Saxta elmlər doktorları

24 Yanvar 2013 20:08 (UTC+04:00)
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin akademik katibi, Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, millət vəkili Əhliman Əmiraslanov xarici ölkələrdə müdafiə olunan işlərin keyfiyyətindən çox narahat olduğunu bildirib. Əmiraslanov deyib ki, əvvəllər doktorluq dissertasiyasının yazılıb müdafiə edilməsinə daha çox vaxt sərf edilirdi: "Xarici ölkələrdə müdafiə olunan işlərin keyfiyyəti bizi çox narahat edir. Təsəvvür edin ki, əvvəl Moskvada yaşaya-yaşaya 8-10 ilə doktorluq dissertasiyası, 5-6 ilə namizədlik dissertasiyası yazıb müdafiə edirdik. İndi isə 1-2 ilə doktorluq diplomu gətirirlər". O bildirib ki, həmin şəxslər hətta Ali Attestasiya Komissiyasının (AAK) Ekspert Şurasının tərkibinə də düşürlər: "Özü dissertasiya yazmamış adam Müdafiə şuralarında təmsil olunur. Bunlar artıq həqiqi işlərə rəy verirlər. Bizim faciəmiz bundan ibarətdir. Şübhəsiz, belə işlər var", - akademik katib deyib.
Qeyd edək ki, ölkədə elmlər namizədi, doktor adının verilməsi ilə bağlı zaman-zaman mübahisələr olub. Elmlər namizədi, elmlər doktorlarının bu ada elmi tədqiqat aparmadan nail olduqları ilə bağlı da ziddiyyətli fikirlər səsləndirilib. Ə. Əmiraslanovun bu ittihamı isə elmlər namizədi, elmlər doktor adı alanların qısa zaman kəsiyində bu pilləyə necə qalxmaları ilə bağlı şübhələri artırır. ATU-nun  Elmi işlər üzrə prorektoru, professor Rafiq Məmmədhəsənov Movqe.az-a açıqlamasında bildirib ki, xarici ölkələrdə müdafiə olunan işlərin keyfiyyəti doğurdan da, şübhələnməyə əsas verir: "Adama sual verərlər ki, bir-iki ilə elmi tədqiqatı necə aparmaq olar? Sözün əsl mənasında elmlər namizədi, elmlər doktoru adını daşıyanlar bu pilləyə yüksəlmək üçün illərini sərf ediblər. Elmi iş yazmaq üçün camaat gecə-gündüz yatmayıb illərlə çalışır. Necə oldu, xaricdə müdafiə edib gələnlər qoçaq çıxıb bu işi bir-iki ilə həll etdilər?"
R. Məmmədhəsənov deyir ki, bu fakt xaricdə müdafiə edənlərin dolayı yollara əl atdığını, bu ada zəhmət çəkmədən nail olduqlarından xəbər verir: "Odur ki, onlara bu ad verilməzdən öncə elmi tədqiqat aparıb-aparmadıqları müdafiə işləri ciddi araşdırılmalıdır. Plagiat olub-olmadığı yoxlanılmalıdır".
"Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi"nin proqram rəhbəri Elmina Kazımzadə də deyir ki, xarici ali təhsil müəssisələrinin də təcrübəsində bir-iki ilə elmlər namizədi, elmlər doktoru adı alan olmayıb: "Xaricdə bəzi ali təhsil müəssisələrində magistratura pilləsi bir il çəkə bilir ki, bu da proqramın sıxlaşdırılması və sair hesabına baş verir. Amma ümumilikdə götürdükdə, xaricdəki ali təhsil müəssisələrində də bir-iki ilə elmi tədqiqatı başa çatdıran yoxdur. Bu müddətə ancaq sualları hazırlamaq olar. Elmi tədqiqatın aparılması isə ən azı 4-5 il vaxt tələb edir".
E. Kazımzadə bu səbəbdən də, xaricdə müdafiə olunan elmi işlərin araşdırılmalı olduğunu söyləyir. Xarici ali təhsil müəssisələri elmi tədqiqatlar, müdafiə işlərini təhsil müəssisəsinin saytına yerləşdirirlər. Ona görə də, əgər şübhələr varsa, Azərbaycandan da xarici ali təhsil müəssisəsinin saytına daxil olmaqla həmin şəxsin müdafiə etdiyi elmi işi araşdrmaq olar. Ona görə də, elmlər namizədi, elmlər doktoru adı verilməzdən öncə müdafiə edilən işlər Prezident yanında Ali Attestasiya Komissiyası tərəfindən araşdırılmalıdır".
Komisiyadan isə xaricdə müdafiə olunan elmi işlərin  necə yoxlanıldığını öyrənə bilmədik. Komissiyanın əlaqə nömrələrindən dəstəyi qaldıran olmadı.