Lisenziyasız stomatoloji kabinetlər virus ocaqlarıdır

24 Yanvar 2013 14:15 (UTC+04:00)
"Bakı ətrafındakı qəsəbə və kəndlərdə sanitar-gigiyenik tələblərin yerinə yetirilməsi üçün şərait olmayan,  alətlərin sterilizasiya edilməsi üçün xüsusi aparat olmayan stomotoloji kabinetlər lisenziyasız fəaliyyət göstərənlərdir". Bu sözləri Movqe.az-a açıqlamasında Respublika Stomatoloji Mərkəzinin baş həkimi Kamran Aslanov söyləyib. K. Aslanov ötən il respublika üzrə stomotoloji kabinetlərin fəaliyyətinin yoxlanıldığını, bu barədə hazırlanan arayışın Səhiyyə Nazirliyinə təqdim edildiyini söylədi. Onun sözlərinə görə, müvafiq qaydalara əsasən stomotoloji kabinet açmaq istəyən şəxslər bunun üçün Səhiyyə Nazirliyinə müraciət edirlər. K. Aslanov nazirliyin əməkdaşlarının həmin stomotoloji kabinetə baxış keçirdiklərini, gigiyenik-sanitar vəziyyət, alətlərin sterilizasiyası üçün aparat olduğu təqdirdə həmin kabinetin fəaliyyəti üçün lisenziya verildiyini bildirdi.
Qeyd edək ki, stomotoloji kabinetlərin fəaliyyətləri hər il yoxlanılsa da, xüsusilə paytaxtın ətraf qəsəbə və kəndlərində sanitar-gigiyenik tələblərə cavab verməyən, hətta təhlükəli virusların yayılması üçün münbit şəraiti olan stomotoloji kabinetlər hələ də əhaliyə "xidmət" göstərir. Bu cür stomotoloji kabinetlərdə hətta alətlərin steril edilməsi üçün aparat belə yoxdur. Movqe.az-ın əməkdaşının apardığı kicik araşdırma zamanı bəlli olub ki, 7-ci Binəqədi şossesinin alt hissəsində yerləşən stomotoloji kabinet ərazidəki sakinlərə sterilizasiya aparatı olmadan xidmət göstərir. Kabinetin stomotoloqu xəstələrə bildirir ki, alətləri digər iş yerində, steril edərək gətirdiyindən hər hansı təhlükəli virusun digər xəstəyə kecməsindən söhbət gedə bilməz. Qeyd edək ki, qəsəbə və məhəllələrdə fəaliyyət göstərən  stomotoloji kabinetlərin stomotoloqlarının əksəriyyəti alətlərin sterilizasiyasını birinci iş yerində aparır. Vaxt məhdud olduğundan, günün ikinci yarısında müştəriləri tez-tələsik yola salmağa can atan stomatoloqlar, əksər hallarda  gigiyenik tələblərə başdan sovdu yanaşaraq hepatit, hətta QİCS kimi təhlükəli infeksiyaların yayılmasına şərait yaradırlar.
Qeyd edək ki, anoloji təhlükə artıq lisensiyasız fəaliyyət göstərən stomotoloji kabinetlərin mütləq əksəriyyətində müşahidə olunur. K.Aslanov isə deyir ki, belə halların qarşısının alınması üçün ərazi sanitar epidemioloji stanasiyalar ayıq-sayıq olmalı, lisenziyasız fəaliyyət göstərən stomotoloji kabinetlərin fəaliyyətini dərhal dayandırmalıdırlar: "Belə stomotoloji kabinetlər virus ocaqlarıdır. Mən əhaliyə müraciət edirəm ki, lisenziyası olmayan stomatoloji kabinetlərin fəaliyyətindən yararlanmasınlar. Stomotoloji kabinetə girərkən Səhiyyə Nazirliyinin lisenziyasını tələb etsinlər. Əslində bu lisenziya stomotoloji kabinetdə görünən yerdə divardan vurulmalıdır ki, xəstənin narahatçılığına əsas qalmasın. Hansı stomatoloji kabinetdə bu lisenziya vurulmayıbsa xəstələr bilməlidirlər ki, orada həyat və sağlamlıq üçün təhlükəli olan QİCS, Hepatitin müxtəlif növlərinə yoluxa bilərlər. Çünki belə kabinetlərdə alətlərin steril olduğuna heç bir qurum zəmanət vermir".
K. Aslanov selikli qişa ilə təmasda olan tibbi alətlərinin  sterilizasiya edilməməsi üzündən hamilə qadınların, azyaşlı uşaqların belə bu təhlükəli virusların daşıyıcılarına çevrilmə ehtimalının böyük olduğu barədə xəbərdarlıq etdi.