Azərbaycanın güclənməsindən qorxuya düşənlər

27 Dekabr 2016 09:15 (UTC+04:00)

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov  vurğulayıb ki, bu gün Azərbaycan dünyada nə qədər nüfuz və hörmət qazanıb, inkişaf pillələrində nə qədər yüksəlibsə, bir o qədər də əleyhdarları meydana gəlib: “Dünyada böyük erməni lobbisi, diasporu ilə qarşı-qarşıyayıq, böyük islamafob dairələri ilə üzbəüzük, Azərbaycanı istəməyən region və dünyadakı qüvvələr, missioner təşkilatlar var ki, onlar Azərbaycan xalqının birlik və inkişafını görmək istəmir və buna qarşı müxtəlif maneələr yaradır”.

Kimdir bu qüvvələr, missioner təşkilatları maliyyələşdirənlər, ölkəmizi istəməyənlər... Adətən, müstəqilliyinin yeni dövrünə qədəm qoymuş ölkələrdə düzgün iqtisadi-siyasi kurs götürüləndə inkişaf daha sürətlə gedir. Azərbaycanın cəmi 25 illik müstəqillik yolu buna parlaq sübutdur. Zəngin təbii sərvətlərdən optimal şəkildə istifadə, onlardan əldə edilən gəlirlərin iqtisadiyyatın şaxələndirilməsinə və insan kapitalının yaradılmasına yönəldilməsi bəhrəsini verib. Tarix üçün qısa zaman kəsiyində ölkəmiz böyük sürətlə inkişaf edib. 
İqtisadi inkişaf intellektual yüksəlişə təkan verib. Tarixən humanizmin və ictimai-fəlsəfi fikrin yüksək intişarına malik olan Azərbaycanda bu istiqamət müasirliyi ilə diqqəti cəlb edir. Xüsusilə miltikultural və multikonfessial dəyərlər baxımından Azərbaycan xalqının meyarları, tolerant münasibətləri dünyada geniş sürətlə yayılır, təqdir və təbliğ olunur. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı sayılan BMT-də bu dəyərlər qiymətləndirilir, yayılması tövsiyə olunur. 25 il əvvələ qədər varlığından bir çox xalqların məlumatı olmayan dövlətin bu səviyyədə tanınması onun sərvətlərinə göz dikənləri heç cür təmin edə bilməz. 
Azərbaycanı şöhrətləndirən amillərdən biri qazandığı uğurlar nəticəsində əldə etdiklərini digər dövlətlərin xalqları ilə paylaşmağıdır. Hazırda ölkə rəhbərliyinin bilavasitə təşəbbüsü və iştirakı ilə Avropa Birliyinin enerji təhlükıəsizliyinin təminatında böyük rol oynayacaq TAP və TANAP kimi layihələrin həyata keçirilməsi regionun özündə və kənardan bu yerlərdə geosiyasi maraqlar güdən qüvvələrdə qısqanclıq və qorxu hissi yaradır. Amma dünyada toplanmış intellektual sərvətin ən yaxşı nümunələrini mənimsəməyə yaradıcılıqla istifadə etməyə nail olan Azərbaycan həyata keçirdiyi layihələri elə səviyyədə tərtib edir ki, onun innovativliyi bəri başdan təmin edilib. Təsadüfi deyil ki, layihəyə qoşulmaq istəyənlərin sayı aydan-aya artır. Hesab edin ki, ilk vaxtlar bu layihənin icrasında Azərbaycan tək qalmışdı. Amma Prezident İlham Əliyevin özünəinamlılığı, layihəni təkbaşına həyata keçirmək kimi qətiyyətli və cəsarətli qərarları öz səmərəliliyini sübut etdi. Layihənin icrası müəyyən mərhələyə çatandan sonra onun başa çatacağına və rentabelliyinə əminlik yarandı. Hətta İsrail dövləti də öz qazını Avropaya bu kəmərlə göndərmək üçün İlham Əliyevə müraciət etdi. 
Azərbaycanı gözügötürməyən qüvvələrin ən qatısı və açıq düşmənçilik edəni qonşumuz olan işğalçı Ermənistandır. Onlar artıq xeyli vaxtdır ki, qorxu və təlaş içərisindədirlər. Əvvələn, daim Azərbaycana qara yaxdıqlarından indi ölkəmizin beynəlxalq xoşməramlı imici formalaşdığından yalanlarının üzə çıxması şəksizdir. İkincisi, də işğal etdikləri torpaqları güclü Azərbaycanın geri qaytaracağı faktı qaçılmazdır. Buna görə də möhkəm qorxurlar. Ermənistanın siyasi hakimiyyəti inkişaf etmiş ölkələrdə formalaşmış güclü lobbi və diaspor təşkilatları vasitəsilə Azərbaycan əleyhinə açıq və gizli qarayaxma kampaniyasından yararlanmağa, daim bizə siyasi zərbələr vurmağa çalışır.
Bu gün Azərbaycan öz gücü və ətrafındakı dostları ilə birlikdə elə bir səviyyəyə çatıb ki, artıq mümkün zərərli hücumların və böhtanların qarşısını almağa qadirdir. Onun güclü hüquqi dövləti, sarsılmaz birliyə malik xalqı, inkişaf etmiş iqtisadiyyatı, əhalisinin sosial rifahını hər şeydən üstün tutan hökuməti var. Bu qüvvələr ölkənin yalnız irəli getməsi üçün kifayət qədər mükəmməldir, onun inkişafını heç bir faktor saxlaya bilməz.
N.NOVRUZ