Azərbaycan bələdiyyələrinin 17 illik fəaliyyəti nöqsanlar, uğurlar və perspektivlər

28 Dekabr 2016 14:37 (UTC+04:00)

          Müasir dövrün tələbi olan vətəndaş cəmiyyəti quruculuğu prosesində uğur qazanmaq istəyiriksə birmənalı olaraq bələdiyyələrin inkişafına və təkmilləşdirilməsinə nail olmalıyıq. Çünki beynəlxalq aləmdə sakinlərin yerli özünü idarəetməni həyata keçirməsi, yerli özünü idarəetmə orqanlarının dövlət işlərinin xeyli hissəsini reqlametləşdirməsi və məsuliyyəti öz üzərinə götürərək yerli əhalinin maraqlarına uyğun olaraq idarəçiliyin həyata keçirməsi demokratiyanın təməl şərtlərindən biridir. 
           Azərbaycanda yerli özünü idarətəetmə sistemi bələdiyyə adlanır. Bələdiyyə sözü ərəbcə “Beled”  və ya belde sözündən törəmişdir. Azərbaycanca tərcüməsi şəhər və yaxud məmləkət mənasını verir. Dövlət idarəçiliyindən fərqli olaraq bələdiyyə sistemi öz mülkiyyəti, müstəqil büdcəsi olan və  qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində seçkilər əsasında formalaşan yerli özünüidarəetmə formasıdır. 
       Azərbayanda ilk bələdiyyə seçkisi 1999-cu il 12 dekabr tarixində keçırilmişdir.  Geridə qoyduğumuz 17  il bizim nəzərimizdə uzun müddət  kimi görünsədə 100 illərlə yerli özünü idarəetmə sistemi və idarəçilik təcrübələri olan xarici ölkə bələdiyyələri ilə müqayisədə olduqca qısa zamandır.  
         Yarandığı ilk illərdə hətta bələdiyyə üzvləridə bələdiyyənin nə olduğunu, fəaliyyətlərinin hansı sahələri əhatə edəcəyi və hansı mənbələrdən maliyyəşəcəyi barədə məlumatsız olsalarda vəziyyət müsbətə doğru dəyişmiş və bələdiyyələrin peşəkar kadr potensialının formalaşması prosesi başlamışdır.  
        Azərbaycanda bələdiyyələrin 17 illik fəaliyyətləri ərzində nöqsanlarını, uğurlarını və prespektivlərini aşağıdakı səkkiz bəndlik müqayisəli araşdırma ilə təhlil etmək olar.
1.    Bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi: 
       Bələdiyyələrin fəaliyyətlərinin tənzimlənməsi, səlahiyyətlərinin genişləndirilməsi, şəffaflığın təmin edilməsi və fəaliyyətlərinin müasir tələblər əsasında qurulması məqsədilə qanunvericilik daima təkmilləşdirilir və yeni qanunlar qəbul edilir.
     Bu gün artıq yerli şəraiti nəzərə alınaraq və demokratik dövlətlərin təcrübələrindən yararlanaraq yerli özünüidarə etmə sisteminin bütün sahələrini tənzimləyəcək mükəmməl normativ hüquqi baza  formalaşmışdır.  Lakin bu son hədd deyil. İnkişaf etməkdə olan cəmiyyətimizin tələblərinə uyğun olaraq qanunvericilik sistemi durmadan təkmilləşir, yeni qanunlar qəbul edilir və sərancamlar verilir. 
       Ümumilikdə bələdiyyələrin fəaliyyətlərinin tənzimlənməsində qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından və qanunlarından, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının aktlarından (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından və qanunlarından, Naxçıvan Muxtar Respublikası müvafiq icra hakimiyyəti orqanlarının aktlarından) ibarətdir. 
      Bələdiyyələrin fəaliyyətlərin tənzimlənməsində digər mənbə beynəlxalq hüquq normalarıdır. Təbii ki,  bələdiyyələr beynəlxalq hüququn subyekti olmadığı üçün beynəlxalq hüquq normaları birbaşa olaraq bələdiyyələrin üçün beynəlxalq hüquq məsuliyyəti yaratmır. Bələdiyyələrin fəaliyyətlərinin tənzimlənməsi istiqamətində imzalanmış beynəlxalq hüquq normalarına əsasən bələdiyyələrin fəaliyyəti, inkişafı və yerli özünüidarə etmə prosesində vətəndaşların iştirak hüququnun təmin edilməsi istiqamətində dövlətlər tərəfindən beynəlxalq hüquqi öhdəlik götürülür.  Nümunə kimi Yerli özünüidarə haqqında" Avropa Xartiyasını göstərmək olar. Yerli özünüidarə haqqında" Avropa Xartiyasının təsdiq edilməsi barədə Azərbaycan respublikasının № 238-IIQ qanunun 25 dekabr 2001-ci il tarixindən  qüvvəyə minməsiylə Azərbaycan dövləti tərəfindən Xartiyaya əməl edilməsi barədə öhdəlik götürmış sayılır.
2.    Xarici ölkə bələdiyyələrinin təcrübələrinin öyrənilməsi və tətbiqi:
       Son məlumata əsasən Türkiyənin 19, Latviyanın 9 və digər ölkələrin 7 bələdiyyəsi ilə respublikamızın bələdiyyələri arasında qarşılıqlı əməkdaşlığa dair protokollar imzalanmış və dostluq əlaqələri qurulmuşdur. İmzalanmış protokollarda məqsəd  şəhər, qəsəbə və kənd bələdiyyələrinin xarici ölkələrin bələdiyyələri ilə qarşılıqlı əməkdaşlığı və təcrübə mübadiləsini həyata keçirməkdir. Xarici ölkə bələdiyyələrinin qabaqcıl təcrübələrinin öyrənilməsi baxımından Türk Dünyası Bələdiyyələr İttifaqı ilə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının əməkdaşlığı olduqca uğurlu addımdır.
3.    Bələdiyyə üzvləri və bələdiyyə qulluqçularının  peşəkarlığının artması:
    Yerli özünüidarə etmə işinin qurulması və uğur əldə etmənin ən mühüm şərtələrindən biridə bələdiyyə üzvlərinin və bələdiyyə qulluqçularının peşəkarlıq səviyyəsinin artmasıdır. 17 illik fəaliyyətin nəticəsi olaraq yerli özünü idarə etmə sistemində  uzun müddət çalışmış təcrübəli və  peşəkar kadr heyəti formalaşmaqdadır.
      Bələdiyyə qulluqçularının işə qəbulu zamanı peşəkar işçilərin qəbulu və şəffaflığın təmin edilməsi  məqsədilə Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 1. 5-ci maddəsininin ikinci hissəsində bələdiyyə qulluqçusunu “bələdiyyənin sədri birbaşa təyin edir” sözləri “bələdiyyənin müsabiqə komissiyasının qiymətləndirməsinin nəticəsinə uyğun olaraq bələdiyyənin sədri təyin edir” olaraq dəyişdirilmişdir. Son dəyişikliyə əsasən bələdiyyə sədri birbaşa deyil  yalnız təşkil olunmuş müsabiqədən keçmiş işçini bələdiyyə qulluqçusu olaraq təyin etmək hüququna malikdir.
4.    Bələdiyyə üzvlərinin təhsil səviyyəsi:
      Yeni yarandığı ilk illərdə nümunə olaraq 2004-cü ildə keçirilmiş bələdiyyə seçkilərində ali təhsillilərin sayı 7563 nəfər olmaqla ümumi hesabda 34% faiz təşkil edirdisə, 2014-cü ildə keçirilmiş son bələdiyyə seçkilərində seçilmiş ali təhsilli bələdiyyə üzvlərinin sayı  13434 nəfər  olmaqla ümumi hesabda 89,8% təşkil etmişdir. Yenə 2004-cü ilin statistik rəqəmlərinə əsasən bələdiyyə sədrlərinin yalnız 44%-ni ali təhsilli şəxslər təşkil edirdisə hal-hazırda rəsmi məlumata görə bütün bələdiyyə sədrləri ali təhsillidir. 
5.    Bələdiyyə üzvləri gəncləşir:
     Son dövürlər dövlət qurumlarında müşahidə olunan gəncləşmə siyasəti, gənclərin dövlət idarəçiliyində önə çıxarılması və yüksək postlara təyin edilmə prosesi yerli özünüidarə etmə sistemində də gənclərin aktivliyinə səbəb olmuşdur. Beləki respublika üzrə 2004-cü ildə keçirilmiş bələdiyyə seçkilərində seçilmiş gənc bələdiyyə üzvlərinin  sayı 500 nəfər olaraq ümumi hesabda 2% təşkil etmişdirsə 2009-cu ildə bu rəqəm artaraq 4303 nəfərlə 27,6% olmuşdur.    
       Nəhayət 2014-cü il keçirilmiş bələdiyyə seçkilərində seçilmiş gənclərin sayı artaraq 5450 nəfər  olmaqla 36,42% kimi yüksək nəticə əldə edilmişdir.
6.    Bələdiyyə üzvləri arasında qadın üzvlərin sayında artım:
      Qadınların ölkənin ictimai-siyasi həyatında iştirakında və mühüm dövlət orqanlarında irəli çəkilmə hallarıında ötən illərlə müqayisədə artım müşahidə edilməkdədir. Cinsi ayrı-seçkilik olmadan kişilərlə bərabər hüquqlu vətəndaş olmasına dövlət idarəçiliyində və ümumiyyətlə ictimai-siyasi sahədə qadınların atkivliyinə Azərbaycan Respublikasının konistitusiyasının 25-ci maddəsinin II-bəndinə əsasən  təminat verilmişdir. 
    Ölkənin ictimai-siyasi həyatında qadınların fəallığının artması bələdiyyə sistemindədə özünü göztərmiş və bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən 6 dəfə artaraq 5236 nəfər olmuşdur. Bu isə bələdiyyə üzvlərin sırasında qadınların payının 35,0 faiz təşkil etməsi deməkdir. Qeyd etmək yerinə düşər ki, əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4,0 faiz təşkil edirdi.
7.    Bələdiyyə Assosasiyaları:
       Azərbaycan bələdiyyələrin inkişafında və beynəlxalq təcrübənin öyrənilməsində bələdiyyə assosasiyalarının mühüm rolu olmuşdur. Bələdiyyə asossasiyalarnın qurulmasında məqsəd bələdiyyələrin fəaliyyətlərinin kordinasıyalı şəkildə təşkili, bələdiyyələrin inkişafı naminə bütün üzvlərlə  razılaşdırılmış  mövqenin formalaşdırılması və  bələdiyyələrin xarici əlaqələrinin qurulmasında bələdiyyə birliyi olaraq vasitəçilik etməkdir.
     Bələdiyyə assosasiyaları bələdiyyələrin təmsil etdiyi inzibati‐ərazinin tipindən aslı olaraq 3 qrupa bölünür: 
1.    Azərbaycan Şəhər Bələdiyyələrinun Milli Assosasiyası.
2.    Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosasiyası.
3.    Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosasiyası.
8.    Proqram və layihələr: 
     Bələdiyyə fəaliyyətinin təşkilində proqram və layihələr mühüm yer tutur. Proqramlara əsasən yerli iqtisadi inkişaf proqramları və yerli ekoloji proqramlar daxildir. Bələdiyyə layihələri bələdiyyələrin yerli əhəmiyyətli problemin həlli istiqamətində  görülən işlərdir. Həyata keçirilən hər bir bələdiyyə layihəsi yerli əhəmiyyətli bir problemin aradan qaldırılması deməkdir. Layihələrin əhəmiyyətini nəzərə alan “Bələdiyyələrin Milli Assosiasiyaları” 2007-ci ildən “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü irəli sürmüşdür və bu gündə təşəbbüs uğurla davam etdirilir.
         17 illik fəaliyyətin nəticəsi olaraq bələdiyyələrin keyfiyyətcə “yeni iqtisadi formasiyaya” qədəm qoyma zamanı gəlmişdir. Gəlirlərinin əsas hissəsini torpaq alqı-satqısı və yerli vergilərdən daxil olmalar təşkil edən bələdiyyələr əllərində olan geniş imkanlardan səmərəli istifadə etməklə büdcə gəlirlərinin həcmini əhəmiyyətli dərəcədə yüksəldməli və sabit gəlirli iqtisadi sistemə daxil olmalıdırlar. 
           Sonda qeyd etmək istəyirəm ki, dövlətimizin inkişafında, ölkəmizdə demokratik ənənələrin formalaşmasında və sakinlərimizin yerlə əhəmiyyətli problemlərinin həllində bələdiyyələrin inkişafı və formalaşması mühüm əhəməiyyətə malikdir. Yerli özünü idarəetmənin 100 illərlə tarixi olsada  həmdə müasir dövrün təsisatlarından və demokratiyanın inkişafı naminə beynəlxalq təşkilatların əsas tələblərindən sayılır. 
Hökməli bələdiyyəsinin sədr müavini
Hüquqşunas, Fərman Salmanlı