Postsovet məkanı dollardan imtina edir

30 Dekabr 2016 19:00 (UTC+04:00)

Gürcüstan parlamenti əmlak və mənzillərin satışı vaxtı onların reklamlarının xarici valyutalarda realizə olunmasını qadağan edən qanun layihəsinə baxacaq. Bu təşəbbüs milli valyutanın möhkəmləndirilməsi planının tərkib hissəsidir. Belə ki, hazırda Gürcüstanda daşınmaz əmlak bazarında bütün sövdələşmələr xarici valyutalarla aparılmaqdadır. O cümlədən, avtomobil satışlarından tutmuş xaricə istirahət üçün turizm agentlikləri tərəfindən təklif edilən "putyovkalar" belə dollarla göstərilir. Qanundakı yeni düzəlişlərə görə, "Gürcüstanın milli bankı haqqında"kı bölmədə yeni punkt olacaq: "Gürcüstan ərazisində əmlakların satışı, xidmət, reklam və s. hallarında yalnız laridən istifadə ediləcək". 

Xatırladaq ki, bundan əvvəl Qazaxıstan və Qırğızıstan da eyni addım atıb. Bu isə postsovet məkanında dollardan istifadənin mərhələli şəkildə məhdudlaşması anlamına gəlir. Qeyd edək ki, dollardan imtina məsələsi son zamanların aktual mövzusuna çevrilib. Lakin mütəxəssislərin bunun heç də deyildiyi qədər asan olmayacağını düşünürlər. İqtisadçı-ekspert Cəfər İbrahimli bildirdi ki, əksər ölkələrdə rəsmi hesablaşmalar milli valyuta ilə aparılır: “Bəzi ölkələrin xarici valyutada hasablaşmaların aparılması xarici investorların məzənnə fərqi ödəmədən dönərli valyutalarla əməliyyat aparılmasında rahatlıqların təmin edilməsi üçün edilmiş ola bilər. Yerli biznesdə xarici valyutada mal və xidmətlərin hesablaşmasının aparılması yerli valyuta üzərində dəyər itkisi baxımında basqı yaratması mümkündür. Bu mənada xarici valyuta hesablaşmalarının məhdudlaşdırılması yerli valyutanın dəyərinin qorunmasına hesablanmış ola bilər. Bunu isə birmənalı qaydada ABŞ dollarından imtina kimi dəyərləndirmək doğru olmazdı”. 

Digər iqtisadçı-ekspert Afiq Ağaquliyev hesab edir ki, bu cür addımlar ilk öncə həmin ölkənin yaxın zamanlarda növbəti devalivasiyaya uğrayacağı amillərin çox olmasından xəbər verir: Ölkə daxilində dəyəri daha çox olan əmlakların satışını yəni bazar qiymətini yerli valyuta ilə formalaşdırmağa çalışırlar ki, gələcəkdə bazar qiymətlərinin daha yüksək olması narazılıq doğurmasın. Ancaq postsovet ölkələrinin dollar valyutasından mərhələli şəkildə imtina etməsi üçün yeni iqtisadi siyasi düşüncələri əsas gətirərək gələcəkdə daha çətin iqtisadi böhranla üzləşməyəcəyinə əmin olmalıdırlar”.
Mübariz BAYRAMOV