Avropa İttifaqı Xocalı aeroportu ilə bağlı mövqeyini açıqlayıb

24 Yanvar 2013 11:41 (UTC+04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində gərginliyi artıracaq istənilən addıma qarşıyıq.
AzərTAc xəbər verir ki, bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia Ermənistan tərəfinin Xocalı aeroportunu işə salması ilə bağlı məsələyə münasibət bildirərkən jurnalistlərə deyib.
Səfir bildirib ki, Avropa İttifaqı Xocalı aeroportu ilə bağlı beynəlxalq qanunlar və normalar çərçivəsində hərəkət etməyə üstünlük verir. Diplomat qeyd edib ki, Aİ münaqişənin həllini yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində dəstəkləyir.
R.Kobia, həmçinin diqqətə çatdırmışdır ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Lefortun fevralın birinci yarısında Bakıya gələcəyi gözlənilir.
Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ATƏT-in Minsk qrupunun gördüyü işlərin Aİ tərəfindən dəstəklədiyini bildirən səfir qeyd edib ki, təşkilat bu problemin həlli ilə bağlı üzv dövlətlərə hər zaman kömək etməyə hazırdır.