Azərbaycan öz avtomobillərinin istehsalına başlaya bilər

25 Yanvar 2013 07:48 (UTC+04:00)

Məlumdur ki, ötən ilə qədər Azərbaycanın tarixində ən çox avtomobil idxalı 2008-ci ildə qeydə alınmışdı. Həmin il ölkəmizə 89044 ədəd avtomobil idxal olunmuşdu. Amma 2012-ci ildə bu rəqəmlər artan xətt üzrə dəyişdi. Belə ki, 2012-ci il ərzində Azərbaycana təxminən 1 milyard 119 milyon ABŞ dolları dəyərində 101 min 255 ədəd avtomobil idxal olunub.

Bunlar vəsait və say kimi kifayət qədər yüksək rəqəm olduqlarına görə, artıq Azərbaycanın özünün bütün əsas detalları ölkə daxilində hazırlanmaqla avtomobil istehsal etməsi məsələsini gündəmə gətirmək olar. Hələ üstəlik Azərbaycanın hazırki iqtisadi vəziyyətini nəzərə aldıqda bu istiqamətdə istehsalatın real olmasını görmək mümkündür. Həmin avtomobillərin satış, rəqabət rentabelliyini isə ekspertlərin dilindən eşitmək daha düzgün olardı. Ancaq əvvəlcədən xatırladaq ki, hazırda Gəncə, Naxçıvan, Şamaxıda xaricdən gətirilmiş avadanlıq əsasında maşın istehsal edir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki, Azərbaycan da avtomobillərin istehsalı ilə bağlı bir neçə dəfə müxtəlif layihələr, o cümlədən Gəncə Avtomobil Zavodunda avtomobillərin istehsalına başlanılsa da uğursuz nəticələndi: "Əvvəla, avtomobillərin istehsalı ilə bağlı mühüm faktorlardan biri ölkənin avtomobil istehsalı üzrə ixtisaslı kadrların say çoxluğu və bu sahə ixtisaslaşmanın olmasıdır. Avtomobil istehsalı üçün digər vacib məqam böyük bazarın olmasıdır. Azərbaycan öz avtomobilini bazara çıxarması iqtisadi baxımdan real görünmür. Çünki, onların satış imkanları kifayət qədər zəif olacaq. Xüsusən də Avropa, Almaniya və Yaponiyada istehsal olunan avtomobillərlə müqayisədə Azərbaycan istehsalı olan maşınlar rəqabət apara bilməyəcəklər. Digər məqam iri avtomobil şirkətlərinin Azərbaycanda nümayəndə zavodlarının açılmasıdır. Bunun üçün bizdə imkan var. Amma buna mane olan səbəb Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və Qafqazın bir bazar kimi götürülməməsidir. Çünki, şirkətlər adətən bazar böyük olduqda belə zavodların açılması ilə bağlı qərar verirlər. Nəzərə alsaq ki, bu sənayedə avtomobil zavodları açılan zaman əhali baxımından bazarın həcmi minimum 15 milyon olmalıdır. Bundan artıq olduqda avtomobil zavodunun inşası ilə bağlı qərar verilir. Ancaq Azərbaycanda sakinlərin sayı 9 milyondur. Ermənistan Azərbaycan torpaqlarını işğal etməsəydi və Cənubi Qafqaz bir bazar olaraq götürülsəydi, o zaman iri avtomobil şirkətlərinin Azərbaycana gəlməsi mümkün olardı. Ona görə də indiki halda Azərbaycanda avtomobil zavodunun tikintisi iqtisadi baxımdan əlverişli və rentabelli olmayacaq. Çünki, rəqabət aparmaq imkanları yoxdur. Hətta ölkə daxilində belə rəqabət apara bilməyək. Amma Azərbaycan müəyyən xidməti avtomobillər istehsal edə bilər. Məsələn, taksilərin, müəyyən mikroavtobusların istehsalı mümkündür".

Azərbaycan Texniki Universitetin "Avtomobil nəqliyyatı vasitələri" kafedrasının müdiri, texnika elmləri namizədi, dosent Sülhəddin Gözəlovun sözlərinə görə isə avtomobil istehsalı hər bir ölkə üçün strateji məsələdir: "Biz vaxtı ilə bu istiqamətdə konkret konsepsiya da irəli sürmüşdük. Məqsəd də ölkə daxilindəki bazarla bağlı əhalinin valyuta ehtiyatlarının kənara çıxmaması idi. Azərbaycanın buna hərtərəfli - intellektual, texniki, istehsalat, resurs və maddi potensialı var. Nəyə görə, bir dəmirə görə bu qədər vəsaiti xaricə göndəririk? Naxçıvan, Şamaxı, Gəncədə bunun cücərtisi var. Belə olarsa, əlavə iş yerləri, maliyyə imkanları artacaq. Elə etmək lazımdır ki, Azərbaycan istehlakçısının bir hissəsi burada istehsal olunan avtomobillərlə maraqlansın. Bu cəhət ilə bazarda öz rəqabətliliyini saxlaya bilər. Elə etməliyik ki, insanlar heç olmasa xaricdə istismarda olmuş maşın əvəzinə Azərbaycanda istehsal olunan maşını almaqda maraqlı olsunlar. Bazar iqtisadiyyatının müvafiq qanunlarına əsasən, idxalı birmənalı şəkildə inzibati yolla qadağan edə bilmərik. Amma istehlakçını həm texniki, həm də maliyyə tərəfləri ilə maraqlandırmaq olar. Sonradan da tədricən bu istehsalı genişləndirərək, xarici bazara çıxa bilərik. Ən azından MDB məkanına çıxa bilərik. Biz MDB məkanındakı belə mövqe tutmağımızı bir az gecikdirmişik. Bu da Qarabağ problemi ilə bağlıdır. Amma hər şey itirilməyib. Bunu etməyə dəyər. Yaxın 10 il ərzində ümumi respublika avtomobil parkı yeniləşəcək. Yeniləşmə ilə bağlı idxal ölkənin avtomobil parkının təqribən 6-10 faiz civarında dəyişəcək. Bu da o deməkdir ki, yaxın 10 ildə orta hesabla hər il ölkəyə təqribən 80 min avtomobil gələcək. Böyük rəqəmdir. Ona görə də Azərbaycanda avtomobil zavodunun inşasına böyük ehtiyac var".