Holcim (Azərbaycan) ASC ilə Dirçəliş İAC-nin qəsəbə gənclərinə töhfəsi

24 Yanvar 2013 10:11 (UTC+04:00)

Azərbaycanın davamlı iqtisadi inkişafının təmin edilməsində müasir tələblərə cavab verən peşələr üzrə kadrların hazırlanması çox mühüm rol oynayır. Xüsusi ilə peşəkar ustalara olan ehtiyac özünü tikinti sektorunda daha çox büruzə verir. Tikinti işləri üzrə ustaların hazırlanması Azərbaycan cəmiyyətinin bu günü üçün bir sosial ehtiyaca çevrilmişdir. Tikinti işləri bu gün Qaradağ rayonunda da geniş vüsət almışdır və tikinti ustalarına olan ehtiyac günü gündən artmaqdadır. Bu ehtiyatı nəzərə alaraq, Holcim (Azərbaycan) ASC ilə Dirçəliş İqtisadi Araşdırmalar Cəmiyyəti arasında gənc qəsəbə sakinləri və icma üzvlərinə pulsuz peşəyönümlü treninqlərin keçirilməsinə dair razılıq əldə edilmiş və bu layihə həyata həyata keçirilməyə başlamışdır.

Layihə çərçivəsində Holcim (Azərbaycan) ASC və Dirçəliş İqtisadi Araşdırmalar Cəmiyyətinin birgə yaratdığı Məsləhət Məşğulluq Mərkəzində suvaqçı, elektrik montyoru, plastik qapı pəncərə ustaları hazırlayan kurslar fəaliyyətə başlamışdır. Sənət təlimi üzrə kurslarda hər kursda 10 nəfər iştirak etmək şərti ilə 30 nəfər gənc qəsəbə sakini və qəsəbə icmalarının üzvləri iştirak edəcəkdir. Kurs iştirakçıları müraciət edən qəsəbə sakinləri arasından seçilmişdir. Layihə iştirakçıları uyğun sənət təlimləri ilə yanaşı peşə standartları üzrə treninqlərlə də əhatə ediləcəkdir. Bu treninqlər onlara gələcək iş yerlərində daha dayanıqlı fəaliyyət göstərmək imkanı verəcəkdir.

Layihə iştirakçıları 2 ay uyğun sənət təlimləri üzrə nəzəri biliklər əldə edəcək 1 ay isə təlim keçən ustaların rəhbərliyi altında əvvəlcədən razılaşdırılmış tikinti şirkətlərində usta köməkçisi kimi praktik məşğələləri davam etdirəcəklər. Hər üç istiqamət üzrə müasir standartlara cavab verən təlim materialları hazırlanmışdır. Hər bir layihə iştirakçısı kursu bitirdikdən sonra sertifikatla təmin ediləcəklər. Sənət təlimi üzrə kursları bitirən gənc qəsəbə sakinləri və qəsəbə icmalarının üzvləri Məsləhət Məşğulluq Mərkəzinin köməkliyi ilə sərbəst iş yerlərinə göndəriləcəklər.