Azərbaycan kənd təsərrüfatı texnikasının ixrac həcmini artıracaq

30 Dekabr 2016 07:00 (UTC+04:00)

Azərbaycan və Belarus Gəncə avtomobil zavodunda istehsal olunmuş avtomobil və kənd təsərrüfatı texnikasının üçüncü ölkələrə ixracının artırılması üzərində çalışır. Bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç deyib. 

Səfir Gəncə avtomobil zavodundan üçüncü ölkələrə ixracın artıq reallaşdırıldığını deyib: “Artıq Gürcüstana ixracat həyata keçirilir, digər ölkələrə ixracın artırılması üzrə işlər gedir. Bundan başqa, daha bir perspektivli layihə - Gəncədə Belarus avtobuslarının istehsalı nəzərdə tutulur. Ümid edirəm ki, yaxın zamanlarda bu avtobusları Azərbaycanın küçələrində görəcəyik”. 
Qeyd edək ki, Minsk traktor zavodu və Gəncə avtomobil zavodunun planlarına 2020-ci ilədək illik texnika yığılması həcmini 2000 vahidə çatdırmaq daxildir. Mütəxəssislərin fikrincə, bir aqrar ölkə kimi tanınmış Belarus ilə bu sahədə əməkdaşlıq ölkəmiz üçün faydalı ola bilər.
İqtisadçı-ekspert Oqtay Haqverdiyev bildirdi ki, bir müddət əvvəl sözügedən zavod fəaliyyətini dayandırmışdı: “Ancaq yenidən fəaliyyətə başlayıb və satış həcmini genişləndirməsi ölkəmiz üçün müsbət haldır. Həmin texnikaların detalları Belarusda istehsal olunur. Azərbaycanda isə texnikanın özü yığılır. O baxımdan bazarlara Azərbaycan məhsulu adından çıxır. Bu da ölkəmizin adı üçün müsbət hadisədir. Həm də Azərbaycan üçün məhsulun istehsalı bir qədər ucuz başa gəlir. 
Nəzərə alaq ki, dünyada Belarus traktorlarının xüsusi yeri var. Elə Sovet dövründə də bizə ən çox Belarusdan traktor gəlirdi. Bu cür təşəbbüsü kənd təsərrüfatının perspektivi baxımından önəmli hesab etmək olar. Belarus traktorunu hətta Rusiya da alır. Belarusda kənd təsərrüfatı sahəsi güclü inkişaf edib. O baxımdan həmin traktorlar rəqabətə dözüm gətirə biləcək”.
Digər iqtisadçı-ekspert Yaşar Əsədov bildirdi ki, istənilən halda ölkə öz məhsulunu xarici bazara çıxarırsa, müsbət haldır: “Lakin məhsulu xarici bazara çıxartmaq məqsəd deyil. Məqsəd, həmin məhsulun xarici bazarda özünə yer etməsi, rəqabətə davamlı olmasıdır. Nəzərə alaq ki, Avropada standandartlar yüksək həddə çatdırılıb. O baxımdan Azərbaycan Belarus ilə birgə istehsal etdiyi texnikaların Avropa bazarlarına çıxması real görünmür. Lakin Orta Asiya bazarlarına çıxmaq mümkündür. Düzdür, Şərq ölkələrində kənd təsərrüfatı ilə məşğul olan ölkələr azdır. Buna baxmayaraq, onların bazarına da çıxmaq mümkündür. 
Azərbaycanda yaxın keçmişə qədər kənd təsərrüfatı sahəsində Sovet texnikası istifadə olunub. Anidən yüksək elmitutumlu avadanlığa keçmək çətindir. Yəni, proseslər ardıcıl olmalıdır. Sadədən mürəkəbə doğru hərəkət edilməlidir. Güman ki, Azərbaycanın Belarus ilə bu sahədə əməkdaşlığı davam etdikcə istehsal olunan texnika da təkmilləşəcək. Bu da ilk növbdə daxili tələbatın ödənilməsinə yardım etmiş olacaq. Ondan sonra ixrac üçün düşünmək olar”. 
Mübariz BAYRAMOV