Paytaxtda yeni tikinti bumu başlanır

24 Dekabr 2016 10:00 (UTC+04:00)

"Bəzi "xruşşovka" tipli binaların sökülməsi gündəmdədir". Bunu Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirib: "Bakının görünüşünə ciddi xələl gətirən binaların sökülməsi nəzərdə tutulur. Bunlar əsasən 1-2 mərtəbəli binalardır. İlk növbədə insanların həyatı üçün təhlükə yaradan və şəhərin görünüşünə xələl gətirən azmərtəbəli binalar söküləcək. Bu proses hal-hazırda həyata keçirilən pilot layihə çərçivəsində davam edir. Məsələn, Sabunçu, Suraxanı, Binəqədi, Nizami, Nəsimi rayonlarında söküntü işləri həyata keçirilir". 

Bundan əlavə 2035-ci ilədək Bakının mənzil fondunun sahəsi 97,78 milyon kvadrat metr təşkil edəcək. Eləcə də Bakı ərazisinin zonalaşdırılması və istifadəsi planında nəzərdə tutulub. Plana əsasən, həmin müddətədək adambaşına düşən yaşayış sahəsi 25 faiz artacaq.Bu planla əlaqədar olaraq Bakıda 122 minə yaxın bina söküləcək və ya yeri dəyişdiriləcək. Özü də  binaların sökülməsi bütün şəhər ərazisində həyata keçiriləcək. Bəs, yeni söküntü işləri tikinti sektoruna nə vəd edir? 
Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanov hazırkı durumda "xruşşovka"  tipli binaların sökülməsinin doğru yanaşma olmadını qənaətindədir: “Öncə onu deyim ki, Bakının 12 rayonunda ümumilikdə 40 minə yaxın mənzili əhatə edəcək 12 minə qədər binanın söküləməsi məsələsi artıq çoxdan gündəmdədir. Artıq bu prosesin icrası da aparılır. Yəni, məsələ bilavasitə Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. İşin aparılması üçün artıq müvafiq icra strukturlarına, rayon icra hakimiyyətlərinə vəsaitlər də ayrılıb. Bilavasitə "xruşşovka"lar və istismar müddəti bitən, bitməkdə olan çoxmənzilli binaların sökülməsinə bununla bağlı fikrim konkretdir. 
Mövcud fikirlərə görə, bu proses dövlət vəsaiti hesabına həyata keçirilməlidir. Mənbə olaraq da Maliyyə Nazirliyi və Dövlət Neft Fondu göstərilir. Amma düşünürəm ki, indiki iqtisadi şəraitdə dövlət vəsaitləri hesabına həmin layihənin icrası Azərbaycan üçün tam sərfəli sayıla bilməz. Prosesin icrası əslində, xarici investorların cəlb olunması hesabına həyata keçirilməlidir. Buna nail olmaq üçün də ölkədə şəffaf investisiya mühiti formaşaldırılmalı, qanunvericilikdə xarici investorlara dövlət zəmanəti verən müvafiq dəyişikliklər olmalıdır. Yəni, investor bilməlidir ki, qoyduğu investisiya risq altında deyil. Təbii ki, proses məhz bu şəkildə həyata keçirilərsə, "xruşşovka"lar da sökülə bilər. 
Bütövlükdə ölkədə şəhərsalmanın sürətləndirilməsi, bəzi binaların sökülməsi, daha yeni memarlıq üslubuna aid binaların tikilməsinı birmənalı olaraq məqbul hesab edirik. Amma həmin layihənin dövlət vəsaitləri hesabına icrası indiki şəraitdə yolverilməzdir”.
«MBA Konsaltinq» Şirkətinin rəhbəri Nüsrət İbrahimli bildirdi ki, "xruşşovka"ların söküntüsü tikinti sektorunda canlanmaya rəvac vercək. Amma ekspert bunun üçün ciddi vəsaitlərə ehtiyac olduğunu da deyir: “Bakı şəhərində mövcud mənzil fondunun  böyük bir hissəsi artıq fiziki cəhətdən tamam aşınıb. Belədə də  onların sökülərək yenilənməsinə ehtiyac vardır. Çünki hazırda bu binalar risq mənbəyidir. Hansısa bir fövqəladə hadisə baş versə, orada risqlərdən yayınmaq mümkün olmayacaq. Ona görə də fiziki və mənəvi baxımından tam aşınmış binaların yenilənməsilə bağlı qərar verilib. Tikinti şirkətlərinədə təklif olunur ki, müəyyən bir məhəllələr üzrə söküntü işləri aparıb, əvəzində yeni binalar inşa etsinlər. Hansı ki, onun da həyata keçirilməsi uzunmüddətli bir layihədir. Hətta layihənin müddəti on illiklərlə uzana bilər. Amma Bakı şəhərinin yenilənməyə ciddi ehtiyacı var. Təbii ki, aşınmış və köhnə binaların söküntüsü prosesi başlanılsa, tikinti sektorunda da yenidən canlanma baş qaldıracaq. Tikinti sektorunun canlanması ilə iqtisadiyyatın digər sahələri də onunla bərabər canlanır. İqtisadi durum da yaxşılaşır. Belədə tikinti inkişaf baxımından digər sahələri də öz ardınca dartıb aparacaq. Lakin başlıca məsələ odur ki, bu layihənin böyük investisiyalara ehtiyacı var”.
Rüfət NADİROĞLU