Əhalinin sosial rifah halı yenə ön plandadır

30 Dekabr 2016 09:00 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev hər dəfə hökumətin gördüyü işlər barədə hesabatı müzakirə edəndə qətiyyətlə qeyd edir ki, Azərbaycan dövləti sosial yönümlüdür və bu sahə daim diqqət mərkəzində saxlanılır. Bu tezis faktiki olaraq həyatda o qədər tez-tez sübutunu tapıb ki, artıq aksiomaya çevrilib. Ötən illərin inkişaf prosesini izləyəndə məsələ barədə panoram daha aydın görünür. Belə ki, hər il ölkə başçısının sərəncamları ilə minimum əmək haqqının səviyyəsi, minimum pensiya, minimum istehlak səbətinin dəyəri artırılır. Müharibə şəraitində işləyən ölkədə belə bir sürət tempini saxlamaq asan iş deyil. Üstəlik, dünyada neft ixracatçısı kimi tanınan Azərbaycanın hazırda neftin qiymətinin düşməsi nəticəsində büdcədə yaranmış problemlər fonunda həmişəki qaydada yoluna davam etməsi gərgin zəhmət və qətiyyətli iradə tələb olunur. Çətinliklərə baxmayaraq, dövlət bu maniələri dəf etməyi bacarır, əhalinin güzəranının səviyyəsini saxlamaq üçün problemləri sosial yanaşma metodu ilə aradan qaldırmağa səy göstərir.

Cəmiyyətimizin lüğət tərkibində belə bir ibrətamiz ifadə var: “cəmiyyətdə yaşayıb ondan kənarda fəaliyyət göstərmək mümkün deyil”. Bu mənada dünya birliyinin tam hüquqlu üzvü olan dövlətin baş verən ümumi iqtisadi böhranların mənfi təsirindən kənarda qalması da qeyri-mümkündür. Ətrafda olan dövlətlərin əksəriyyəti enerji və yanacaq tariflərini bir neçə dəfə tənzimləyiblər. Lakin Azərbaycan bu sahədə maksimum dözümlülük göstərib. Düzdür,  noyabr ayında vəziyyəti götür-qoy edən Tarif Şurası əhalinin aztəminatlı hissəsinin mənafeyini qorumaq şərtilə diferensial tariflərin tətbiqi barədə qərar verib. Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək 1 kubmetr üçün 10 qəpik, aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün elektrik enerjisinin qiyməti isə 1 kilovat-saat üçün 7 qəpik səviyyəsində saxlanılıb.
Qərar verilən günün səhərisindən etibarən ictimai təşkilatlar, ictimaiyyətin nümayəndələri, mütəxəssislər dərhal prosesə reaksiya verdilər və vəziyyət öz-özünə araşdırmaya çıxarıldı. Dövlətin götürdüyü sosial inkişaf istiqaməti əhalinin belə çevik münasibətinə şərait yaradıb. Araşdırmalar bəzi texniki nüansları üzə çıxarmağa müvəffəq oldu və ölkə başçısının reaksiyası özünü çox gözlətmədi. 
Dekabrın 22-də dövlət başçısının tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Tarif Şurasının iclasında əhali üzrə tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb. Elektrik enerjisinə görə yeni tarif qiymətləri dekabrın 1-dən, mavi yanacaq üzrə isə yanvarın 1-dən tətbiq ediləcək. İlkin qərara görə 72 faiz abonentlərə tarif dəyişikliyi təsir etməyəcəkdisə, artıq bu yeni qərardan sonra həmin abonentlərin sayı 80 faizə, təbii qaz üzrə isə həmin göstərici 62 faizdən 75 faizə yüksəlib. Başqa sözlə, tarif dəyişikliyi elektrik enerjisi üzrə hər 5 abonentdən 4-nə, qaz üzrə isə hər 4 abonentdən 3-nə təsir etməyəcək.
Bu günlərdə Prezident İlham Əliyev Bakıda 1 saylı “ASAN communal” Mərkəzinin açılışında baş vermiş proses haqda deyib: “Bildiyiniz kimi, bu yaxınlarda mənim göstərişimlə kommunal tariflərin həcminə düzəlişlər edilibdir. Bu da sırf sosial yanaşma idi. Çünki növbəti düzəlişdən sonra artıq vətəndaşların 75-80 faizi işıq və qaz pulunu köhnə tariflərlə ödəyəcək. Yəni, bu, o deməkdir ki, əhalimizin əksəriyyəti bu dəyişikliyi hiss etməyəcək, əksinə, görülmüş tədbirlər nəticəsində vətəndaşların sosial müdafiəsi gələn il daha da möhkəmlənəcək.
Bu, sosial ədalət prinsipidir. İmkanlı, varlı insanlar, böyük evlərə, villalara sahib olan vətəndaşlar daha çox ödəməlidirlər. Kiminsə imkanı azdır və ya məhduddur, yaxud da ki, orta təbəqənin nümayəndələridir, onlara dövlət daim güzəştlər edir. Hətta artırılmış tariflərin səviyyəsi qonşu ölkələrdə mövcud olan tariflərdən bir neçə dəfə aşağıdır. Buna baxmayaraq, yenə də qeyd etmək istəyirəm, biz növbəti addımı ataraq sosial müdafiəni daha da gücləndirmişik”. 
Sosial mahiyyətli dövlətdə ədalət prinsipi məhz bu yolla gözlənilir və bu, Azərbaycanın sosialyönümül siyasətinin daha bir göstəricisdir.

N.NOVRUZ