BMT-nin fəaliyyətsizliyi okeanın o tayında da sərt tənqid hədəfinə çevrildi

29 Dekabr 2016 08:00 (UTC+04:00)

“BMT çox nəhəng potensiala malik olsa da, hazırda yalnız xoş vaxt keçirmə yeri kimi tanınır”. Bu barədə ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp özünün "Tvitter" hesabında yazıb:  "Burada insanlar görüşür, söhbətləşir, xoş məşğuliyyət keçirir. Bu, çox kədərlidir!". Belələiklə, ABŞ da BMT-yə, onun fəaliyyətsizliyinə  etiraz edir. 

Qeyd edək ki, BMT dünyada təhlükəsizliyin təmin edilməsinə xidmət etmək məqsədilə yaradılıb. Lakin BMT-nin son illər həyata keçirdiyi fəaliyyət bəşəriyyətdə təhlükəsizlik və sülhün qorunması istiqamətində onun təminatçı rolunda çıxış etdiyinə ciddi şübhələr yaradıb. BMT və onun əsas aparıcı qüvvəsi sayılan 5 dövlətdən ibarət daimi üzvü heç də həmişə beynəlxalq prinsip və qaydalara uyğun olaraq hərəkət etməyiblər. Yəni qurumda aparıcı rolda olan 5 ölkə daha çox dərəcədə özlərinin maraqları prizmasından çıxış edərək, BMT-də qaldırılan bu və ya digər məsələlərə münasibət və reaksiya bildiriblər. Nəticədə isə dünyanın müxtəlif bölgələrində baş qaldıran bu və ya digər problemlər həll olunmayaraq, hətta qlobal səviyyədə təhlükə mənbəyinə çevrilib. Bunu BMT-nin Dağlıq Qarabağ probleminə münasibətdə də söyləmək olar. Bu qurum tərəfindən vaxtilə Ermənistan qoşunlarının işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılmasına dair 4 qətnamə qəbul edilib. Amma üstündən əsrin dörddə biri ötməsinə baxmayaraq, həmin qətnamələrin icrası istiqamətində BMT zərrə qədər də olsa, addım atmayıb. BMT-nin artıq öz funksiyalarını icra edə bilməməsinin nəticəsidir ki, artıq bir sıra dövlətlər onun strukturunda ciddi dəyişikliklər edilməsini istəyirlər. Məsələn, daimi üzvlərin sayının 5-dən 7-yə çatdırılması, Almaniya, Yaponiyanın da ora daxil olması kimi təkliflər də səslənib.  Belə bir vəziyyətin mövcud olduğu şəraitdə Ağ Evin yeni sahibi Tramp da BMT-ni fəaliyyətsizlikdə ittiham edib.   
Bu fonda BMT-də hansısa dəyişklik gözləmək olarmı? O cümlədən Qarabağ münaqişəsi üzər qurumun məlum 4 qətnaməsinin yerinə yetrilməsi baxımından.
Politoloq Elşən Manafovun fikrincə, ABŞ-ın yeni prezidentinin sözü ilə əməli üst-üstə düşərsə, bu halda BMT strukturunda da hansısa dəyişiklik gözlmək olar: “Trampın seçkilər ərəfəsi verdiyi vədlərlə prezidentlik kürsüsünə oturduqdan sonra həyata keçirəcəyi siyasət gerçəkdən üst-üstə düşərsə, o halda BMT-də də ciddi struktur islahatları apara biləcəyilə bağlı prosesləri izləyə bilərik. Məsələ ondadır ki, BMT-də ciddi struktur islahatlarının aparılmasında dünya dövlətlərinin əksəriyyəti maraqlıdır. Almaniya, Yaponiya, Türkiyə kimi dövlətlər haqlı olaraq belə bir mövqedən çıxış edir ki, dünyanın iqtisadi və siyasi güc mərkəzləri olmalarına baxmayaraq, hələ də BMT Təhlükəsizlik Şurasında təmsil olunmayıb və digər 5 dövlət kimi veto hüququna malik deyillər. Təbii ki, BMT-nin Təhlükəsizlik Şurasında veto hüququ ilə təmsil olunan 5 dövlət faşist Almaniyası və militarist Yaponiyası üzərində qələbəyə töhfə vermiş dövlətlərdir. Əslində, İkinci Dünya Müharibəsindən sonra dünyanın təyinatını məhz bu 5 dövlət müəyyənləşdirib. İndi isə dünya, onun geosiyasi mənzərəsi kifayət qədər dəyişib. Yeni iqtisadi və siyasi güc mərkəzləri meydana çıxıb. Hansı ki, həmin yeni güc mərkəzlərinin BMT-nin müvafiq qurumuna münasibətləri də kifayət qədər fərqlidir. 
ABŞ-ın yeni prezidentindən BMT-də struktur islahatları ilə bağlı təkliflər səslənərsə, güman edirəm ki, Təhlükəsizlik Şurasında təmsil olunan digərləri də yəqin məsələyə anlaşıqlı tərzdə yanaşacaqlar. Bu halda iflic vəziyyətinə gələn məsələlərin qısa zaman kəsiyində aradan qaldırılmasını da müşahidə edə bilərik. Hazırda beynəlxalq güclərin hüququ işləyir. BMT-də də bu ciddi fakt qarşısında aciz qalıb. Ayrı-ayrı güc mərkəzləri öz maraqlarından çıxış edərək dünyanın bu və ya digər bölgələrində baş verən olaylara öz maraqları prizmasından yanaşırlar. Belə olan halda BMT sanksiyalarının qəbul edilməsinə ehtiyac da qalmır. Tramp hər halda müasir dünyada ABŞ-ın mövqeyi və təsir imkanları ilə bağlı məsələlərə fərqli yanaşır. Zamanında qətlə yetirilən prezident Con Kennedinin də belə mövqeyi olub. O da vaxtilə BMT-də ciddi islahatlar aparılması təklifilə çıxış etmişdi. Rusiya ilə münasibətlərdə problemləri həll etmək üçün konstruktiv əməkdaşlığın vacib olduğunu da söyləmişdi. 
Tramp da gerçəkdən özündə güc, iradə, qətiyyət tapıb ortalığa əlcək atarsa, bunun arxasınca baş verəcək hadisələrin də hansı kontekstdə gedəcəyilə bağlı məsələlərin mahiyyətinə varmağı bacarmalıdır. Amma məsələ ondadır ki, ABŞ-da prezident ABŞ-ın siyasətini müəyyən edərkən və həyata keçirərkən Konqres, Dövlət Departamenti, ölkənin hərbi-sənaye kompleksi, neft şirkətlərinin də marağını nəzərə almaq məcburiyyətindədir. Bütün bunları ortaq məxrəcə gətirib Tramp ABŞ-ın yeni dünya nizamı ilə bağlı mövqeyinə həmin qurumların razılığını alacaqsa, bu halda BMT-də müəyyən islahatların aparılmasını müşahidə edə bilərik. Bu, qaçılmaz olacaq. Yox əgər, Trampın sözü ilə əməli arasında vəhdət olmayacaq, o ümumdünya məxfi hökumətin tapşırıqlarından kənara çıxa bilməyəcəksə, dediyi sözlər elə bəyanat olaraq qalacaq”.
 

Rüfət NADİROĞLU