Çörək istehsalına nəzarət sərtləşdiriləcək
24 Yanvar 2013 11:21 (UTC+04:00)
Standartlaşdırma, Metrologiya və Patent
üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma
üzrə Dövlət Nəzarəti Xidməti çörək məhsullarının keyfiyyətinə
dövlət nəzarəti tədbirlərini gücləndirib. Komitənin mətbuat
xidmətindən Movqe.az-a verilən məlumata görə, istehlakçıların
keyfiyyətli və təhlükəsiz çörək məmulatları ilə təmin edilməsi,
çörək istehsal edən müəssisələrdə aparılmış monitorinqlər zamanı
aşkar edilən ciddi nöqsan və çatışmazlıqların aradan qaldırılması
üçün nəzarətin gücləndirilməsi ilə bağlı ölkə rəhbərliyinin
tapşırıqlarına uyğun olaraq çörək məhsullarının keyfiyyətinə dövlət
nəzarəti tədbirlərini daha da gücləndirilib. Bununla bağlı verilmiş
Əmrə əsasən xidmətin müvafiq struktur bölmələri əhatə etdikləri
rayonlar üzrə çörək istehsalı və idxalı ilə məşğul olan təsərrüfat
subyektlərinin siyahısını hazırlayıb, həmin müəssisələrdə istehsal
edilən məhsulun keyfiyyətinin yüksəldilməsi məqsədilə müntəzəm
olaraq monitorinqlərin aparılması işini təmin etməli, mövcud
problemlərin öyrənilməsi və onların aradan qaldırılması məqsədi ilə
çörək məmulatları istehsalçıları ilə açıq görüşlərin təşkil
edilməsi, istehlakçıların maarifləndirilməsi, kütləvi informasiya
vasitələrində bu sahədə həyata keçirilmiş tədbirlər barədə
ictimaiyyətə məlumatların verilməsi işini gücləndirməlidirlər. Qeyd
edək ki, 2012-ci ilin dekabr ayında əhalinin təhlükəsizlik
normalarına uyğun və keyfiyyətli çörək məmulatları ilə təmin
edilməsi, taxıl və un məmulatlarının standartlaşdırılması üzrə
işlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədilə
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin
müvafiq Əmri ilə Azərbaycan Standartları İnstitutunun nəzdində
"Taxıl və un məmulatlarının standartlaşdırılması üzrə" Texniki
Komitə (TK 15) yaradılmışdır. Əmrə əsasən TK-nın Əsasnaməsi,
strukturu və tərkibi təsdiq edilmişdir. Texniki Komitədə
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə
yanaşı, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və bir neçə
çörəkbişirmə müəssisəsinin mütəxəssisləri də təmsil olunur. Texniki
Komitə tərəfindən hazırda "Buğda unundan hazırlanan çörək-bulka
məmulatları. Ümumu texniki şərtlər" standartı layihəsi üzərində iş
aparılır. Layihə tam hazır olduqdan sonra təsdiq üçün Komitəyə
təqdim ediləcək.