Qiyamçılar hakimiyyətin bir vertolyotunu vurublar

25 Yanvar 2013 10:54 (UTC+04:00)

Suriyadakı son qarşıdurmalarda yüzdən artıq insan ölüb.

Qiyamçılar Hələbin Cisr-Əsan bölgəsində Hələb beynəlxalq hava limanının yaxınlığında hakimiyyətin bir helikopterini vurublar. Azad Suriya ordusunun Əttovhid batalyonunun sərkərdəsi Əbdulqadir Salehin sözlərinə görə, vurulan helikopteri idarə edən üç təyyarəçinin cəsədi onların ixtiyarındadır və onlar cəsədlərin hakimiyyət qüvvələrinin əsirliyində olan qiyamçılarla mübadiləsini planlaşdırırlar.

Bu arada yerli əlaqələndirmə komitələri son qarşıdurmalarda yüzdən artıq insanın həlak olduğunu bildirir. Bu qarşıdurmaların əksəriyyəti Dəməşq ətrafı bölgələr və Hums vilayətində baş verib.

Bildirək ki, hakimiyyət hərbi əməliyyatlarını əsasən Dir-əzzur, Dəra, Hələb, Dəməşq ətrafı bölgələrdə davam etdirir.