Azərbaycan ağır sənayesində mühüm yeniliklər

22 Dekabr 2016 10:10 (UTC+04:00)

Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırma sektoru üzrə strateji yol xəritəsi açıqlanıb. Strateji yol xəritəsinin məqsədləri üçün ağır sənaye və maşınqayırma sektorunda prioritet kimi mədənçıxarma (neft-qaz sektoru istisna olmaqla), metallurgiya, bəzi tikinti materialları (məsələn, sement) istehsalı, neft-qaz və kənd təsərrüfatı maşınqayırması kompleksi, elektrik avadanlıqlarının istehsalı, maşınqayırma sektorunda xidmət müəssisələrinin fəaliyyətinin inkişafı əsas götürüləcək. İqtisadçıların fikrincə, yol xəritəsi göstərilən sahələr üzrə ixracatda ciddi artıma səbəb olacaq. Bu fonda idxaldan da asılılığın  azalması gözlənilir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirdi ki, maşınqayırma Azərbaycan üçün priorotet sektorlardan biridir: “Maşınqayırma ilə bağlı strategiyanın hazırlanması ondan xəbər verir ki, Azərbaycan dövləti ağır maşınqayırmaya xüsusən də ixrac qabiliyyətini genişlənməsinə bir imkan kimi yanaşır. Təbii ki, ixrac imkanlarının genişləndirilməsi fonunda maşınqayırma sənayesi Azərbaycana valyuta axının təmin edə biləcək. Söhbət prioritet sahələrin inkişafından gedir. O baxımdan ağır maşınqayırmanın prioritet sektor seçilməsi düzgün qərardır. Bu aspektdən ağır maşınqayırma müqayisəli üstünlüyə malikdir və ölkəyə valyuta axına yardım edəcək. 
Düzdür, bütün bunlar zaman tələb edən işdir. Yeni bazarların tapılmasına, bazarlara çıxış imkanlarının artırılmasına ehtiyac var. Bu da strateji hədəfdir. Strategiya eyni zamanda idxaldan asılılığın aradan qaldırılması baxımından vacibdir. Güman ki, bu istiqamətdə də addımlar atılacaq. Çünki, ağır maşınqayırma sənaye olaraq inkişaf etdikcə yerli məhsulun istehsalının artması idxal məhsullarına olan tələbi azaldacaq. Nəticədə idxaldan asılılığın mərhələli şəkildə azalması müşahidə olunacaq. Bu, eyni zamanda ixracatın dəstəklənməsinə nail olmaqdır. Nəticə etibarı ilə ağır maşınqayırma sənayesinin inkişafı ölkəyə valyuta axınını təmin edən sektora çevrilə biləcək.  Bu, həm də yeni iş yerlərinin yaradılması anlamına gəlir. Ona görə də maşınqayırmanın prioritet seçilməsi məqsədəuyğundur”. 
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirdi ki, Azərbaycanın metallurgiya sənayesi üzrə xarici ölkələrlə müqavilələri var: “İtaliya şirkəti ilə olan müqaviləyə görə, Azərbaycana 1 milyard dollar investisiya qoyulacaq. Əslində, bu sahələrin inkişaf etdirilməsi iri investorların cəlb olunması baxımından da əhəmiyyətlidir. Çünki, Azərbaycanın bugünkü inkişaf səviyyəsi və qonşu ölkə bazarlarına baxdığımız zaman bu məhsulların istehsal olunub satılması məqsədəuyğun görünür. Bizim tip ölkələrdə bu sektorların inkişafı prioritet olması o baxımdan əhəmiyyətlidir ki, iri zavodların sayı artır. 
Bu sektor böyük kapital və əməktutumlu, investisiya tələb edən sahədir. Belə zavodların fəaliyyətə başlaması minlərlə insanın işlə təmin olunması deməkdir. Həmçinin burada istehsal olunan məhsulların daha geniş bazarlara çıxması, ixracı daha çox baş verir. Çünki, bu sahədə tikilən zavodlar daha çox ixracyönümlü olur. İstehsal həcmi böyük olduğuna görə daxili bazar kifayət etmir. O baxımdan bu məhsulların ixracı ölkəyə valyuta axını baxımından əhəmiyyət kəsb edir”.
Mübariz BAYRAMOV