“Global Services” MMC vətəndaşları necə qazsız qoyur?...ARAŞDIRMA

29 Dekabr 2016 13:35 (UTC+04:00)

“Global Services” MMC vətəndaşları soyuqda qoyur...


Abşeron rayonunda, yeni yaşayış massivində bir müddətdir ki, özünə ev tikən İkram Məmmədov bu qışı soyuqda keçirmək məcburiyyətində qalıb. Səbəb isə, İ. Məmmədovun bu ilin avqust ayından yeni tikdiyi evinə qaz xətti çəkə bilməməsidir. Həmsöhbətimiz deyir ki, qaz çəkilişi üçün ərazi üzrə Qaz İstismar Sahəsinə müraciət etsə də, ona idarənin daha heç kəsə qaz çəkmədiyini bildiriblər: “Mənə dedilər ki, evinə qaz xətti çəkdirib sayğac qoydurmaq üçün “Global Services” MMC şirkətinin nümayəndələri ilə əlaqə saxla. Bu şirkətin nümayəndələrindən birinin əlaqə nömrəsini də verdilər ki, get müraciət elə, evinə qaz xətti çəkdir. Həmin nömrə ilə əlaqə saxladım. Əsas qaz xətti evimizin iki addımlığında olsa da, mənzilə təbii qaz xətti çəkmək üçün şirkətin nümayəndələri bunun mənə 250 manata başa gələcəyini söylədilər. Sual verdim ki, evimin iki addımlığında olan əsas qaz xəttindən mənzilə xətt çəkmək bu qədərmi xərc aparır? Sayğac axı pulsuz qoyulur. Mənə min cür bəhanələr uydurdular. Gah dedilər ki, layihələndirmədə smeta dəyəri bu qədər çıxıb. Usta pulu, mühəndisin mənzilin yerləşdiyi yerə baxış keçirməsi, borunun haqqı və sairə. Üstəlik sayğacın quraşdırılmasına görə ödəniş. Belə məlum oldu ki, dörd otaqlı evə qaz xəttini çəkmək üçün ən azı 250 manat pul lazımdır. O qədər pul tapıb düzəldə bilmədiyimdən, bu qışı soyuqda keçirmək məcburiyyətində qalmışam. Qışın soyuqlu günləri isə hələ qabaqdadır”...
Qeyd edək ki, təkcə Bakı və Abşeronda İ. Məmmədov kimi yüzlərlə vətəndaş yeni tikdiyi mənzilini qazlaşdırmaq baha qiymətə başa gəldiyindən, təbii qaz üzünə həsrət qalıb. Bunu redaksiyamıza vətəndaşlardan daxil olan şikayət xarakterli zənglər də təsdiqləyir. Məlumat üçün bildirək ki, artıq bir neçə ildir ki, fərdi evlərin qazlaşdırılması yeni qayda ilə aparılır. 

Niyə məhz “Global Services” MMC?


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ( ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən “Qazlaşdırma və qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar işlərin satın alınması” üzrə 14 iyun 2012-ci il tarixdə keçirilmiş açıq tenderdə “Birgə iştirak və fəaliyyət haqqında” 15 may 2012-ci il tarixli müqaviləyə əsasən “Global Services” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən təmsil edilən hüquqi şəxslər birliyi (Alyans) qalib elan olunub. Bağlanmış satınalma müqaviləsinə əsasən Azərbaycanın regionlarında yeni qaz xətlərinin çəkilməsi, mövcud qaz kəmərlərində əsaslı təmir və yenidənqurma işlərinin aparılması, qaz təchizatının yaxşılaşdırılması üzrə podrat işlərinin yerinə yetirilməsi hüququnu, məhz bu şirkət-  “Global Services” Məhdud Məsuliyyətli Cəmiyyət əldə edib. Hazırda Bakı və Abşeronda yeni inşa olunmuş fərdi evlərə qaz xəttinin çəkilişini də məhz  “Global Services” MMC və MMC-ə daxil olan Alyans şirkətləri aparır. Apardığımız kişik araşdırma zamanı bəlli oldu ki, fərdi evlərin qazlaşdırılması Dövlət Proqramında nəzərdə tutulmayıbsa, vətəndaş öz vəsaiti hesabına fərdi yaşayış evini qazlaşdırmalıdır. Bu fəaliyyət də yalnız lisenziyası olan tikinti şirkətləri tərəfindən həyata keçirilir. Tikinti şirkətlərinin adlı siyahısı bütün "Asan Xidmət" mərkəzlərinin foyesində var. Həmçinin, yerli qaz istismar sahəsinin giriş hissələrində və ya foyesində həmin şirkətlərin adlı siyahısı asılıb.  Bu siyahıda 45- podratçı tikinti şirkətinin adı, ünvanı və əlaqə vasitələri göstərilib. Həmin nömrələrlə əlaqə saxladıqda fərdi evinə qaz xətti çəkdirmək istəyən vətəndaşa məlumat verilir ki, podratçı şirkətlərlə müqavilə bağlamaq şərt deyil. Ev sahibi ilə tikinti şirkəti arasında razılaşma olduqdan sonra həmin şirkət layihə smeta sənədlərini hazırlayıb "Azəriqaz"a göndərir. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları həmin evə gedərək çəkilmiş qaz xəttinə texniki baxış keçirir, qanunauyğundursa, vətəndaşla müqavilə bağlayıb, sayğaca plombunu vuraraq kartı təqdim edir. Və beləliklə, həmin fərdi ev qazla təmin olunmuş olur. Fərdi yaşayış evi üçün qaz sayğacı "Azəriqaz" tərəfindən pulsuz verilsədə, sayğacın quraşdırılması podratçı şirkət tərəfindən həyata keçirilir. Araşdırma zamanı öyrəndik ki, qaz sayğacının quraşdırılmasının dəyəri  fərdi ev sahibləri ilə podratçı təşkilat arasında qarşılıqlı razılaşma ilə müəyyən edilir. Və, bu xidmət pulludur. Məlumat üçün bildirək ki, hazırda fərdi evinə qaz xətti çəkdirmək istəyən vətəndaş, seçim imkanından məhrumdur. İstənilən halda, baha qiymətə başa gəlsə belə vətəndaş bu işi tenderdə qalib gələn “Global Services”MMC və bu Alyansa daxil olan şirkətlərə gördürməlidir. Çünki, bu fəaliyyəti göstərmək hüququ, yalnız lisenziyası olan şirkətlərdən “Global Services”MMC-ə  verilib.   Qeyd edək ki, “Qazlaşdırma və qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar işlərin satın alınması” üzrə tenderin son mərhələsində 3 şirkət iştirak edib. Bunlar Türkiyənin “Tekfen”, yerli “Olimp mühəndislik” və “Qlobal Services” şirkətləridir. Lakin nədənsə bu xidmətin göstərilməsi  “Qlobal Services” MMC-yə verilib. Beləcə "Azəriqaz" İB "Global Services" ilə podrat mqaviləsi bağladığını təsdiq edib. "Azəriqaz" İstehsalt Birliyinin məlumatına görə, tender keçirilənədək 36 şirkətə təklif göndərib. Amma tender təklifini 7 şirkət qəbul edib. Son tura 3 şirkət qalıb: "Global Services", Tekfen İnşaat və "Olimp mühəndislik". Ən aşağı qiyməti Global Services təklif edib - 1 mlrd 71 mln 63 min. Buna görə şirkətlə müqavilə bağlanılıb və 21 iyulda "Respublika" qəzetində İB-nin elanı verilib.  "Azəriqaz"da məlumat veriblər ki, “Global Services” MMC 45 müxtəlif  yönlü firma və şirkətdən ibarət alyansdır. Podratçı seçiləndə şirkətlərin təcrübəsi ilə yanaşı, müvafiq struktur və institutlardan  sertifikatının olması kimi meyarlar da nəzərə alınıb.  


“Global Services” MMC  öz qiymətlərini diktə edir-Vətəndaşlardan şikayət...


Vətəndaşlar isə bildirir ki, "Global Services" və Alyansa daxil olan şirkətlər fərdi evlərin qazlaşdırılması üzrə səlahiyyət sahibi olandan, bu xidmət qarşılığında öz qiymətlərini diktə edir. Vətəndaşların iddiasına görə, “Global Services” MMC və bu Alyansa daxil olan şirkətlər fərdi evlərin qazlaşdırılmasında “beş manatlıq işi, vətəndaşa on beş manata” görürlər. Vətəndaşların sözlərinə görə, şirkətin əməkdaşlarından bu qiymətin nəyə əsasən və necə hesablandığını tələb edəndə isə tutarlı fakt ortaya qoya bilmirlər. Abşeron rayonunda, yeni yaşayış massivində yenicə yaşamağa başlayan vətəndaş Orucova Məhəbbət deyir ki, “Global Services” MMC-nin nümayəndələri fərdi evə qaz xəttinin çəkilişinin dəyərini dəfələrlə şişirdirlər: “Əvvəllər 62 manat pul ödəyib evimizə qaz xətti çəkdirirdik. Bu şirkət peyda olunandan, qiyməti süni qaldırıb. Beş metr dəmir boru alıb hansı ustaya 20 manat versən qazı çəkib evin içində qızdırıcı cihazı da qoşar. Amma bu şirkətin işçiləri camaatı soymaqla məşğuldur. Qapımızın ağzından keçən qaz xətini evimizin içinə çəkməyə bizdən dünya aləm pul tələb edirlər. Danışan kimi də deyrilər ki, biz tenderdə qalib gəlmişik, lisenziyamız var. Mən bilmirəm, bunlar lisenziya alanda, tenderdə qalib gələndə qiymətlə bağlı üzərlərinə öhdəlik götürməyiblərmi? Yoxsa o sənədlərdə də göstərilir ki, bu şirkət iki addımdan qaz xətini evə çəkməyə vətəndaşa istədiyi qiyməti “oxuya” bilər? ”
Abşeron rayonun yeni yaşayış massivlərindən birində, “Can Təpə” massivində olarkən vətəndaşlarla söhbət zamanı fərdi evlərə qaz xətinin çəkilişinin müvəqqəti saxlanıldığını da öyrəndik. Sakinlər bildirdilər ki, fərdi evlərə qaz çəkilişi aparan şirkətlərdən birinin Sənan Abbasov adlı nümayəndəsi onlara bildirib ki, təmsil etdiyi şirkəti “Global Services”MMC-nin nəzdinə verdiklərindən bir müddət gözləsinlər. Ərazidə bizimlə söhbət edən Tahir Yolçuyev bildirir ki, S. Abbasov ona deyib ki, bundan sonra qaz çəkilişinin qiyməti də bahalaşacaq”.
“Global Services”MMC-nin Abşeron rayonu üzrə Şirazi adlı nümayəndəsi isə Movqe.az saytının əməkdaşı ilə söhbətində bildirib ki, S. Abbasovun təmsil olunduğu şirkət qaz çəkilişi ilə qanunsuz olaraq məşğul olub: “Ola bilər ki, o müştəri yığmaq üçün əraziyə öz əlaqə nömrələrini vurub. Onlar "Az KAT Service" MMC Layihə-Konstruktor Bürosunun əməkdaşlarıdır.  Biz buna neyləyə bilərik? Bizim şirkət vətəndaşların fərdi evlərinə qaz xətti çəkilişini davam etdirir”. 

Araşdırma zamanı bəlli oldu ki, "Az KAT Service" MMC Layihə-Konstruktor Bürosu əvvəllər lisenziya əsasında fərdi evlərə xüsusi avadanlıqlarda içşi layihələrinin, qaz xətlərinin plan və sxemlərinin, topoqrafik xəritələrin hazırlanması, qaz xətlərinin minimal müddətdə çəkilişi, qanuna müvafiq saygacların quraşdırılması, yüksək keyfiyyətli qaz detektorları və kartlarla təmin olunmasın, layihələrin müvafiq dövlət qurumları və digər təşkilatlar ilə razılaşdırılması, eləcə də sənədləşmənin qanuvericilikdə nəzərdə tutulmuş minimal müddətdə həyata keçirilməsi işi ilə məşğul olub. Amma göründüyü kimi, bu şirkət də fərdi evlərə qaz xəttinin çəkişi işindən uzaqlaşdırılıb. 


Fərdi evlərə qaz çəkilişinin layihələndirilməsi niyə bir şirkətin monopolyasında?

Xatırladaq ki, 2016-cı il yanvarın 1-dən etibarən təbii qaz çəkilişi ilə bağlı bütün texniki şərtlər “ASAN" Xidmət mərkəzləri vasitəsilə həyata keçiriliməsi haqda qərar verilib. Bu barədə  jurnalistlərə açıqlama verən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev də bildirmişdi ki, bütün texniki şərtlər “ASAN" xidmət mərkəzləri vasitəsilə həyata keçiriləcək: “Bundan sonra kim evinə, təsərrüfatına və ya müəssisəsinə qaz çəkmək istəyirsə, lazım olan sənədləri toplayıb, birbaşa “ASAN"  xidmət  mərkəzlərinə müraciət edərək, heç bir vəsait ödəmədən təbii qaz çəkilişinə icazə alacaq. Biz eşidirik, bəzən bu məsələ ilə bağlı vətəndaşlardan, iş adamlarından müəyyən vəsait tələb edirlər. Biz bununla ciddi mübarizə aparırıq. Məhz belə hallar yaranmasın deyə, texniki şərtlərin verilməsini “ASAN Xidmət” vasitəsilə həyata keçirməyi qərara aldıq”.

“ASAN Xidmət” çağrı mərkəzindən isə Movqe.az-ın əməkdaşına bildirdilər ki, fərdi evlərə qaz xətinin çəkilişi xidmətinə görə vətəndaşlar, podratçı şirkətlətlərlə əlaqə saxlamalıdırlar: “Yeni qaydalara əsasən fərdi yaşayış evlərinin qaz qurğularının ümumi saatlıq qaz sərfi 10 m3-ə qədər olduqda texniki şərtlərin verilməsi nəzərdə tutulmur. Fərdi yaşayış evlərində quraşdırılan "G-4” tipli qaz sayğacları "Azəriqaz” İstehsalat Birliyi tərəfindən ödənişsiz təmin olunur. Texniki şərt tələb olunmayan fərdi mənzillərə qaz xəttinin çəkilişi isə podratçı şirkətlər vasitəsilə aparılır. Həmin şirkətlərin əlaqə nömrələri və siyahısı bizim Xidmət mərkəzlərinin foyesinə vurulub”.
“ASAN Xidmət”-dən aldığımız cavabdan da görünür ki, vətəndaş  qaz çəkilişi üçün “Global Services” MMC-yə üz tutmalıdır. Halbuki, texniki şərtin alınması üçün ümumi qaydaların 5.2 bəndində göstərilir ki, layihə-smeta sənədlərinin hazırlanması obyektlərin qazlaşdırılması üzrə xüsusi (lisenziya) olan istənilən layihə təşkilatlarına sifariş verilə bilər. "Аzəriqаz” İstеhsаlаt Birliyindən isə bildirdilər ki, fərdi evlərin qazlaşdırılmasının dəyəri fərdi ev sahibləri ilə podratçı təşkilat arasında qarşılıqlı razılaşma ilə müəyyən edilir. İB-nin mətbuat xidmətindən əlavə suallara ancaq rəsmi sorğu vasitəsilə cavab verilməsinin mümkün olduğunu bildirdilər. “Global Services” MMC-dən sorğumuza cavab veriləcəyini bildirdilər. 
 “Global Services” MMC-ə ünvanladığımız rəsmi sorğuya isə hələki cavab ala bilmədiyimizdən onu dərc edə bilmirik. Odur ki, vətəndaşların “Global Services” MMC-nin və onun Alyansa daxil olan şirkətlərindən etdikləri şikayətlərinin haqlı olub-olmadığını araşdırmaq üçün ekspertlərə üz tutduq.  


Smeta sənədi vətəndaşa təqdim olunaraq əsaslandırılmırsa...


Azad İstehlakçılar Birliyinin eksperti, qaz təsərrüfatı üzrə mütəxəssis Nüsrət Qasımov Movqe.az-a açıqlamasında bildirir ki, “Global Services” MMC-nin vətəndaşların hüququnu pozur. N. Qasımov deyir ki, “Global Services” MMC-nin tenderdə qalib gələrək bu xidməti göstərməsi vətəndaşların hüququnu pozmaq demək deyil. Yox əgər “Global Services” MMC tenderdə qalib gələn tək şirkət olduğundan sui istifadə edərək vətəndaşa evə qaz çəkilişinin smeta dəyərini əsaslandırmırsa bu artıq vətəndaşın hüququnun pozulmasıdır: “Öncə qeyd edim ki, “Global Services” MMC və bu Alyansa daxil olan 45 şirkət fərdi evə qaz çəkilişi zamanı mütləq vətəndaşla müqavilə bağlamalıdır. Bundan sonra şirkətin mühəndisi layihələndirmə işi aparmalıdır. Bu zaman fərdi evə qaz çəkilişinin smeta dəyəri çıxarılmalıdır. Layihələndirmə zamanı çıxarılan smeta dəyərinin bir nüsxəsi vətəndaşa təqdim olunmalıdır.  Şirkətin əməkdaşının, mühəndisinin borcudur ki, smetanın nəyə əsasən çıxarıldığını sifariş verən tərəfə, yəni, müştəriyə əsaslandırsın. Yoxsa istər “Global Services” MMC-nin, yaxud da digər törəmə şirkətlərin hüququ yoxdur ki, vətəndaşdan smetanı əsaslandırmamış pul tələb etsin. Vətəndaş pul verirsə, bilməlidir ki, evinə qaz xətti çəkən şirkət ondan bu məbləği nəyə əsasən tələb edir. Bəlkə şirkət qaz xəttinin çəkilişində istifadə etdiyi borunun, yaxud da hansısa dəmir elementin qiymətini bazar qiymətindən dəfələrlə baha hesablayır.Yaxud da, sayğacın quraşdırılması üçün işçi qüvvəsinin qiymətini süni şişirdir. Bu artıq maxinasiya hesab olunur. Və istehlakçının hüququnun pozulması kimi qiymətləndirilməlidir”.


"Mütləq qaz xəttini çəkən şirkətlə vətəndaş arasında müqavilə bağlanılmalıdır..."

Həmsöhbətimiz deyir ki, vətəndaşın haqqı var ki, bu zaman həmin şirkətdən İqtisadiyyat Nazirliyi yanında  Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etsin: “Eyni zamanda vətəndaşın bu məsələ ilə bağlı şikayətinə “Azəriqaz” İstehsalat Birliyi də baxmalıdır. Çünki, belə halda vətəndaş “Azəriqaz” İB-nin tenderdə qalib olaraq müqavilə bağladığı şirkət tərəfindən aldadılmış olur. Həmin şirkət isə sözsüz ki, fərdi evlərə qaz çəkilişi və sayğaclaşdırma ilə bağlı tenderdə qalib olarkən istehlakçılara dürüst və keyfiyyətli xidmət göstərməklə bağlı “Azəriqaz” İB qarşısında üzərinə öhdəlik götürür”.
N. Qasımov deyir ki, ümumiyyətlə  istər “Global Services” MMC-nin, yaxud da digər törəmə şirkətləri mütləq vətəndaşla fərdi evə qaz çəkilişi zamanı müqavilə bağlamalıdır. Bu müqavilərə şirkətin və vətəndaşın hüquq və vəzifələri öz əksini tapmalıdır: “Vətəndaş şirkətə evə qaz çəkilişinə görə pul ödəyir. O müqavilədə göstərilməlidir ki, vətəndaşdan pul nə üçün tələb olunur. Sabah vətəndaşın hüququ pozulanda, əlində o müqaviləni əsas tutaraq məhkəməyə və yaxud aidiyyatı qurumlara  müraciət etməlidir”.
N. Qasımov bildirir ki, hazırdı halda istər “Global Services” MMC-nin, yaxud da digər törəmə şirkətlərin vətəndaşa smeta sənədini verməməsi, oradakı qiymətləri əsaslandırmaması qanunsuzdur və istehlakçı hüququnun pozulmasıdır: “Bəlkə smeta sənədində mühəndis bir metr borunun qiymətini 100 manatdan hesablayıb, bu zaman istehlakçı məcbur deyil ki, smetada göstərilən məbləği ödəsin. Bir məsələni də qeyd edim ki, sayğac pulsuz olmaqla yanaşı, evin divarına qədər qaz xətinin çəkilişinə sərf olunan vəsait də dövlət tərəfindən ödənilir. Bu zaman sual çıxır ki, istər “Global Services” MMC-nin, yaxud da Alyansa daxil olan şirkətlət 200-300 manatı vətəndaşdan nəyə əsasən tələb edirlər. Həmin şirkətin layihələndirmə zamanı çıxarılan smetadan bir qəpik də artıq vətəndaşdan pul tələb etmək haqqı yoxdur. Əgər bunu edirlərsə, istehlakçının hüququnu pozmuş olurlar.  İstehlakçı da haqlıdır ki, həmin şirkətdən aidiyyatəı qurumlara, məhkəməyə müraciət estin”. 
Qeyd edək ki, hazırda tenderdə qalib gələn şirkətlərin müqavilə öhdəliyini pozması ilə bağlı məsələlərə nəzarəti, İqtisadiyyat Nazirliyi yanında  Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti həyata keçirir.

 “Global Services” MMC gələcəkdə tenderdə iştirak hüququndan məhrum oluna bilər

 

Dövlət satınalmaları üzrə ekspert Hafiz Babalı Movqe.az-a açıqlamasında bildirib ki, vətəndaşların fərdi evlərə qaz çəkili ilə zamanı  smeta dəyərinin “Global Services” MMC və Alyansa daxil olan şirkətlər tərəfindən şişirdilməsi barədə şikayəti varsa, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu məsələni araşdırmalıdır. “Global Services” MMC və Alyansa daxil olan şirkətlər tərəfindən  müqavilənin yerinə yetirilməsində pozuntular aşkarlanarsa, bu şirkətə xəbərdarlıq edilərək, istehlakçının hüququ müdafiə edilməlidir. H. Babanlı deyir ki, əgər vətəndaşların fərdi evlərə qaz çəkili zamanı  smeta dəyərinin “Global Services” MMC və Alyansa daxil olan şirkətlər tərəfindən şişirdilməsi barədə şikayətlər çox olarsa, həmin şirkət gələcəkdə etibarsız mal göndərənlərin siyahısına düşməklə tenderdə iştirak etmək hüququndan məhrum edilə bilər: “Tenderdə elan edən qurumun əlində tutarlı fakt varsa, əgər həmin qurumun tenderində iştirak edən hansısa şirkət müqavilə öhdəliyini yerinə yetirə bilməyibsə, müqavilədə ciddi pozuntulara yol veribsə, həmin qurumun səlahiyyəti var ki, onun növbəti tenderdə iştirakına icazə verməsin”.

ARDNŞ tenderləri öz satınalma təlimatlarına uyğun aparırsa...


Apardığımız araşdırma zamanı bəlli oldu ki, Dövlət Neft Şirkətinin keçirdiyi tender barədə İqtisadiyyat Nazirliyi yanında  Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə hesabat vermir. Həmçinin ARDNŞ tenderi özünün satınalma ilə bağlı təlimatlarına uyğun aparır. Və bu barədə hesabat verilmir... ARDNŞ-ın keçirdiyi tenderlərlə bağlı hesabat gizli saxlanılsa da, aşkar olunan bir şey var. O da bu qurumun tenderində qalib olaraq müqavilə bağlayan şirkətlərin vətəndaşların hüququnu pozması, onlarla müqavilə bağlamayaraq fərdi evlərə qaz xətttinin çəkilməsi istədiyi müddətə, istədiyi qiymətə reallaşdırmasıdır. Yazını aidiyyatı qurumlara ünvaladığımız sorğuya cavab aldıqdan sonra da davam etdirəcəyik. 

Zülfiyyə QULUYEVA