İsmayıllıda son durum
25 Yanvar 2013 10:48 (UTC+04:00)
Ötən gündən vəziyyətin gərginləşdiyi İsmayıllı rayonunda hazırda
sakitlikdir. ANS PRESS-in rayondakı əməkdaşının verdiyi məlumata
görə, İcra Hakimiyyətinin ətrafı və mərkəzi küçələr təhlükəsizlik
qüvvələrinin nəzarətindədir. İcra Hakimiyyətinin yaxınlığında polis
avtobusları və xüsusi maşınlar dayanıb. Küçələrdə sakinlər gözə
dəymir. Ötən axşam saat 22.00-adək gündəlik qayğıları ilə məşğul
olan sakinlər o saatdan sonra evlərinə çəkiliblər.
APA-nın məlumatına görə, bir neçə saat əvvəl edilən sonuncu aksiya
cəhdi zamanı saxlanılaraq rayon polis şəbəsinə gətirilən şəxslərdən
bəziləri sərbəst buraxılıblar.
Bir qədər əvvəl baş vermiş aksiya cəhdi zamanı müxtəlif dərəcəli
xəsarət almış 8 nəfər İsmayıllı Mərkəzi rayon Xəstəxanasına
gətirilib. Onlar 1992-ci il təvəllüdlü Rəhimov Xəyal Balayar oğlu,
1971-ci il Abbasov Vüqar Həsən oğlu, 1971-ci il təvəllüdlü Həsənov
Nəriman Həsən oğlu, 1981-ci il təvəllüdlü Nuriyev Nahir Yaqub oğlu,
1980-ci il təvəllüdlü Məmmədov Elvin Əvəz oğlu, 1992-ci il
təvəllüdlü Məmmədli Pünhan İlham oğlu, 1965-ci il təvəllüdlü
Talıbov Məhərrəm oğlu və 1996-cı il təvəllüdlü Rəsulov Cahangir
Cəfər oğludur.
Həkimlərin bildirdiyinə görə, onların xəsarətləri ağır deyil. Rayon
xəstəxanasından və yerli polisdən insidentlər zamanı ölüm
hadisəsinin baş verməsi ilə bağlı yayılan məlumatlar təkzib olunub,
bunların həqiqətə uyğun olmadığı bildirilib.
Yerli müxalifətçilərin verdiyi məlumata görə, dünən gecə və bu gün
sabah saatlarında ətraf rayonlardan və Bakıdan rayona gəlmiş siyasi
partiya fəallarının da əksər hissəsi rayon ərazisini tərk edib.