Azərbaycan İsrail və İran arasında münasibətlərin normalalaşmasında da vasitəçi ola bilər

21 Dekabr 2016 09:30 (UTC+04:00)

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinə münasibət bildirib. B. Qasimi deyib ki, Azərbaycan müstəqil ölkədir və bu, Azərbaycanın daxili məsələsidir: “Ancaq düşünürəm ki, Azərbaycan bu səfəri qəbul etməməli idi. Biz İsrailin dağıdıcı hərəkətlərini və fitnəkar davranışını müşahidə edirik. Onlar İslam ölkələri arasında münasibətlərdə problemlər yaratmaq niyyətindədirlər". 

Amma indi fikirlər səslənir ki, Azərbaycan təkcə İsrail və Fələstin yox, eləcə də İsrail və İran arasında münasibətlərin normalalaşmasında da vasitəçi ola bilər. 
Qeyd edək ki, Azərbaycan həm İsrail, həm də cənub qonşusu olan İranla dostluq əlaqələri saxlayır. Azərbaycanın bu iki ölkə ilə iqtisadi əlaqələri də durmadan inkişaf edir. Başqa bir tərəfdən Azərbyacan başqa dövlətlər arasında münasibətlərin normallaşmasında vasitəçilik etmək sahəsində geniş təcrübəyə də malikdir.  Uzağa getməyək, Ankara ilə Moskva arasında olan gərginliyin aradan qaldırılması, bu iki ölkənin yenidən bir-birilə yaxınlaşmasında Bakının da vasitəçilik missiyası öz sözünü deyib.  İranla İsrailə gəldikdə bu iki ölkə uzun illərdir ki, bir-birilə  düşmən münasibətlərdədir. Tehran hətta İsraili bir dövlət olaraq tanımır. Lakin bununla belə vaxtilə həmin iki dövlət arasında geniş əlaqə və münasibətlər olub.  Həmçinin, düşmənçilik daimi olmur, bu gün düşmən olanlar sabah öz səyləri və yaxud hansısa bir başqa vasitəçinin köməyi sayəsində əvvəlki ümumküsülüləri kənara qoyaraq, münasibətləri yenidən müsbət məcraya yönəldə bilərlər? Nəzərə alsaq ki, bu mənada onların barışmasında vasitəçilik missiyasını üzərinə götürməyə qadir olan Azərbaycan kimi bir dövlət də var. 
Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Azərbaycan İsraillə İranı barışdırmaq potensialına malikdir. Amma əsas məsələ Təl-Əvivlə Tehranın özünün barışmaq niyyətində olmalarıdır ki, hələlik bu hal müşahidə edilmir: “Ümumiyyətlə, siyasətdə mümkün olmayan heç nə yoxdur. Hər şeyin zamana və bu istiqamətdə səylərə və istəyə  ehtiyac var. Nəzərə alaq ki, vaxtilə İsrail İran münasibətləri strateji xarakter kəsb edib. Hətta 1980-1988-ci illərin İran-İraq müharibəsində Tehranı silah-sursatla təchiz edən məhz İsrail olub. Müharibə dövründə xüsusən də köhnəlmiş təyyarə hissələrinin yenilərilə əvəzlənməsini İsrail həyata keçirib. Yəni bu məsələdə Təl-Əvivin payı daha böyük olub. 

Bu nöqteyi-nəzərdən yanaşsaq, nəzəri baxımdam ölkəmizin Təl-Əvivlə Tehran arasında münasibətlərin normallaşdırılması üçün vasitəçi olması mümkündür. Amma praktik baxımdan kifayət qədər müşkül məsələdir. Çünki İsrail ilə İran arasında münasibətlər ümumiyyətlə, yoxdur. İran hər zaman İsrailə özünün milli maraqları üçün təhlükəli dövlət prizmasından yanaşıb. İranın mövqeyinə görə İsrail ümumiyyətlə, müsəlman dünyası üçün əsas təhlükə mənbəyidir. Belə olan vəziyyətdə bu iki tərəfin barışması və ortaq  məxrəcə gəlmələri xeyli zəhmət və səylər tələb edən məsələdir. 
Azərbaycan bu prosesə töhfə vermək potensialına malikdir. Bakının İsrail dövlətilə münasibətlərinin yaxşı səviyyədə olması, habelə ölkəmizin İranla mehriban qonşuluq münasibətləri qurması imkan verir ki, sözügedən iki tərəf doğrudan da barışmaq niyyətlərini ortaya qoyarsa, Azərbaycan körpü və barışdırıcı funksiyasını həyata keçirə bilər. Ümumiyyətlə, o dövlətlər vasitəçi ola bilir ki, onların münaqişə tərəflərinin hər birilə münasibətləri normal səviyyədə olsun. Bu baxımdan ölkəmizin imkanları da genişdir. Təki Təl-Əvivlə Tehranın özlərinin barışmaq niyyəti olsun. Bunun necə həyata keçirilməsi işinə isə Azərbaycan töhfə verə bilər. Ölkəmizin bu istiqamətdə yaxşı təcrübəsi də vardır. Xüsusilə də korlanmış Türkiyə-Rusiya münasibətlərinin bərpası istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidmətlərini hər iki tərəf açıq şəkildə etiraf edib. Bu baxımdan da hesab edirəm, potensial var, amma əsas güc münaqişə tərəflərinin, yəni, İsraillə İranın üzərinə düşəcək. Təki onların belə bir niyyəti olsun. Bu niyyətin reallaşdırılması istiqamətində Azərbaycanın ata bləcəyi addımlar kifayət qədər səmərəli ola bilər. Bu istək olmayanda, yəni nə İran, nə də İsrail barışmaq niyyətini ortaya qoymadıqda, vasitəçilik missiyasının da uğurlu olacağına heç bir təminat yoxdur”. 
Milli Məclisin deputatı Aydın Mirzəzadə də bu qənaətdədir ki, Bakı İsraillə İranın barışmasına töhfə verə bilər: “Azərbaycan danışıqlar yolu ilə hər bir millətlər arasında münasibətlərin normal məcrada olmasına tərəfdar olan bir ölkədir. Azərbaycan apardığı siyasətlə bu gün beynəlxalq aləmdə və regionda nüfuz qazanmış bir ölkədir. Bu baxımdan Azərbaycan istənilən imkandan ona dost olan ölkələrin münasibətlərini normallaşdırmaq üçün maksimum istifadə edir. Ümid edirəm ki, Azərbaycanın mehriban qonşuluq siyasəti bütün dövlətlər tərəfindən yüksək qiymətləndiriləcək. O cümlədən İranla İsrail tərəfindən də”.
Rüfət NADİROĞLU