İsmayıllıda sakitlikdir

24 Yanvar 2013 14:25 (UTC+04:00)

Hazırda İsmayıllı rayonunda sakitçilikdir və heç bir ciddi insident baş vermir. Bu barədə Trend-ə İsmayıllı rayon Polis İdarəsinin rəisi Nizami Qocayev bildirib.Onun sözlərinə görə, əlavə məlumatları Daxili İşlər Nazirliyi özü rəsmi şəkildə açıqlayacaq. İsmayıllı rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, hazırda rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov baş vermiş hadisələrlə bağlı ərazidə baxış keçirir. Onunla birlikdə millət vəkilləri və Bakıdan gəlmiş digər qonaqlar da var. Qeyd edək ki, İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəfael Əhmədovun öncə Trend-ə bildirdiyinə görə, bu gün İsmayıllı rayonunun bir qrup sakini yenidən etiraz aksiyası keçirib. Aksiya zamanı sakinlər polislərə daş atıblar. Xatırladaq ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin İsmayıllıda baş verən kütləvi münaqişə ilə bağlı birgə məlumatında bildirilir ki, yanvarın 23-də saat 21:30 radələrində İsmayıllı şəhərində "Çıraq" hotelinin və 4 ədəd müxtəlif markalı avtomobilin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib.