Qripə qarşı vaksinasiya niyə aparılmır?
24 Yanvar 2013 16:40 (UTC+04:00)
"Ölkədə qripə qarşı vaksinasiyanın aparılmasına ehtiyac yoxdur". Bu
sözləri Movqe.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin
(RGEM) epidemioloji şöbəsinin müdiri Rəna Yusifi söyləyib. Onun
sözlərinə görə, hazırda ölkə ərazisində qrip virusunun hansısa növü
aktiv deyil: "Hazırda ölkə ərazisində müşahidə olunan qripəbənzər
kəskin respirator xəstəlikdir. Əhali bəzən bunu qrip virusu ilə
səhv salır. Amma hazırda Azərbaycanda qripin hansısa növü aktiv
deyil. Ona görə də, qripə qarşı vaksinasiya aparılmır və buna
ehtiyac yoxdur".
R. Yusifinin sözlərinə görə, ölkədə qriplə bağlı vəziyyət sabitdir:
"Ölkədə qriplə bağlı epidemiya və panepidemiya müşahidə
olunmadığından əhalinin bu virusa qarşı peyvənd edilməsi zərurəti
yaranmayıb. Hazırda stasionar şəkildə müalicə üçün müraciət edən
mövsümlə əlaqədar kəskin respiratop xəstəlikdən
şikayətlənənlərdir".
Epidemioloqlar qripə qarşı vaksinin ehtiyac olmadığı təqdirdə
aparılmasının insan orqanizminin immuntetinin zəifləməsinə gətirib
çıxardığını söyləyirlər. Ölkənin baş epidemioloqu İbadulla Ağayev
deyir ki, istənilən halda zərurət yoxdursa, hansısa peyvənd
təqviminə daxil edilməyən virusu insan bədəninə yeritmək düzgün
deyil: "Hansısa virusu insanın bədəninə yeridərək orqanizmi
qıcıqlandırmaq lazım deyil. İnsanlar qripdən qorunmaq üçün əksinə,
immuntetlərini artırmaq üçün qidalar qəbul etməli, mövsümə uyğun
geyinməlidirlər ki, xəstələnməsinlər. Bədənin soyması kəskin
respirator xəstliyin baş qaldırması üçün münbit mühit yaradır. Odur
ki, vaksin barədə düşünməkdənsə, hər kəs orqanizminin bu viruslara
yoluxmaması üçün immun sisteminin gücləndirilməsi üçün
çalışmalıdır".
Qeyd edək ki, son günlər yüksək hərarət, öskürək, gözün sulanması
ilə müşahidə edilən, həkimlərin qripəbənzər kəskin respirator
xəstəlik diaqnozu qoyduqları virus əsasən azyaşlı uşaqlar arasında
yayılıb. Odur ki, valideynlər bu virusa qarşı peyvəndləmə
aparılmamasından narahatçılıq keçirirlər. Ölkənin baş pediatrı
Nəsib Quliyev isə qripə qarşı vaksinin peyvənd təqviminə daxil
edilməməsinin səsəbini bu vaksinin müvəqqəti təsirini saxlamasından
irəli gəldiyini söyləyir: "Qripə qarşı vaksin ona görə aparılmır
ki, hər dəfə yayılan qrip virusunun növləri ayrı olur. Tutaq ki,
uşaqlar arasında qripin hansısa növünə görə vaksin vuruldu. Az
keçməmiş qripin başqa növü yayılır. Qripin növləri dəyişdikcə gərək
vaksin də dəyişsin. Ona görə də, peyvəndləmə təqviminə uzun müddət
təsirini saxlayan vaksinlər daxil edilir. Müvəqqəti təsirli
vaksinlər dünyanın inkişaf etmiş ölkələrində də aparılmır".
N. Quliyev hazırda uşaqlar arasında müşahidə olunan xəstəliyə
yoluxma hallarından mühafizə üçün valideynlərin üzərinə düşən bir
nömrəli vəzifənin azyaşlıların immuntetinin gücləndirilməsi
olduğunu söyləyir.