İsmayıllıda vəziyyət nə yerdədir?

24 Yanvar 2013 11:40 (UTC+04:00)
"Hazırda İsmayıllı rayonunda tam sakitçilikdə. Polis hadisələrə tam nəzarət edə bilir. Hami adi günlərdə olduğu kimi öz işlərilə məşğuldurlar. Heç bir narazılıq yoxdur. İstər İcra Hakimiyyəti binasının qarşısında, istərsə də, polib şöbəsinin qarşısında toplaşan yoxdur". Bu barədə İsmayıllı rayon Polis Şöbəsinin rəisi Nizami Qocayev ANS PRESS-ə açıqlamasında bildirib.

Rəisin sözlərinə görə, İsmayıllıda baş verən insidentlə bağlı "Çıraq" hotelinin administratoru Emil Şəmsəddinov və istirahət etmək üçün onunla birgə rayona gələn Elməddin Məmmədov saxlanılıb. Hazırda araşdırma aparılır.

Xatırladaq ki, ötən axşam saat 22.20 radələrində İsmayıllı şəhərində insident baş verib. Yüksək sürətlə hərəkət edən "Chevrolet Camaro" avtomobili şəhərə girişdəki yol ayırıcında dairəyə çırpılıb. Avtomobilin içindən bir neçə gənc çıxıb və hadisə yerinə yığılan yerli əhali onların arasında Emil və Vüqarı tanıyıblar. Bunlar yaxınlığda yerləşən "Çiraq" Motelinin meneceri ve onun dostları olub.

Hadisə yerinə toplaşan əhalinin sözlərinə görə, yardım etmək məqsədi ilə toplaşan İsmayıllı sakinləri motelin meneceri Emil tərəfindən qəzəblə qarşılanıb və o toplaşanları əxlaqsız və təhqiramiz söyüşlərlə təhqir edib.

Bu ifadələrə dözməyən bir sıra yerli sakin Emil ilə Vüqara etirazlarını bildirərək, onları sakit olmağa çağırıblar. Lakin buna cavab olaraq motel meneceri Emil toplaşanları "Makarov" tipli tapanca ilə hədələyib, yenidən təqqir edib. Sakinlərin dediyinə görə, ətrafdakılar silahlı və sərxoş adamların xətasından qorxub onları tərkisilah ediblər, Emil ilə Vüqarı döyüblər. Qışqırıq və söyüşlərə hadisə yerinə insanlar yığışmağa başlayıb. Döyülmüş və xəsarət almış motel meneceri və onun dostları hadisə yerindən qaçmağa müfəffəq olublar. ANS PRESS-in hadisə yerindəki əməkdaşlarının məlumatına görə, xəsarət alanlardan biri rayon xəstəxanasında, digərləri isə polis idarəsində sığınacaq tapıblar.

Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələrilə Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb, istintaq aparılır.