Bakıda polis maşınını çəkiclə sındıran şəxsin cinayət işi məhkəməyə göndərilib

22 Dekabr 2016 21:30 (UTC+04:00)

Bakıda Yol Patrul Xidməti (YPX) avtomobilinin müxtəlif hissələrini çəkiclə sındıran Şahin Bəylərovun barəsində olan cinayət işinin materialları ilə tanış olma mərhələsi başa çatıb. "Report"un məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib. Məhkəmə prosesi yaxın günlərdə başlayacaq.
Qeyd edək ki, bu il fevral ayının 18-də Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Nərimanov rayonunun G.Qədirbəyova küçəsində əvvəllər məhkum edilmiş Ş.Bəylərov həmin ərazidə xidmət aparan “BMW” markalı 99-YP-423 dövlət qeydiyyat nişanlı YPX avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb. Daha sonra Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəxsin sərxoş halda olması müəyyən edilib. Ondan 302,477 qram heroin götürülüb.
O, Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.