Avtobusla sərnişindaşımada əhalini narazı salan problemələrə son qoyulur

23 Dekabr 2016 08:00 (UTC+04:00)

Növbəti ildə Bakı şəhərində marşrut xətlərinin müvəqqəti istismara verilməsi müsabiqə yolu ilə həyata keçiriləcək. Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli bildirib. Onun sözlərinə görə, bu barədə Nazirlər Kabinetinin müvafiq qərarı mövcuddur: "İlk belə müsabiqənin 2017-ci ilin yanvarında keçirilməsi nəzərdə tutulub. Bakı Nəqliyyat Agentliyi bir daha bəyan edir ki, hər hansı avtobus şirkətinin keyfiyyətdə dominantlıq etməsi, onun inhisarçı olması demək deyil. Agentlik avtobus şirkətləri arasında heç bir fərq qoymur. Bizim üçün önəmli olan yalnız vətəndaşa göstərilən xidmətin keyfiyyətidir".

Qeyd edək ki, hazırda Bakıda sərnişindaşımada istifadə edilən avtobusların ümumi sayı 2 100, marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcıların sayı isə 58-dir.  V.Kərimli əlavə edib ki, Bakıda müntəzəm sərnişindaşıma ilə məşğul olan 58 daşıyıcıdan yalnız 17-si maddi-texniki istehsalat bazasına malikdir: "Bu daşıyıcıların əksəriyyəti qoyulan tələbələrə cavab vermir. Bu gün təəssüf ki, hələ də bir sıra avtobuslar xəttə qarajlardan deyil, müxtəlif məhlələrdən çıxır". 
Bakı şəhərində marşrut xətlərinin müvəqqəti istismara verilməsinin müsabiqə yolu ilə həyata keçirilməsi ictimai nəqliyyatda mövcud neqativlərin aradan qalxmasına səbəb ola bilərmi?
Nəqliyyat məsələləri üzrə mütəxəssis Azər Allahverənov düşünür ki, müsabiqə prosesi şəffaf keçirilərsə və rəqabət mühiti yaradılarsa, marşurun xətlərinin müsabiqə yolu ilə istismara verilməsi hadisəsinin nəqliyyatda neqativ olayların aradan qaldırılmasında böyük rolu olacaq: “Mövcud qaydalara görə, hansısa bir şirkət sərnişindaşıma xidməti göstərmək istəyirsə, bunun üçün Bakı Nəqliyyat Agentliyinə müraciət edir. Belədə hansısa bir marşurutla bağlı iddiasını ortaya qoyur, lisenziya ilə təmin olunur və yoxlayırlar ki, şirkətə məxsus marşuruta çıxan avtobuslar tələblərə cavab verir, ya yox. Yəni, proses daha keyfiyyətli sərnişindaşıma xidmətlərini təklif etmək prinsipi üzərində qurulur. Bu əsasda da lisenziyanın verilib-verilməməsi haqda qərar çıxarılır. 
İndi söhbət hansısa müsabiqə əsasında şirkətlərə marşurutun verilməsi məsələsindən gedirsə, təbii ki, müsabiqə həm də rəqabət deməkdir. Rəqabət olduğu yerdə isə şübhəsiz ki, daha keyfiyyətli sərnişindaşıma xidmətlərini təklif edən şirkətlərə üstünlük  və bu əsasda da lisenziyalar veriləcək. Belədə rəqabət olduğundan təxmin edə bilərik ki, təklif olunan xidmətlər daha keyfiyyətli olacaq. Qalib gələn də bu əsasda yüksək keyfiyyətli sərnişindaşıma xidmətləri təklif edən şirkətlər olacaq. Bu əsasda müvəqqəti verilən lisenziya növbəti illərdə daha rəqəbətli mühitin və ona uyğun olaraq da sərnişindaşımada daha keyfiyyətli xidmətin yaranmasına stimul verəcək. Çünki hər bir şirkət çalışacaq ki, marşurutda xidməti özü həyata keçirsin, buna nail olmaq üçün də sərnişinlərə ən yüksək keyfiyyətli xidmətlər təklif edəcəklər. Burada ancaq başqa məsələlər də ola, kimsə nəyisə şübhə altına ala, hansısa bir qurumun fəaliyyətində neqativlər axtarmağa çalışa da bilər. 


Ona görə də söhbət müsabiqədən gedirdə, orada əsas məsələ sağlam rəqabət mühitinin yaradılmasından keçir. Bu baş verərsə, müsabiqənin nəticələri də ədalətli olacaq və heç kim onu şübhə altına almayacaq.  Bu baxımdan da prosesə ictimai monitorinq  komponenti gücləndirilməlidir. Yəni, baş verən müsabiqə və hadisələr kifayət qədər şəffaf mexanizm əsasında həyata keçməlidir. Bu olarsa, təbii ki, marşurutların istismara verilməsi nəqliyyatdakı neqativ amillərin aradan qaldırılması istiqamətində müsbət nəticələrə gətirib çıxaracaq”.  
Nəqliyyat məsələləri üzrə digər ekspert Məzahir Rüstəmov isə marşurutların müsabiqə yolu ilə istismara verilməsinin sərnişin nəqliyyatındakı neqativlərin aradan qaldırılmasına zəmin yaradacağına tam şəkildə əmin deyil. Onun fikrincə, bunun üçün birincisi, müsabiqə şəffaf olmalı, ikincisi, paralel olaraq sərnişin-sürücü, sahibkar-sürücü münasibətlərində də islahatlar aparılmalıdır: “Marşurun xətlərinin müsabiqə yolu ilə istismara verilməsi addımı mükəmməl və aktual bir məsələdir. Hələ on il bundan öncə təklif vermişdik ki, marşurut xətlərinin istismara verilməsi müsabiqə yolu ilə həyata keçirilsin. Göstəriləcək xidmətin kompleks halında olacağını da müsabiqə təyin edəcək. İkinci bir tərəfdən, nəqliyyat sahəsində köklü islahatlar olmadan müsabiqə yolu ilə hansısa xətlərin kimlərəsə verilməsi inandırıcı deyil. Ola bilsin ki, hardasa atılan addım uyğunluq təşkil etsin. Çünki artıq nəqliyyat sahəsində maraqlar əvvəlki tək yüksək deyil. Böyük şirkətlər üçün bu, artıq oturuşmuş iş olacaq. Amma yeni yaranan şirkətlər üçünsə bu, artıq əlçatmaz işdir. Yəni, prosesə yeni şirkətlərin qoşula biləcəyini görə bilmirəm. Təbii ki, müsabiqə şəffaf olacağı təqdirdə sərnişindaşıma  xidmətinin yüksələcəyini, bu istiqamətdə irəliləyişin olacağını  gözləyə bilərik.  Başqa bir tərətdən, özümüz-özümüzü də islah etməliyik. Nəqliyyat sahəsi bütövlükdə islah olunmalıdır. Bunun üçün də ilk növbədə özümüzdən başlamalıyıq. Hər bir vətəndaş, sürücü, sahibkar, nəzarətçi, sərnişin islah olunmağa özündən başlamalıdır. Bu baş verəcəksə, proses şəffaf olacaqsa, marşurut xətlərinin istismara verilməsinin müsabiqə yolu ilə həyata keçirilməsi istiqamətində də ciddi uğur qazanmaq mümkün olacaq. Sərnişin-sürücü münasibətləri, həm sahibkar-sürücü mübasibətləri istiqamətində islahatlar getməlidir. Heç bir sahibkar sürücüyə istismar mənbəyi kimi baxmamalıdır. Bütün bu münasibətlərdə yenilənmə baş verəcəksə, təbii ki,nəsə əldə etmək mümkün olacaq”.
Rüfət NADİROĞLU