Ermənistana KTMT-də vurulan tərs sillə

29 Dekabr 2016 09:40 (UTC+04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Sankt-Peterburq şəhərində keçirilən iclasında Ermənistana qurum tərəfindən növbəti zərbə vurulub. Belə ki, təşkilatın yeni baş katib yenə də seçilməyib. Buna səbəb iclasda Belarus nümayəndə heyətinin iştirak etməməsi olub. 

Blokun hazırkı baş katibi Nikolay Bordyuja bildirib ki, məsələyə təşkilatın gələn ilin aprelində keçiriləcək növəti sammitində baxılacaq. O, bunun səbəbini indiki sammitdə Belarus nümayəndə heyətinin iştirak etməməsi nəticəsində kvorumun olmaması ilə izah edib:  “Bildiyiniz kimi nümayəndə heyətlərindən biri sammitdə iştirak etməyib və nəticədə baş katibin seçilməsi üçün kvorum olmayıb”. Halbuki, KTMT-nin baş katibi postuna Ermənistan nümayəndəsinin təyin olunması razılaşdırılmışdı. Digər tərəfdən Kremlin sözçüsü Dmitri Peskov bundan əvvəl demişdi ki, Belarusun sammitə qatılmaması nəzərdə tutulan sənədlərin imzalanmasını əngəlləməyəcək və həmin sənədlər imzalanmaq üçün Minskə göndəriləcək. Amma bu baş verməyib.
Ermənistan isə yaranmış vəziyyətdən narahatdır. İrəvan KTMT üzvlərinin onu saya salmadıqlarını bildirir.  Eyni zamanda baş katib postuna erməni əsilli generalı təyin etməyə çalışsa da, alınmır. Siyasilərin fikrincə, bütün bunlar Ermənistanın KTMT siyasətinin iflasa uğradığını göstərir. 
Millət vəkili Elman Nəsirov bildirdi ki, Ermənistanın həyata keçirdiyi siyasət bütün istiqamətlərdə iflasa uğrayıb: “Xüsusi ilə son dövrlər güvəndiyi, onun vasitəsi ilə hədələr yağdırdığı KTMT çərçivəsində də mövqeləri zəifləyib. Ermənistan tərəfi ən yüksək səviyyədə dəfələrlə bildirib ki, əgər müharibə olarsa, Azərbaycan qarşısında KTMT-nin üzvlərini görəcək. Bu baxımdan guya Azərbaycan məğlub olacaq. Amma Azərbaycan da dəfələrlə bildirib ki, Azərbaycan Ermənistan dövlətinə hücum etmir ki, KTMT Ermənistanın müdafiəsinə qalxsın. 
Azərbaycan öz torpaqları olan Qarabağda suveren hüquqlarının bərpası istiqamətində hərbi əməliyyatlar keçirə bilər. Beynəlxalq hüquq bu imkanı bizə verir. Qondarma Dağlıq Qarabağı isə heç bir dövlət tanımır. Bu, sepratçı bir rejimdir. Ona görə də KTMT-nin qondarma «Dağlıq Qarabağ Respublikasını» müdafiə etməsi iddiası absurddur. Bu, Ermənistanın xülyasıdır. Hadisələrin sonrakı gedişatı da göstərir ki, bu, bir illuziyadır. Çünki, KTMT-nin üzvü olan dövlətlərin heç biri bu məsələlərdə Ermənistanın mövqeyini müdafiə etmir. Ermənistan ciddi cəhdlə çalışır ki, KTMT-nin baş katibi vəzifəsinə erməni generalını yerləşdirsin. Xüsusən də Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın bu vəzifəyə yerləşdirilməsi üçün çox cəhdlər etdi. Bu gün Ermənistan ən yüksək səviyyələrdə bəyan edir ki, KTMT üzvləri üzərilərinə götürdükləri öhdəliklərə sadiq qalmır, Azərbaycanı müdafiə edirlər. KTMT-nin üzvü olan Qazaxıstan, Belarus birmənalı şəkildə Azərbaycanın mövqeyini müdafiə etməsi Ermənistanı özündən çıxardıb. Artıq Ermənistanın bu təşkilata inamı sarsılıb. Ermənistan dövləti yeritdiyi aqressiv siyasət ucbatından “bumeranq effekti” ilə üzləşib. İş o yerə çatıb ki, dünyadakı erməni lobbisi və diasporu Serj Sarkisyanın istefasını özlərinin əsas vəzifələrindən biri hesab edir. Onlar da artıq S. Sarkisyanı Ermənistan prezidenti kimi qəbul etmək istəmirlər. Bu, onu göstərir ki, Sarkisyan rejiminin 2008-ci ildən etibarən hakimiyyətdə olduğu müddətdə həyata keçirdiyi siyasət bütün parametrlər üzrə iflasa uğrayıb. Konkret misal kimi KTMT daxilində Ermənistana olan etimadsızlıq mühitinin möhkəmlənməsini göstərmək olar”.
Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl bildirdi ki, KTMT-nin praktik şəkildə özünü göstərməsi alınmır: “Baş katibin seçilməsi Ermənistanın can-fəşanlığından başqa bir şey deyil. Bu işdə xeyir görmək istəyən Ermənistan olduğuna görə onun narahatlığını təbii qarşılamaq lazımdır. Ermənistan lətə çevrilib”.

Mübariz BAYRAMOV