İsmayıllının icra başçısı danışdı
24 Yanvar 2013 13:14 (UTC+04:00)
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov
rayonda dünən axşam saatlarında baş verən olaydan danışıb.
"Movqe.az N. Ələkbərovun "Media forum" saytına müsahibəsini təqdim
edir:
- Yanvarın 23-də İsmayıllı rayonunda nə baş verib?
- İki nəfər şəxs arasında insident yaranıb, onların maşınları
toqquşub. Daha sonra isə hadisələr xoşagəlməz istiqamətdə davam
edib. Amma indi, şükür Allaha, hər şey normaldır. Rayonda hər şey
öz axarında davam edir. Rayon rəhbərliyi də rayondadır, hər şey öz
qaydasındadır.
- Nizami müəllim, həmin şəxslər kimlərdir? Adları sizə
bəllidirmi?
- Hazırda istintaq gedir. Məsələni istintaq qurumları araşdırır,
ona görə də biz dəqiq deyə bilmərik. Otelin meneceri və daha bir
nəfər başqa vətəndaş olub.
- Bu başqa vətəndaşın sizin qardaşınız oğlu olduğu deyilir.
- Qətiyyən, qətiyyən. Nə qardaş oğlu, nə də digər yaxınlıq var.
Biri işçidir, digəri isə vətəndaşdır.
- Siz həmin şəxsləri tanıyırsınızmı?
- Yox, heç birini tanımıram.
- Onlar rayon sakinləri deyillər?
- Biri İsmayıllı sakinidir, otelin meneceri isə, deyəsən, Bakı
sakinidir.
- Nizami müəllim, bəs nə üçün sonra sizin evə hücum olub? Rəsmi
açıqlamada da belə göstərilir. Hətta sizin evin həyətində olan bir
maşın da yanıb.
- Birinci otelə hücum olub, sonra isə hansısa qeyri-sağlam qüvvələr
onları mənim evimə yönəldib.
- Sizin əmlakınız ziyan görübmü?
- Elə bir ciddi ziyan yoxdur. Pəncərə-qapı sınıb, heç bir şey
yoxdur.
- Siz həmin vaxt evdə olmusunuzmu?
- Yox, evdə olmamışam. Başqa tədbir vardı, orda idim.
- Hazırda rayonda durum necədir? Bakıdan hadisəni araşdırmaq üçün
hüquq mühafizə orqanlarının rəhbərlərindən orda olan varmı? Durum
necədir?
- Durum normaldır, mən özüm də rayondayam, səhər çıxıb rayonun
mərkəzində gəzdim, bazar tərəfə getdim, sakitlikdir, hər şey
qaydasındadır.
- Hazırda insanların etirazı yoxdur, eləmi?
- Yox, yoxdur.
- Hadisə ilə bağlı saxlanılan varmı?
- Bilmirəm, mən dəqiq deyə bilmərəm.