22 yanvar 2013-cü il tarixində Fransanın qərbində yerləşən Brest şəhər cinayət məhkəməsi Türkiyənin "Ocean Jasper" gəmisinin Fransanın "Sokalique" balıqçı gəmisi ilə toqquşması barədə hökm çıxarıb.
Hadisə 17 avqust 2007-ci il tarixində Fransanın qərbində
yerləşən Finister departamenti sahillərində baş verib.
Bununla yanaşı, "Ocean Jasper" yük gəmisi toqquşmadan sonra batan
gəmiyə kömək etmədən hadisə yerindən qaçıb. "Sokalique" gəmisi
kapitanla bərabər batıb, qalan 6 balıqçı xilas olub.
Məhkəmənin qərarına görə toqquşma 75% "Ocean Jasper"in təqsiri
səbəbindən baş verib.
Gəminin kapitanı və ikinci köməkçisi - hər ikisi Azərbaycan
vətəndaşı olan 63 yaşlı Rafiq Ağayev və 42 yaşlı Əziz Mirzəyev
qiyabi olaraq gəmilərdə komanda vəzifələri tutmalarına ömürlük
qadağa qoyulmaqla 3 və 4 il müddətinə həbs cəzasına məhkum
ediliblər. Müttəhimlər məhkəmə prosesində iştirak etməyib. Onların
hər ikisi gizlənir və 2011-ci ilin mayından beynəlxalq axtarışa
verilib.