Nazir: Novruz bayramı üçün mehmanxanalarda yerlərin əksəriyyəti bron edilib

29 Dekabr 2016 15:33 (UTC+04:00)

Novruz bayramı ərəfəsi üçün artıq ölkənin mehmanxanalarında yerlərin əksəriyyəti bron edilib.

Movqe.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə prezidentinin sərəncamı ilə yaradılan Turizm Şurasının ilk iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, prezident son bir neçə ayda turizm sahəsində bir çox sənədlər imzalamaqla bu sahənin inkişafına təkan verib.

Nazir qeyd edib ki, strateji yol xəritəsində həyata keçiriləcək tədbirlər sayəsində Azərbaycanda turizm iqtisadiyyatın vacib sahələrindən biri olacaq.

Ə.Qarayev əlavə edib ki, Turizm Şurası ölkənin turizm sahəsinə real töhfə verəcək.

O qeyd edib ki, yeni Milli Turizm Təbliğat Bürosunun yaradılması nəzərdə tutulur: "Hazırda Azərbaycanın tanınması üçün müxtəlif layihələr keçirilir. Amma bu layihələr ayrı-ayrılıqda götürülmüş konkret bir sahəni əhatə edib. Artıq turizm reklamı sahəsi üzrə marketinq və təbliğat işləri də bu büro tərəfindən həyata keçiriləcək".

Nazir əlavə edib ki, yanvarın 10-dan "Asan xidmət" vasitəsilə yeni viza rejimi tətbiq olunacaq.