İqtisadiyyatda yeni maliyyəşləmə mexanizmləri işə salınır

24 Dekabr 2016 09:40 (UTC+04:00)

Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir ki, 2017-2020-ci illərdə Azərbaycanda yeni maliyyələşmə mexanizmləri tətbiq ediləcək. Söhbət  beynəlxalq təcrübədə tətbiq olunan, Azərbaycanda isə hələ geniş yayılmamış yeni maliyyələşmə mexanizmlərinin, o cümlədən startaplar, vençur fondları, “mələk investorlar”ı (“angel investor”), etimad fondları (“trust fund”) kimi innovasiya yönümlü beynəlxalq təcrübənin maşınqayırmada tətbiqindən gedir. Artıq bu sahədə təkliflərin hazırlanması işinə başlanılıb.

Yenilik həmişə faydalıdır. Amma gərək bunu yüksək səviyyədə və yeni şəraitə uyğun tətbiq etməyi bacarasan. Bəs, bu tip beynəlxalq təcrübədən istifadə respublikamıza nə verə bilər? Adından da göründüyü kimi terminlər müasir inkişaf prosesinin atributlarıdır və bu mənada iqtisadiyyatın müasirləşdirilmə relsinə keçirilməsi gündəmə gəlir. Bu, düzgün və vaxtında edilmiş strategiyadır. Çünki, sürət əsrində yalnız irəli baxanlar udur. Məsələn, startap layihəsinin əsas məqsədi İKT sektorunda investisiya mühitini yaxşılaşdırmaq, ən yaxşı İnternet və  İT layihələrini üzə çıxarmaq,  innovativ ideyaların uğurlu biznes  sahəsinə çevrilməsinə yardım etməkdir. Demək, İKT əsaslı texnolofiyalar Strateji Yol Xəritəsində (SYX) başlıca məqsəddir. Təqdim və tətbiq edilən layihələrin son məqsədi  real biznesin qurulmasına, xidmətlərin, sosial servislərin təqdim edilməsinə yönəlməli və müştəri cəlb edilməsinə istiqamətləndirilməlidir. Bu yol işin effektiv innovasiyalar, yəni mütləq mənada gəlirin əldə olunması prinsipi üzərində qurulmalıdır.
İdeya var, layihə işlənib, lakin bunu həyata keçirmək üçün vəsait lazımdır. Hardan tapmalı? Dərhal kredit yada düşür. Lakin bu da məsələnin əsas məğzi deyil. Krediti necə, niyə verməli sualı ortaya çıxır. Banklar və kredit qurumları adətən kredit riskinin minimum olduğu sahələrə üstünlük verirlər. Buna görə də yeni şirkətlərin kreditlərdən istifadə etmək imkanı həmişə məhduddur. Şirkətlərin mövcud olması müddətinə dair sərt tələblər (3-5 il), onun aktivləri, minimum emissiyasının həcmi, kiçik şirkətlərin öz qiymətli kağızları ilə fond bazarına çıxmalarına mane olan səhmlər buraxılması proseduru ilə bağlı tələbləri həmin şirkətlərin qiymətli kağızlar bazarına çıxmasını praktiki olaraq qeyri-mümkün edir. Bu vəziyyət kiçik tədqiqatlarla və tətbiq layihələri ilə məşğul olan firmaların fəaliyyətinin maliyyələşdirilməsi üçün vençur maliyyələşdirməsi normasının yaranmasına səbəb olub. Vençur maliyyələşdirməsinin mahiyyəti kreditin borc qəbzləri (veksel) almaqla verilməsindən ibarətdir. Peşəkar vençur kapitalı bazarı adətən peşəkar səviyyədə idarə edilən investisiya pulu şəklində çıxış edir. 1958-ci ildə ABŞ-da müvafiq qanun qəbul edildikdən sonra kiçik müəssisələrin yaradılması və inkişafını maliyyələşdirmək üçün xüsusi kapitalı və dövlət vəsaitlərini özündə birləşdirən kiçik investisiya şirkətləri yaradılmağa başlanılıb və uğur təmin edilib. Bu bazarın Azərbaycanda da yaradılması kiçik müəssisələrin geniş intişar tapmasına imkan yaradacaq.
Müasir texnologiyalar Azərbaycana indi-indi gəlməkdədir. Sahibkarlar bu işdə yeni ideyalarla çıxış etsələr də ideyaların həyata keçməsi üçün müvafiq maliyyə vəsaiti tapmaqda çətinlik çəkirlər. Lakin investorlar onların dadına çata bilərlər. Əgər buna cürət etsələr. Çünki, sövet ideyaları ilə yaşayan investorlar risk amilindən qorxur və pullarını banklarda və döşək altında saxlamağa üstünlük verirlər. İqtisadiyyatın isə hərəkətsiz qalmış bu pullara ehtiyacı böyükdür. Söhbəti gedən müasir xarici metodlar və təcrübə bu kimi passiv fəaliyyəti aktivləşdirməyə və dövriyyəyə yeni vəsaitlərin cəlb olunmasına ciddi yardım edəcək. 
N.NOVRUZ