Bankların reklamları ilə əməlləri yenə düz gəlmir

24 Yanvar 2013 07:15 (UTC+04:00)

Yeni ilin başlanması fonunda ən çox diqqət cəlb edən məsələlərdən biri də müxtəlif bankların reklamlarının nəzərəçarpacaq dərəcədə artmasıdır. İndi banklar əhaliyə sərfəli şərtlərlə kiçikhəcmli kreditlər təklif edirlər və bunun üçün sadəcə şəxsiyyət vəsiqəsinin yetərli olduğunu, zamin və iş yerindən arayış tələb edilmədiyini bildirirlər.

Müxtəlif media orqanlarında, ictimai yerlərdə, metroda bu qəbildən olan reklamaların sayı kifayət qədərdir. Lakin reallıqda hər şeyin reklamda olduğu kimi olmadığı banklaral əlaqə saxlayanda dərhal üzə çıxır. Məsələn, bildirirlir ki, banka kredit üçün ilk dəfə müraciət olunursa, mütləq iş yerindən arayış təqdim olunmalıdır. Arayış bankı təmin etməsə, zaminin olması da bankın irəli sürdüyü şərtlər sırasında yer alır.

Digər tərəfdən bankların kiçik həcmli kreditlər üçün təklif etdikləri faiz dərəcələri 17 faizlik həddən başlanır. Bu isə yenə də kifayət qədər böyük rəqəm sayılır. Onu da bildirək ki, göstərilən rəqəm ölkədə əmanətlərinin dərəcəsi üzrə orta göstəricidən düz iki dəfə çoxdur. Azərbaycan Mərkəzi Bankının saytında yer alan statistik məlumata görə, ölkədə əmanətlərinin dərəcəsi üzrə orta göstərici 8,4%-dir. Təbii ki, bu, göstəricinin hətta Əmanətlərin Sığortalanması Fondu tərəfindən şərt kimi qoyulmuş 12%-dən də aşağı olmasında böyük bankların əmanətləri çox aşağı 5-6%-lə götürməsi rol oynayır. Kredit və əmanət bazarını nəzarətdə saxlayan banklar əhalidən yuxarı faizlə əmanət cəlb etməkdə o qədər də maraqlı deyillər. O da məlumdur ki, böyük banklar əsasən xaricdən daha ucuz vəsaitlər cəlb edirlər. Bu vəsaitlərin dərəcəsi 3-4, uzağı 5-6% olur. Bu da bankın reytinqi ilə bağlıdır. Bankın reytinqi nə qədər yüksək olarsa, kreditin qiyməti bir o qədər ucuz olur. Bizdə ən yüksək reytinq 3B-dir. Yəni reytinqi A ilə olan bank yoxdur. Amma istənilən halda onların cəlb etdikləri kreditləri dərəcəsi əmanətlərdən iki dəfə aşağıdır. Kiçik bankların korporativ-idarəetmə sistemi və sair beynəlxalq normalara cavab vermədiyinə görə, onlar ucuz vəsait cəlb edə bilmirlər, ən yaxşı halda bunu beynəlxalq qurumların vasitəsi ilə edirlər.

Kiçik bankların əmanət dərəcələrini qaldırması ölkə üzrə kredit dərəcələrini də artırır ki, bu da son nəticədə istehlak bazarında qiymətlərin yüksəlməsinə və iqtisadi aktivliyin əngəlləşməsinə səbəb olur. Əslində əmanət dərəcələrinin kredit dərəcələri ilə birbaşa bağlı olması Mərkəzi Bankın məlumatlarında da əks olunur. Bu məlumatlara görə, bankların kredit portfelinin təxminən 50 faizini əmanətlər təşkil edir. Lakin bu, orta göstəricidir - Azərbaycanda elə banklar var ki, onların kreditlərinin 70 faizi əmanətlərin hesabına verilir.

Faiz dərəcələrinin yüksək olması isə ölkə üzrə kreditləşmə səviyyəsini, həmçinin iqtisadi aktivliyi aşağı salır. Bundan başqa proqonozlaşdırılır ki, "RoyalBank"ın taleyini təkrar edən bankların sayı arta bilər. Çünki ölkədə bankların yalnız yarısı belə demək mümkünsə, normal qaydada işləyir. Bank sisteminin ən azı 90 faizi bu bankların payına düşür. Bu fonda Mərkəzi Bankın bankların nizamnamə kapitalının artırılması ilə bağlı qərarı müsbət qarşılanır.

Məcmü kapitalın minimal ölçüsünə qoyulan yeni normativ tələb 1 yanvar 2014-cü il tarixdən qüvvəyə minir. Ekspert araşdırmalarına görə, həmin tarixdə bir neçə Azərbaycan bankı üçün bağlanmaqdan başqa yol qalmayacaq. Bunu "Moody's" beynəlxalq reytinq agentliyi də vurğulayır. 2011-ci ilin sonlarına aid materiallara əsaslanan agentliyin araşdırmasına görə, fəaliyyətdə olan 43 bankdan yalnız 11-i yeni tələblərə uyğun gələn kapitala malikdir. Həmin banklar toplam bank sektorunun aktivlərini 70%-nə sahibdirlər. "Moody's"in fikrincə, məcmu kapitalları 50 milyon manatdan az olan 32 bankdan yalnız 13 bank məcmu kapitalını yeni tələblər səviyyəsinə çıxara bilər. Bunun üçün daxili vəsaitlərdən və kənar səhmdarların maliyyə axınlarından istifadə edə bilərlər. Ya da ki, birləşərək kapitallarını yeni tələb səviyyəsinə qədər qaldıra bilərlər. Agentliyin hesablamasına görə, həmin banklar bank sektorunda 21% paya malikdirlər. "Moody's" düşünür ki, bank sektorunun yalnız 6%-nə sahib olan 19 kiçik bankın bağlanmaqdan yaxa qurtarması çox çətin olacaq.