Qarabağ münaqişəsinin həlli ilə bağlı böyük dəyişikliklər başlanır

24 Dekabr 2016 09:00 (UTC+04:00)

Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar bu il istənilən nəticəni vermədi. Məlum aprel hadisələrindən sonra məsələnin sülh yolu ilə həlli istiqamətində müəyyən cəhdlər olsa da indi vəziyyət dəyişib və erməni tərəfi danışıqlardan qaçır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi” hesab olunan “Stratfor” beyin mərkəzi isə yazır ki, Dağlıq Qarabağda bu fonda müharibənin başlanması ehtimalı böyükdür. 

Bir daha qeyd edək ki, cari ilin aprelində erməni işğalçıları Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində ağır məğlubiyyətə düçar oldular. Azərbaycan ordusu 4 günlük hərbi əməliyyatların gedişində müəyyən əraziləri işğalçılardan azad etdi. Bu döyüşlər nəticəsində Ermənistan və onun havadarları Azərbaycan Ordusunun gücünü bir daha əyani şəkildə gördülər. Aprel hadisəsindən sonra münaqişənin həlli istiqamətində intensiv danışıqlar prosesinə start verildi. May və iyun ayları ərzində Vyana və Sankt-Peterburq şəhərlərində münaqişə tərəfləri arasında iki görüş baş tutdu. Təəssüf ki, həmin görüşlərə olan ümidlər də puça çıxdı. Münaqişənin həlli istiqamətində ermənilərin günahı üzündən bu dəfə də real addımlar atılmadı. Ermənistan yenə də danışıqlardan qaçmaq və cəbhədə təxribatlarını davam etdirmək yolunu tutdu. Belə bir vəziyyətdə münaqişə həll olunmadan növbəti ilə qədəm qoymaqdayıq. Bu fonda gələn il ərzində Qarabağla bağlı proseslərin hansı müstəvidə cərəyan edəcəyini gözləmək olar? 
Milli Məclisin deputatı, politoloq Elman Nəsirov münaqişənin həll imkanlarının kifayət qədər mürəkkəbləşdiyi qənaətindədir: “2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı elə də nikbin proqnoz vermək mümkün deyil. Məsələ ondadır ki, başa vurmaqda olduğumuz cari ildə aprel döyüşləri nəticəsində həmsədrlərin münaqişənin həlli istiqamətində qətiyyət nümayiş etdirəcəklərinə bir ümid yarandı. Lakin bu da olmadı. Ermənistan öz köhnə ampulasındadır və tənzimlənmə prosesində müsbət dinamika müşahidə edilmir. Həmsədrlər ilin sonuna doğru prezidentlərin növbəti görüşünü təşkil edə bilmədilər. Hətta onlar dekabrın 8-də Almaniyanın Hamburq şəhərində xarici işlər nazirlərinin toplantısında belə münaqişə tərəflərinin xarici işlər nazirlərini görüşdürə bilmədilər. Bu, onu göstərir ki, artıq tənzimlənmə prosesinin dərin bir dalana dirəndiyini həmsədrlərin özləri də artıq etiraf edirlər. Belədə hesab edirəm ki, 2017-ci ildə prosesin sülh yolu ilə tənzimlənməsi istiqamətində elə də geniş imkanlar yoxdur. 
Hərbi yolla problemin həllnə gəldikdə, bilirsiniz ki, Azərbaycan münaqişənin dinc yolla həllinə tərəfdardır. Lakin hadisələr fərqli müstəvidə inkişaf etsə, problemin hərbi yolla həll etmək hüququnu da Azərbaycan özündə saxlayır. Beynəlxalq hüquq bizə bununla bağlı imkan verir. Fikrimcə, 2017-ci ildə konfliktin həllilə bağlı prosesdə forma dəyişikliyi ola bilər. O baxımdan ki, ATƏT-in Minsk qrupunun həmsədrlərdən olan ABŞ-da yeni prezident fəaliyyətə başlayacaq. Həmçinin, ABŞ-dan olan həmsədr Ceyms Uorlikin də səlahiyyət müddəti bu ilin dekabrın 31-də başa çatır. Gələn il onu başqa birisi əvəz etməlidir. Eyni zamanda, gələn ilin yazında Fransada prezident seçkiləri olacaq. Bütün bunlar da münaqişənin həllilə bağlı prosesə müəyyən nüanslar əlavə edir. Amma bir qədər nikbinlik üçün də müəyyən əsaslar var. 
Nikbinlik üçün əsas ondan ibarətdir ki, Rusiya özünün yeni xarici siyasət konsepsiyasını qəbul edib. Bu, 2013-cü ildə qəbul olunan konsepsiyanın bir qədər təkmilləşdirilmiş variantıdır. Həmin konsepsiyadakı bəndlərdən biri də postsovet məkanında dondurulmuş münaqişələr adlanır. Münaqişələrlə bağlı bu hissədə Dağlıq Qarabağ münaqişəsilə əlaqədar da xüsusi fikirlər əksini tapıb. Onu oxuduqca, bu qənaətə gəlməyə ümid yaranır ki, sənəddə Azərbaycanın xeyrinə olan məqamlar vardır. Birinci məqam ondan ibarətdir ki, burada həmsədr dövlətlərin rəhbərlərinin qəbul etdiyi bəyanatlar əsasında münaqişənin həll edilməsi məsələsi qoyulub.  2011-ci ildə Fransada “Böyük 8-liyin” toplantısında ABŞ prezidenti  Barak Obama, Fransa prezidenti Nikola Sarkozi və Rusiya prezidenti Dmitri Medvedyev Dovil bəyanatı qəbul etdilər. Burada Qarabağ münaqişənin həlli prosesində qətiyyətli addımların atılma vaxtının çatdığı qeyd olunurdu. Ən başlıcası isə münaqişədə status-kvo vəziyyətinin qəbuledilməzliyi ifadəsi öz əksini tapdı. 
Azərbaycan Prezidenti İlham Əliyev də Dovil bəyanatına yüksək qiymət vermiş və qeyd etmişdi ki, ilk dəfədir həmsədr dövlətlərin prezidentləri səviyyəsində status-kvo vəziyyətinin qəbuledilməziliyi vurğulanır. Azərbaycan torpaqları işğaldan azad olunmalıdır və yalnız bundan sonra sülh prosesindən söhbət gedə bilər. Rusiyanın xarici siyasət konsepsiyasında məhz Dovil bəyanatına istinad edilməsi onu göstərir ki, artıq Moskva yenidən bu formatı və onun çərçivəsində razılaşmanı işə salmaq istəyir. Bunun üçün də müəyyən müsbət hadisələr baş verməkdədir. ABŞ-da Donald Trampın prezident seçilməsi Rusiya ilə münasibətlərdə bir istiləşmənin olacağından xəbər verir. Fransada isə sağ-respublikaçı blokdan olan namizədin qalib gəlmə şansları böyük qiymətləndirilir. O da Dovil bəyanatına imza atan Sarkozinin xələfi hesab edilir. Başlıca məqamlardan biri də odur ki, Türkiyə Rusiya münasibətlərinin yaxşılaşması prosesi gedir. Hansı ki, bu amillər də tənzimləmə prosesinə yeni impuls verə bilər. Rusiyanın yeni təhlükəsizlik konsepsiyasında əsas məsələlərdən biri də Böyük Avrasiya planıdır ki, onun da reallaşdırılması Azərbaycansız qeyri-mümkündür. Bunu müstəqil ekspertlər də qeyd edir. Bütün bunların hamısını nəzərə almaqla deyə bilərik ki, 2017-ci ildə münaqişənin həlli ilə bağlı prosesdə müsbət dinamikanın olacağını proqnozlaşdırmaq olar. Amma bütövlükdə münaqişənin həlli imkanları kifayət qədər mürəkkəbləşib. Ümid edirik ki, söylədiyim realıqlar əməli təsdiqini tapsa, doğrudan da 2017-ci ildə münaqişənin həllilə bağlı hətta sensasion addımların da şahidi olmaq mümkün ola bilər”.
Rüfət NADİROĞLU