Erməni cəmiyyətində Qarabağla bağlı yeni fikirlər hakimyyətin kürkünə birə salıb

22 Dekabr 2016 09:00 (UTC+04:00)

"Ermənistan-Azərbaycan Sülh Platforması" Dağlıq Qarabağ münaqişəsində aşıq-aşkar status-kvonun saxlanmasını istəyən Ermənistan hökumətinin korrupsiyalaşmasına və aqressiv mövqeyinə ciddi zərbə sayılır. Erməni hökuməti bu platformanı dağıtmaq istəsə də əks effektlə üzləşir.

Palftormaya qoşulanların sayının sürətlə artması və bunun Ermənistanda da açıq müşahidə olunması münaqişənin həllinə də ekspertlərin fikrincə, töhfəsiz ötüşməyəcək. 
Siyasi icmalçı Azər Həsrət bildirdi ki, platformaya qoşulanların sayının artması və onun açıq şəkildə Ermənistanda da müşahidə edilməsi fonunda konfliktin həlli istiqamətində yaxın dövrlərdə real addımlar atılacağına ümidlərimizi də artırıb: “Sevinirəm ki, nəhayət ermənilər məsələyə ağıl konteksindən yanaşmağa başlayıblar. Uzun müddət Azərbaycan ictimai rəyində belə bir fikir var idi ki, ermənilərin hamısı yalnız müharibə, münaqişə tərəfdardır. Onların arasında məsələni Azərbaycanın ədalətli mövqeyini qəbul etməklə həll etmək istəyən adamlar yoxdur, yaxud da çox azdır və səsləri eşidilmir. İndi isə görürük ki, əslində, elə deyil. Ermənistan ictimai rəyində Azərbaycanın ədalətli mövqeyini qəbul edən, münaqişənin məhz ölkəmizin ədalətli mövqeyi əsasında həllini istəyən adamlar da var. Sadəcə olaraq, onları aşkara çıxarmaq lazımmış. Bir neçə nəfər erməni millətindən olan şəxslər ilk qaranquşlar kimi bu addımı atdılar. Konkret olaraq Bakıya gəldilər və burada keçirilən konfransda iştirak edərək açıq şəkildə Azərbaycanın ədalətli mövqeyinə dəstək verdilər. Belədə Ermənistandan, eləcə də işğal altında olan Dağlıq Qarabağın özündən səslər yüksəlməyə başladı ki, bu torpaqlar Azərbaycanındır və ona da qaytarılmalıdır. Belə bir gəlişməni müsbət hadisə kimi dəyərləndirirəm. 
Burada söhbət ondan gedir ki, erməni ictimai rəyi doğrudan da Azərbaycanın ədalətli mövqeyini qəbul edib, münaqişənin sona çatmasına doğru addımlar atırsa, bizim də ictimaiyyətimiz eyni addımları atmağa hazır olmalıdır. Əlbəttə ki, ortalıqda ciddi fəlakətlər yaşanıb. Çoxlu şəhidimiz var. Torpaqlarımız işğal altındadır. Bütün bunları unutmayaraq, sadəcə olaraq, qəzəbi bir qədər arxa plana keçirməklə ermənilərlə ortaq məxrəcə gəlməyə çalışmalıyıq. Ortaq məxrəc də ondan ibarətdir ki, Azərbaycan torpaqları işğaldan azad olunur, köçkünlər evlərinə qayıdır. Azərbaycan dövləti də öz vətəndaşı olan ermənilərə sabit və dinc şəraitdə yaşamağa təminat verir. Belə bir mövqeyin Ermənistandan olan insanlar tərəfindən dəstəklənməsi şəxsən məni də sevindirir. Bu fonda da ümidlər yaranıb ki, yaxın dövrdə münaqişənin həlli istiqamətində real addımlar atılmasının şahidi ola bilərik”.
Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev isə qeyd etdi ki, Ermənistan cəmiyyətində fərqli düşünən insanların sayının artması münaqişənin həlli prosesinə yeni impuls verə bilər: “Ermənistan-Azərbaycan Sülh Platforması" keçirilməsi lazımlı məsələdir. Eyni zamanda, bu istiqamətdə fəaliyyəti genişləndirmək gərəkdir. Çünki mövcud reallıqlar şəraitində belə bir fəaliyyətin doğruluğu şübhəsizdir. 
Nəzərə alaq ki, problemə münasibətdə Ermənistan cəmiyyətində də yeni sədalar ucalmağa başlayır. Siyasətçilər arasında da artıq yeni şəraiti başqa cür dəyərləndirənlər vardır. Çox əvvəllər  xalq diplomatiyası şəraitində prosesə xidmət edə bilən müəyyən işlər də görülməyə başlanıldı. İndiki şəraitdə Ermənistan cəmiyyətində artıq real düşünən insanlar vardır. Çünki hazırda iqtidarda olan klan cəmiyyət və xalqına 3-5 il öncə dediklərindən başqa heç nə deyə bilmir. Belədə getdikcə daha çox sayda erməniyə aydın olur ki, Serj Sarkisyanın məqsədi Ermənistanda, regionda dinc, sülh prosesinə xidmət etmək, problemləri çözmək yox, yalnız hakimiyyətdə qalmaqdır. Hakimiyyətdə qalmaqda məqsədləri də əlbəttə ki,klanla bağlı məqsədlərdən qaynaqlanır. Klanın bu məqsədləri də bütövlükdə Ermənistan cəmiyyətinin gələcəyə baxışları ilə xeyli dərəcədə ziddiyyət təşkil edir. 
Belə bir şəraitdə erməni ziyalıları arasında fərqli düşünən insanların Ermənistan daxili və xaricində sayları artmaqda davam edir. Azərbaycan qapıları daim sülh şəraitinə açıq olan bir dövlətdir. Bu fonda əlaqələrin yaranması və “Ermənistan-Azərbaycan Sülh Platforması”nın yaradılması təqdir olunası məsələdir. Əlbəttə Ermənistanda bu platformada iştirak edənlərin cəzalandırılması məsələsilə bağlı məlumatlar daxil olur. Buna baxmayaraq, məsələni irəli aparmaq lazımdır. Belə bir platformanın işə başlaması həm də münaqişəyə münasibətdə müxtəlif fikirlər səsləndirən beynəlxalq dairələr üçün də maraqlı olmalıdır. Azərbaycan da mövqeyində bütün bunları nəzərə alır. Hesab edirəm ki, sözügedən platforma daha da gücləndirilməli və dərinləşdirilməlidir. Erməni cəmiyyətində hakimiyyətin onlara təqdim etdiyi mövqedən tamamilə fərqli, alternativ bir baxış getdikcə güclənməlidir”.
Rüfət NADİROĞLU