Diaspor qüvvələrinin təşkilatlanması daha mütəşəkkil xarakter alır

27 Dekabr 2016 09:40 (UTC+04:00)

31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü yaxınlaşır. Ölkə həyatının təntənəli günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ənənəvi “Dünya azərbaycanlılarına müraciət”i KİV-də dərc edilib. Ölkə başçısının müraciətində qarşıdakı bir il ərzində diasporçularımızın görməli olduqları işlər barədə aydın təsəvvürlər yaradır. Ümummilli lider Heydər Əliyevin dərin əsaslarla başladığı diaspor quruculuğu İlham Əliyevin rəhbərliyi dövründə yeni yaradıcı çalarlarla zənginləşib. Yeni xüsusiyyətlər heç nədən yox, Azərbaycan dövlətinin hərtərəfli və müasir inkişafı ilə yanaşı meydana gəlib. Dövlət gücləndikcə, xalqın yaşayışı, şəhər və kəndlər müasirləşdikcə, onun vətəndaşlarının da ictimai vəzifələri və öhdəlikləri inkişaf edir və güclənir. 

Azərbaycan dövləti harada yaşamasından asılı olmayaraq, öz vətəndaşlarının qayğısına həmişə qalır. Bu gün təhsil, iş və digər səbəblərdən xarici ölkələrdə yaşayan azərbaycanlılar çiyinlərində Vətən yükünü, üzərlərində dövlət qayğısını daim hiss edirlər. Bu ilin yayında Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilib. Diasporçuların ali məclisi xaricdə yaşayan soydaşlarımızın birliyinin təntənəsini göstərməklə yanaşı, onların üzərinə yeni vəzifələr də qoyub. Onlar öz vəzifələrini layiqincə yerinə yetirmək, vətənin başını uca etmək üçün ürəkdən və əzmlə çalışırlar. Təsadüfi deyil ki, dövlət başçısı builki müraciətində diasporçulara xitabən deyib: “İnanıram ki, bütün soydaşlarımızın əlbir fəaliyyəti, doğma Azərbaycan torpağına sarsılmaz sədaqəti gücümüzü daha da artıracaq, inkişafımıza əngəl törədən yeganə ağrılı problemi – Ermənistanın hərbi təcavüzünü tezliklə aradan qaldırmağa, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə imkan yaradacaq. Bu ilin aprel ayında Ermənistanın hərbi təxribatı nəticəsində cəbhədə baş vermiş hadisələr zamanı Azərbaycan Silahlı Qüvvələri düşmənin məkrli niyyətlərinin qarşısını qətiyyətlə aldı və torpaqlarımızı istənilən an işğaldan azad etməyə hazır olduğunu sübut etdi”.
Müraciətdəki bu cümlələrin hər biri ayrılıqda bir tezisdir və özündə konkret vəzifələri ehtiva edir. Ölkənin yeganə ağrılı problemi ətrafında dünya güclərinin, o cümlədən soydaşlarımızın daha çox məskunlaşdığı Avropa Birliyi ölkələrinin oynadığı “siyasi oyunlar” haqda aydın təsəvvürlər mövcuddur. İkili standartların yer aldığı bu oyunlarda Azərbaycanın haqlı mövqeyini yaşadıqları ölkələrdə dəstəkləməklə diasporçular ümumi mübarizənin avanqard dəstəsinə çevrilməlidirlər. Bunun üçün vətəndən onlara hər cür dəstək var, sadəcə, qüvvələri birləşdirib toplum halında fəaliyyət göstərməklə onlar Azərbaycanın mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynaya bilərlər. Müasir dövrdə diaspor dedikdə yalnız sözlə yox, əməli işilə vətənin başını uca edən insanlar yada düşür. Xarici ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən, öz şəxsi biznesi, yaxud möhtəşəm layihələri ilə gündəmdə olan, yaşadığı ölkənin iqtisadiyyatında önəmli yer tutan hər bir azərbaycanlı xalqına xidmət kimi ali dəyərlərə xidmət edən vətəndaş statusundadır. 
Prezident İlham Əliyevin xaricə səfərlərində həmişə fəal diasporçularla görüşməsi, onları dinləyib problemlərini öyrənməsi, lazımı yardımın göstərilməsi üçün müvafiq qurumlara tapşırıqlar verməsi diasporçuların əməli fəaliyyətinin stimullaşdırılması üçün güclü mənbədir. Bu fakt ölkə başçısının bu işə nə dərəcədə önəm verdiyini sübut edir. Başda Prezident olmaqla Azərbaycan xalqı bu gün itirilmiş ərazilərin işğaldan azad olunması uğrunda əsl müharibə içərisindədir. Bu müharibədə diasporun da öz yeri var. Birgə göstərilən əzmkarlıq əvvəl-axır bəhrəsini verəcək, Qarabağ düşmən tapdağından xilas olacaq və diasporumuz ondan gözlənilən fədakarlığı ləyaqətlə yerinə yetirəcək.

N.NOVRUZ