Yetkinlik yaşına çatmayanlara dərmanlar yeni qaydalarla satılacaq-Açıqlama

20 Dekabr 2016 11:58 (UTC+04:00)

Yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydaları layihəsi hazırlanaraq razılaşdırılması üçün aidiyyəti qurumlara göndərilib.

Movqe.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq subyektləri üzrə iş şöbəsinin müdir müavini Pərviz Əzizbəyov bu gün keçirilən mətbuat konfransında deyib.

P.Əzizbəyov bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən dərman vasitələrinin Azərbaycana idxalına rəy verilməsi qaydaları hazırlanır. Bununla yanaşı, “Dərman vasitələri haqqında” qanuna, İnzibati Xətalar Məcəlləsinə, “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişikliklər barədə təklif və layihələr də aidiyyəti üzrə razılaşdırılaraq müvafiq qurumlara təqdim olunub. Hazırda Səhiyyə Nazirliyi tərəfindən dərman vasitələrinin Azərbaycana idxalına rəy verilməsi qaydaları hazırlanır. P.Əzizbəyovun sözlərinə görə, il ərzində 212 adda dərmanın idxalına sənədlərdəki uyğunsuzluğa, 5 adda dərmanın idxalına isə keyfiyyət göstəricilərinə görə icazə verilməyib.

 

Zülfiyyə QULUYEVA