabağında əyilməkdən başını qaldırıb ətrafda nəyin dəyişdiyini görməyən bu üzdəniraq “millətpərvər” hələ də başa düşə bilmir ki, sadə ermənilər  Qərbin və Rusiyanın əlində alət olmaqdan bezib. Yaşam tərzləri və digərlərindən asılılıq onları həqiqəti etiraf etməyə yönəldib. Onlar azad yaşamaq istəyirlər və Azərbaycana qarşı işğalçılıq siyasətinin onları məhvə doğru apardığını başa düşürlər. Nadan Akop hələ də anlaya bilmir ki, “nə üçün Lusine Nersisyan “alçaq təxribatçı” Vahan Martirosyana müsahibə verib.

O, Nersisyanı dustaqxanaya göndərənləri ittiham etmək əvəzinə bu gənc yazıçının hüquqlarını müdafiə etmək arzusunda olan Aureliya Qriqoriunun, Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Malena Mardın qarasınca danışmağa üstünlük verir. Bununla da özünün hansı dəyərlərə qulluq etdiyini sübut etmiş olur. Belə görünür ki, bu qaraçılığı etməyə R.Akopcanyanı məcbur ediblər, yoxsa bu qədər həyasızlıq ona nə verə bilər?
Razmik Akopcanyan “Amnesty İnternational“ təşkilatını da yuyub sərdiyi subyektlərin sırasına qatır, xəcalət çəkmədən “Facebook“da Lusine Narsisyanı müdafiə edən həmvətənlərini isə “faydalı avaralar” deyə məsxərəyə qoyur.
Ancaq qatar artıq yola düşüb. Çətin ki, Ermənistanın indiki siyasi hakimiyyəti bu prosesin qarşısını ala bilə. Martirosyanların və Nersisyanların ardıcıllarının artması ehtimalı hazırda Serj Sarkisyan hakimiyyətinin yuxusuna haram qatıb. Yaxşı olar ki, erməni başbilənləri həmvətənlərini söyməkdənsə, siyasətlərini dəyişmək barədə fikirləşsinlər, sonra gec olacaq. Çünki, "Ermənistan və Azərbaycan arasında sülh platforması”na qoşulanların sırası günbəgün genişlənir. Bu günlərdə Ukraynada yaşayan Aram Karapetyan hərəkata qoşulduğunu bildirib. Əslən qarabağlı olan gənc Aram qohumları və tanışları vasitəsilə Ermənistanda və ermənilərin azərbaycanlılarla yanaşı kompakt halda yaşadıqları Dağlıq Qarabağ bölgəsindən xəbərlər alır. Həmvətənlərinin acınacaqlı vəziyyəti onu daim düşündürür. Yoxsulluğun səbəbini isə Ermənistanın işğalçılıq siyasətindən doğan müharibədə görür. Aram sülh istəyir. Buna görə başlanmış hərəkata qoşulub. Onun fikrincə, Serj Sarkisyan rejimi nə sülhə doğru addımlaya biləcək, nə də xalqı yoxsulluqdan qurtarmaq gücündədir. O, digər erməni fəalları, xüsusilə diasporun gücü ilə erməni cəmiyyətinin demokratikləşməsi uğrunda mübarizə aparmaq əzmindədir.

Sülh platformasının yaratdığı əks-səda artıq qonşu ölkələrdən gəlməyə başlayıb. Gürcüstanın NATO-da təmsilçiliyi rəhbərinin keçmiş müavini, məşhur politoloq Vaxtanq Maisaya da Ermənistan-Azərbaycan sülhməramlı platformasının yaradılması üçün Bakı deklarasiyasına qoşulmaq arzusunu ifadə edib. V.Maisaya bildirib ki, yeni sülh təşəbbüsü özü ilə bütün Qafqaz regionuna əmin-amanlıq və sabitlik imkanının potensialını gətirə bilər. Politoloqun fikrincə, “Ermənistan və Azərbaycan arasında sülh üçün Platforma” “aşağıdan-yuxarı” sxemi üzrə sülh təşəbbüslərinin inkişafı üçün əla və müvəffəqiyyətli nümunə, regionumuzda duşmənçilik edən tərəflər arasında sülh içində yaşamanın artıq yuvarlaqlaşdırılmış və başqaları tərəfindən dəstəklənən örnəyi olacaq”. O hesab edir ki, getdikcə daha artıq siyasi çəki yığan xalq diplomatiyası çərçivəsində belə ciddi forumun və institutun yaradılması Qafqaz regionundakı bütün dövlətlər arasında etibarın bərpası və möhkəmlənməsinin əsas komponenti və aləti ola bilər.
Beləliklə, vətəndaş hərəkatının başlanması region xalqlarının sülh arzularının nə qədər güclü olduğunu bəyan etməklə bərabər, həm də Ermənistandakı siyasi hakimiyyətin öz xalqına qarşı düşmən mövqedə olmasını ortaya çıxarıb. Bu gün erməni xalqı Sarkisyanın hakimiyyətdən getməsini tələb edir. Bu, onun komandasının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli  üçün gücsüz olmasından və regiondakı qonşularına qarşı nihilist münasibətindən doğur.

Bəri başdan qəti iddia etmək olmaz ki, xalq diplomatiyasının sonluğu uğurla bitəcək. Ona görə ki, bəzi dünya gücləri Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil və əllərində olan mümkün vasitələrdən istifadə etməklə bu istiqamətlə atılan addımları pozmağa çalışırlar. Amma yeri gələndə, xalqın birliyi elə bir gücə çevrilir ki, onun qarşısında heç bir qüvvə tab gətirə bilmir. Başlanmış yeni xalq diplomatiyası hərəkatının xöşbəxt sonluğu region xalqlarına çox şey verə bilər, bu baxımdan onun müvəffəqiyyətinə ümidlər böyükdür.

 

N.NOVRUZ